KÖŞƏ

Vəli İlyasov

"Xor kapellası"na "Rossiya-24" də qoşuldu

27 oktyabr 2022 02:55
1098

Rusiya efir məkanında Azərbaycana qarşı böhtan yağdıran "xor kapellası"na  daha bir televiziya kanalı da qoşulub. Ermənilərin ruporu kimi tanınan “Birinci kanal” və “Komsomolskaya Pravda“ qəzetindən sonra Azərbaycanın ərazi bütövlüyünü daim təhdid edən dezinformasiya qrupuna “Rossiya-24” telekanalı da daxil olub.

Bu günlərdə kanalın efirində gedən 4 dəqiqəlik süjetdə yenə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı Vaşinqton sənədi müzakirəyə çıxarılıb. Həm də yenə yalnız erməni əsilli ekspertlərin iştirakı ilə. Bu dəfə erməni əsilli rusiyalı ekspert Semyon Baqdasaryanın və İrəvandan olan üzdəniraq siyasi şərhçi Ayk Xalatyanın iştirakı ilə Rusiyanın dövlət kanalının efirində Qarabağın Azərbaycanın tərkibində qalmasının mümkünsüzlüyü barədə şivən qoparılıb. "Alov"lu çıxış edən siyasət dəllalları Vaşinqtonun bu təklifinin qətiyyən Ermənistanın maraqlarına cavab vermədiyini söyləyiblər.

Süjetdə Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin guya Ermənistanın milli maraqlarına uyğun olmadığı, Azərbaycanın heç bir güzəştə getmədiyi, Qarabağın Azərbaycanın tərkibində qalacağı təqdirdə ölkəmizinn guya erməni əhalini etnik təmizləməyə uğradacağı kimi təxribatçı fikirlər səsləndirilib.

Bundan başqa, süjetdə Vaşinqton sənədinə müvafiq olaraq Bakı və İrəvanın Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasını müzakirə edə biləcəkləri qeyd olunub. “Həmin sənəddə Azərbaycanın suverenliyinin xatırladılması əsas qərarların Bakı tərəfindən qəbul olunacağına dəlalət edir. Baxın, bu da Vaşinqtonun əli...”, - deyə kadrarxası mətndə süjetin müəllifinin təxribatçı fikirləri qeyd olunub.

Bütün bunlarla bərabər, “Rossiya-24” kanalı Ermənistan əhalisini qorxutmağı da unutmayıb. Həyəcanla bildirilib ki,  “Sülh sazişi imzalanacağı təqdirdə Ermənistan əhalisi Azərbaycan və Türkiyə ilə üzbəüz qalacaq. Bunun harası sülh müqaviləsi oldu?”

Erməni dəyirmanına su tökənlər şər-böhtan yağdırarkən özlərinə sual verməyiblər ki,  yüz ildən çoxdur Türkiyə və Azərbaycan istər Rusiyaya, istərsə də Ermənistana hansı hücumları ediblər, hansı ziyanları vurublar və ya hansı torpaq iddiaları irəli sürüblər? Bu suala da cavab vermək lazımdır. Əksinə, Rusiya çarları və Sovet hakimiyyəti Türkiyəni düşmən elan ediblər, Azərbaycanın qədim torpaqlarında isə Ermənistan dövləti qondarıblar. Bu bəs etmirmiş kimi, ayrı-ayrı dövrlərdə Ermənistanın ərazisini Azərbaycanın digər ərazilərinin hesabına daha da genişləndiriblər. İndi ittiham olunası kimlərdir?

Sözügedən süjetdə Zəngəzur dəhlizinə də toxunulub. Narahatlıqla bildirilib ki, dəhliz açılandan sonra Ermənistanın Qərbyönümlü Paşinyan hakimiyyəti Brüssel və Vaşinqtonun dəstəyi ilə Gümrüdəki Rusiya hərbi bazasının məqsədəuyğunsuzluğunu və Ermənistanın KTMT-dən çıxması məsələsini qaldıra bilər. Bəyəm Ermənistanın buna haqqı çatmır? Bunun harası təəccüb doğurur, Ermənistan öz daxilində başqa dövlətin hərbi bazasının qalmasını istəmir. Buna ixtiyarı yoxdurmu?

Süjetin sonunda müəllif Vaşinqton tərəfindən təklif olunan sənəddə Ermənistan üçün güzəştin qeyd olunmadığını vurğulayıb və “Bu sənəd erməni xalqına, yoxsa Paşinyan hökumətinə lazımdır?” sualı ilə müraciət edib. Müəllifə "bu, sizi niyə bu qədər narahat edir" sualı da var.

Azərbaycanın Rusiyaya nota verməsi artıq səbr kasasının dolmasından xəbər verir.