KÖŞƏ

Vəli İlyasov

Niyə gəldi, hara getdi...

07 oktyabr 2022 01:58
1167

Kağız üzərindəki ATƏT-in Minsk qrupu...

Adını eşidəndə hamının üzünü yana çevirdiyi bu qurum özü-özünü gözdən saldı. "Nə ət, nə də balıq" kimi tanınan həmsədrlər iki ölkə arasında buqələmun kimi gedib-qayıtmaqla məşğul oldu və olan-qalan nüfuzunu da "kayb" etdi. Sadə azərbaycanlılar onların mənası və nəticəsi olmayan səfərləri barədə gülməcələr yaratdılar, "yenə kababtirovkaya gəliblər"-dedilər. Mövcud olduğu iyirmi səkkiz il müddətində heç olmasa bir dəyərli təklif irəli sürməyən Minsk qrupunun həmsədrləri bizim üçün qiymətli olan vaxtı əlimizdən aldılar. Halbuki keçən cəmi iki il müddətində Azərbaycan işğaldan azad etdiyi bölgələrdə xeyli tikinti, bərpa və abadlıq işləri görmüş, məcburi köçkünlərin bir qisminin öz doğma yurdlarına qayıtmasına zəmin yaratmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev bir çox çıxışlarında bu qurumun fəaliyyətsizliyini, təcavüzkarı müdafiə etdiyini pisləmişdi.

"BMT, ATƏT və bu kimi digər mühüm beynəlxalq təşkilatların erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxmasına dair qətnamə, qərar və bəyanatlar qəbul etməsinə baxmayaraq, bütün bunlar 30 ilə yaxın kağız üzərində qaldı. Bu müddət ərzində Ermənistana heç bir sanksiya tətbiq olunmadı."

Bu sözləri isə Prezident İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında söyləyib.

Beynəlxalq ictimaiyyətin Azərbaycanda yaşanan humanitar fəlakətə laqeyd yanaşdığını vurğulayan dövlətimizin başçısı xatırladıb ki, ATƏT-in Minsk qrupunun həmsədrləri işğal edilmiş ərazilərə dəfələrlə səfər edib, şəhərlərin və kəndlərin kobud şəkildə dağıdılmasının şahidi olublar. Onlar ermənilərin bu ərazilərdə qeyri-qanuni məskunlaşdığını görüb, lakin Ermənistanı qınamayıblar. “İndi isə biz Minsk qrupunun yenidən canlandırılması səylərini görürük. Təbii ki, biz bunu dəstəkləyə bilmərik. Çünki onlar öz mandatları çərçivəsində heç nə etmədilər. Onların etdiyi yeganə şey bir yerə qədər nail olduğu erməni təcavüzünü qanuniləşdirmək və təcavüzkarla təcavüzün qurbanı arasında bir növ balans yaratmaq oldu”, – deyə Azərbaycan Prezidenti əlavə edib.       

Otuz il müddətində Azərbaycan xalqının əsəblərini gərginləşdirən ATƏT-in həmsədrləri indi hansı üzlə Qafqaz regionuna ayaq basmaq istəyir, təəccüblüdür. Xalqlara demokratiya dərsi keçən həmsədr ölkələr təcavüzkarı cilovlamaq gücündə deyillərsə, onda niyə özlərini ortaya atırlar? Onların ildən-ilə uzatdıqları münaqişəni Azərbaycan Ordusu cəmi 44 gün ərzində həll edibsə, indi Minsk qrupu həmsədrlərinin ortaya düşmək istəmələri "toydan sonra nağara" məsəlini xatırladır.

Azərbaycanda heç siyasətdən-filandan baş çıxarmayan sadə bir insan da həmsədrlərin qayıtması haqqındakı söz-söhbətə rişxəndli gülüşlə cavab verir. Yəni, iki ildir ki, onları nəinki Azərbaycanda, heç Qafqazda belə görməyi arzulamırlar.