Sevinc Azadi |
Məlum olduğu kimi, Laçının Zabux kəndində qanunsuz məskunlaşan erməni ailələrinin köçü davam edir. Gəldikləri kimi də geri qayıdan ermənilər bir neçə gündür ki, onlara edilən xəbərdarlığa baxmayaraq, vandallıqlarını davam etdirirlər. Sosial şəbəkələrdə erməni ailənin evini yandırması videosundan sonra, bu dəfə də Laçın meşələrinə od vurmalarını əks etdirən görüntülər yayılıb. İşğal dövründə Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Şuşa meşələrini yandırmaqla kifayətlənməyən ermənilər, indi də Xocalı və Laçın ərazisindəki meşə ərazilərini yandırır, ətraf mühitə qəsdən zərər vururlar. Həmçinin, Laçın və Zabuxdan çıxan ermənilər kilsələrdəki xaç daşlarını, qəbrüstü abidələri sökərək, habelə saxtalaşdırdıqları muzey eksponatları, kitabxana fondlarını da özlərilə aparmağa cəhd edirlər. Bu da 30 illik işğal dövrü ərzində Qarabağda daşı daş üstündə qoymayan ermənilərin son anda da öz vandal əməllərindən qalmadığının növbəti əyani sübutudur.
Baş verənləri Zabuxdakı erməni icmasının rəhbəri Andranik Çavuşyan da etiraf edərək iki gün öncə “sakinlər”dən birinin öz evini yandırdığı faktını təsdiqləyib. O, “Hraparak”a qəzetinə müsahibəsində deyib ki, həmin şəxs 28 ildir orada yaşayırdı. İcma rəhbərinin sözlərinən belə məlum olur ki, evini yandıran şəxs azərbaycanlılara hədsiz nifrətindən bunu edib. Andranik Çavuşyan hazırda kənddə təxliyə işləri aparıldığını, bir neçə ailənin artıq Zabuxu tərk etdiyini söyləyib. O, köçmək üçün həm Ermənistan dövləti tərəfindən, həm də ayrı-ayrı imkanlı şəxslər tərəfindən sakinlərə maşın ayrıldığını da qeyd edib.
“Artıq bir neçə ailə gedib. Bəziləri əşyaları daşıyır, yenə qayıdır, bəziləri isə gedib. İndi biz Hayk Xanumyanı (Qarabağ separatçılarının “ərazi idarəetmə və infrastruktur naziri”-red.) gözləyirik. O, Ermənistandadır. Gəlsin görək yeni nələr deyəcək”. “Kənddə evləri yandırmaq niyyətində olan başqa adamlar varmı” sualına icma başçısı “bilmirəm” deyə cavab verib.
“Hraparak” qəzeti onu da qeyd edib ki, Laçında qanunsuz yaşayan ermənilər gələn həftə Moskvada gözlənilən üçtərəfli görüşə ümid bəsləyirlər. Onlar təxliyə tarixinin daha 1-2 ay gecikdirilməsi ilə bağlı razılığın əldə oluna biləcəyini gözləyirlər. Laçındakı ermənilər arasında belə xəbərlər dolaşır. Qeyd olunur ki, Qarabağdakı separatçı rejim kommunikasiya problemini həll etmək üçün vaxt qazanmağa çalışır. Söhbət “Laçın dəhlizi” boyunca uzanan qaz kəmərinin, elektrik və internet xətlərinin Laçından yan keçən yeni yola daşınmasından gedir. Çünki Xankəndini Ermənistanla birləşdirən yeni yol istifadəyə veriləndən sonra “Laçın dəhlizi” Azərbaycan tərəfinin nəzarətinə keçəcək ki, o zaman da kommunikasiya xətləri ermənilər üçün əlçatmaz olacaq.
Xatırladaq ki, Azərbaycan tərəfi ermənilər qarşısında qanunsuz yaşadıqları Laçın şəhəri, rayonun Zabux və Sus kəndlərini avqustun 25-dək tərk etmək tələbi qoyub. Ermənistan mediasının yaydığı məlumatlarda qeyd edilir ki, hazırda Laçındakı üç icmada (Laçın şəhəri, Zabux və Sus kəndləri) ümumilikdə 100-ə yaxın ailə, 350 nəfər yaşayır. Adıçəkilən icmaların əhalisinin yalnız 10-15 faizi Qarabağda məskunlaşmaq arzusundadır, əksəriyyət Ermənistana köçmək istədiyini deyib.
Artıq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində işğaldan azad edilmiş Laçın şəhərinə və rayonun Zabux, Sus kəndlərinə yerli sakinlərin qayıdışının təşkili ilə əlaqədar Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası ilə bağlı tədbirlər görülür. Dövlət başçısının tapşırığına əsasən, keçmiş məcburi köçkünlərin həmin yaşayış məntəqələrinə qayıdışa hazırlanması bu gün qarşıya qoyulan mühüm vəzifələrdəndir. Ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış Laçın şəhəri, həmçinin Zabux və Sus kəndləri sakinlərinin - doğma yurda qayıdacaq ailələrin sayının dəqiqləşdirilməsi, onların sosial vəziyyətinin və məşğulluq imkanlarının qiymətləndirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi, əhali arasında məlumatlandırma, təbliğat işlərinin aparılması, köçürülmənin texniki-təşkilati məsələlərinin həlli və digər vəzifələrlə əlaqədar işlərin sürətləndirilməsi barədə struktur bölmələrinə tapşırıqlar verilib. Dövlət Komitəsində, həmçinin Laçın sakinlərinin bir qrupu ilə görüş keçirilib. Onlar ölkə rəhbərinin müsahibəsini dinlədikdən sonra böyük sevinc hissi keçirdiklərini, doğma yurda qayıtmağa hər an hazır olduqlarını bildiriblər.