KÖŞƏ

Vəli İlyasov

Zabuxlular doğma yurda qalib kimi qayıdacaqlar

17 avqust 2022 02:59
1334

Bu həmin Zabuxdur ki, məğlub olan general Andronik oradan arvad paltarında qaçmışdı

"Qisas" antiterror əməliyyatı nəticəsində Laçın rayonunun mərkəzi və bir neçə kənd, o cümlədən Zabux erməni təcavüzkarlarının qalıqlarından da tamamilə təmizlənir. Bir neçə gündən sonra oralarda erməni iyi və izi qalmayacaq. Otuz il məcburi köçkün həyatı yaşayan əhali doğma yurda dönəcəyi məqamı həyəcan və sevinclə gözləyir. Aidiyyəti dövlət strukturları köçürmə ilə əlaqədar məsələləri müzakirə etməyə başlayıb. Bununla bağlı Laçın Rayon İcra Hakimiyyəti başçısının Zabux inzibati ərazi vahidi üzrə nümayəndəsi Elsevər Əliyev açıqlamalar verib.

O bildirib ki, Zabux inzibati ərazi vahidi 4 kəndi əhatə edir. Bunlar Zabux, Sus, Qızılca və Bəylik kəndləridir. Bu kəndlərin heç birində işğaldan əvvəl heç vaxt erməni əhalisi yaşamayıb. Ermənilər o kəndlər 1992-ci ildə işğal olunduqdan sonrakı illərdə qanunsuz olaraq məskunlaşdırılıblar: “Həmin kəndlərin ərazisində VII-VIII əslərə aid azərbaycanlılara məxsus tarixi abidələr var idi. Abidələrin demək olar ki, hamısını vandal ermənilər dağıdıb məhv ediblər. Ermənilər Zabuxda və digər kəndlərdəki azərbaycanlılara məxsus evləri söküblər. İndi oradan köçürlər. Hələ ki, həmin evləri yandırdıqları barədə məlumatlar olmasa da, lakin köçərkən sökdükləri evlərin qapı-pəncərələrini  apardıqları barədə informasiyalar var. Bizə torpağımız lazımdır. Bizim camaat doğma kəndlərimizə qayıtmaq istəyir və qayıdacaq. Şübhəsiz ki, kəndlər bizə təhvil verildikdən sonra müvafiq qurumlar ərazidə, evlərdə mina olub-olmadığını da araşdıracaqlar”.

İcra nümayəndəsi onu da qeyd edib ki, keçən ayın statistikasına görə, 4 kənddən ibarət Zabux kənd nümayəndəliyinin əhalisi 489 ailədən - 1652 nəfərdən ibarətdir: “Bu əhali 1992-ci ildəki erməni işğalından sonra Azərbaycanın 33 rayonunda məskunlaşıb. Daha çox məskunlaşma Bakı şəhərində, Abşeron, Ağcabədi və Bərdə rayonlarındadır”.

“Zabuxda qanunsuz məskunlaşmış ermənilər Azərbaycan vətəndaşlığını qəbul edib orada yaşamaq istəsələr, Zabuxun yerli əhalisinin buna münasibəti necə olar?” sualına icra nümayəndəsi belə cavab verib: “Məncə, heç kim bunu yaxşı qarşılamaz. Çünki əvvəla, ermənilər Zabuxda qanunsuz məskunlaşıblar. İşğaldan öncə Zabuxda erməni yaşamayıb. Hansısa erməni Azərbaycan vətəndaşlığını qəbul edərsə, onu ermənilərin kompakt yaşadığı ərazilərimizə yerləşdirmək olar”.

Bəli, icra nümayəndəsi düzgün fikirləşir. Bir zamanlar sığınacaq verdiyimiz ermənilər havadarları ilə birləşərək Azərbaycan ərazilərində Ermənistan dövləti qondarmadılarmı? Dişləri şirəyə batanlar bunun üstündən heç yetmiş il keçməmiş ikinci erməni dövləti quraşdırmağa başlamadılarmı? Buna görə Azərbaycan xalqına faciələr, müsibətlər, soyqırımılar yaşatmadılarmı? Gözəl şəhərlərimizi, kəndlərimizi yandırıb külünü göyə sovurmadılarmı? Hansı vəhşilik qalıb ki, ermənilər onu da bizə qarşı etməsinlər? Bütün bunlar bizə bir dərsdir. O dərsdə bizə qətiyyətlə deyilir ki, əlli, yüz il də sonra ermənilərə inanıb etibar etməyin.

Bu həmin ermənidir ki, 1919-cu ildə Sultan bəyi şirnikdirərək ona çoxlu qızıl vəd edən başkəsən cəllad Andronik Ozanyan Zabuxdan keçib Şuşaya girmək və orada bütün azərbaycanlıları qətliam etmək istəyirdi. Qatil generalın sonrakı planı azərbaycanlıları qıra-qıra Bakıya qədər getmək idi. Lakin həvəsi qursağında qaldı...Laçın hakimi Sultan bəy qardaşı, Qarabağın general-qubernatoru Xosrov bəy Cavanşirlə birlikdə həmin Zabux dərəsində general Andronikə keçilməz tələ qurdular. Qulağıkəsik general beş minlik muzdlu ordusu ilə asanlıqla bu tələyə düşdü. Dərədəki mühasirədə gülləbaran edilən ordudan cəmi altı-yeddi nəfər salamat qurtara bilmişdi. Onlardan biri də Andronik idi. Deyilənə görə, Andronik arvad paltarı geyinərək mühasirədən çıxmışdı ki, tanınmasın və həm də bilirdi ki, azərbaycanlılar qadınlara toxunmurlar. Həmin biabırçı məğlubiyyətdən sonra Andronik əvvəlcə Fransaya, oradan da Amerikaya qaçmışdı. Kaliforniya ştatının Fesko şəhərində isə bir erməni mübahisə zəminində dəmirlə onu vurub öldürmüşdü.

Gənc nəsil bilsin ki, Zabuxlular həmin qəhrəmanların-Sultan bəylərin, Xosrov bəylərin nəvə-nəticələridir. Zabux camaatı 103 il əvvəlki kimi doğma yurda yenə də qalib kimi qayıdacaq.