KÖŞƏ

Vəli İlyasov

Fransada "yoğrulan xəmir..."

11 iyun 2022 00:45
1505

Deyəsən, o, hələ çox "su" aparacaq

İrəvanda daşnakların və revanşist qüvvələrin keçirdikləri kütləvi aksiyalarda qarşıdurma, əlbəyaxa döyüş və zorakılıq halları hər gün artır. Aksiyanın müəllifləri olan Koçaryan-Sarkisyan-Ohanyan üçlüyü rəhbərlik etdikləri cinayətkar qrupları hökumət qüvvələri ilə əlbəyaxa davaya, zorakılıq metodları ilə mübarizəyə təhrik edirlər. Onlar bilərəkdən kütlə ilə polis arasında qanlı toqquşma yaratmaq üçün hər çirkin vasitəyə əl atmaqdan belə çəkinmirlər. Artıq bu barədə Ermənistan mediasında ətraflı məlumatlar yayılır, həmçinin bir sıra erməni siyasətçilər də açıq bəyanat verirlər. Belə görünür ki, təhrikçi qüvvələr üçün soydaşlarının qanının axıdılması heç bir əhəmiyyət kəsb etmir. Ölkədə idarəolunmaz xaosun yaranması üçün radikal revanşistlərin polisə və ya digər hökumət qüvvələrinə qarşı hətta odlu silahlardan istifadə etməyə hazırlaşdıqları barədə xəbərlər yayılır. Vəziyyətin gündən-günə dramatikləşdirilməsi buna dəlalət edir. Əgər deyilənlər həyata keçirilərsə, Ermənistanda vətəndaş müharibəsi ssenarisinin işə düşməsinə və bu ssenarinin baş nazir Nikol Paşinyanı devirməyə hədəfləndiyinə şübhə yeri qalmaz.

Bu ilin aprelindən başlayan vətəndaş itaətsizliyi aksiyaları zamanı nəhayət,  ilk dəfə olaraq polis bir neçə gün əvvəl aksiyanı dağıtmaq üçün qulaqbatırıcı və gözqamaşdırıcı qumbaralarından istifadə edib. Çünki etirazçılar iki aya yaxındır ki, inad göstərərək hər gün asyişi pozur, paytaxt İrəvanı İflic vəziyyətə salırlar. Hiss olunur ki, hökumətin səbri tükənir, demokratiya deyilən nəsnəni bir yana qolazlayıb aqressiv tədbirlərə əl atır. Ermənistan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, sonuncu mitinqdən və oradakı dartışmalardan sonra tibb məntəqələrinə 60 nəfər xəsarət alan müraciət edib. Onlardan 39-u polis əməkdaşı olub. Belə görünür ki, daşnaklar və revanşistlər tədricən hökuməti zorakılıq meydanına çəkməyə nail olmaqdadırlar. Bununla bərabər,  radikal müxalifətçilər aksiya və yürüşlərdə Azərbaycan əraziləri ilə bağlı qızışdırıcı çağırışlar da edirlər.  

İndi hamını bir sual düşündürür: Revanşist müxalifət, xüsusilə "Qarabağ klanı" meydana silahlı dəstə çıxara bilərmi?

Məlumdur ki, Ermənistandakı proseslər kənardan idarə olunur. O da faktdır ki, 44 günlük müharibədən sonra Azərbaycanın möhtəşəm qələbəsi regionda yeni reallıqlar yaradıb və bölgəyə marağı olan qüvvələrin də buna uyğun olaraq münasibətlərində ciddi dəyişikliklər baş verib. Qələbəmizədək bəzi xarici güc mərkəzləri Azərbaycana təzyiqlər edərək güzəştlərin vacibliyini iddia edirdilərsə, artıq belə təzyiqlər də, belə tələblər də demək olar ki, yoxdur. Bu isə Moskvadakı ermənipərəst dairələri ciddi narahat edir.  Onlar Cənubi Qafqazda təşəbbüsün artıq Qərbin  və Türkiyənin ələ keçirməsindən əndişələnirlər. Bunu Moskvadakı ermənipərəst dairələr anlayır və öz mövqelərini əldən verməmək üçün əlaltılarını pozucu planlarla dövrəyə buraxırlar. Bunun üçün onlar ipə-sapa yatmayan baş nazir Nikol Paşinyanı vətəndaş müharibəsi ilə təhdid edirlər. Eyni zamanda, İrəvandakı aksiyalar ölkədə vətəndaş itaətsizliyinə və xaos yaradılmasına hesablanıb.  Bir qədər praqmatik düşünən ermənilər artıq anlamağa başlayırlar ki, Ermənistanın bundan sonrakı dövrdə Azərbaycan və Türkiyə ilə qarşıdurması dəhşətli faciə ilə nəticələnə bilər və oyuncaq Ermənistan dövləti xəritədən silinər. Lakin heç nəyi gözə almayan,  xarici ağalarının diktəsi ilə hərəkət edən daşnaklar və revanşıstlər hələ də Moskvanın ətəyindən bərk yapışıblar. Onlar düşünürlər ki, Rusiyadakıların bölgədə yeni yaranmış situasiyanı dəyişmək istəyi mövcuddur və Moskvadakıların bu marağı Ermənistanda Paşinyanı hətta vətəndaş müharibəsi bahasına olsa da hakimiyyətdən salmağı qaçılmaz edə bilər. Bu səbəbdən  də mümkün olan qədər ölkəni daxildən qarışdırmaq və idarəolunmaz vəziyyətə salmaq planını işə salıblar. Qaragüruhçular guya göstərmək və sübut etmək istəyirlər ki, Paşinyanın baş nazir olduğu müddətdə Ermənistanda anarxiya və xaos qaçılmazdır, ölkə tənəzzüldən yaxa qurtara bilməz.

Bugünlərdə Ermənistanla bağlı müzakirə edilən Qazaxıstan variantı da nəzərdən keçirilə bilər. Amma Ermənistana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilarının (KTMT) silahlı qüvvələrinin yeridilməsi ağlabatan variant deyil. Bu, Qərblə KTMT-nin qarşıdurmasına gətirib çıxarar. Digər tərəfdən, Qərblə açıq qarşıdurmaya getməyi heç ermənilər də istəməzlər. Onların hansı hərbi və ya siyasi gücləri var ki, belə hərəkət etməyə cürət etsinlər? Əgər bu variant baş tutsa Ermənistan üçün intihar kimi bir şey olardı. Digər tərəfdən, hər nə qədər də olsa KTMT dövlətləri Rusiyanın düşdüyü indiki gərgin vəziyyəti görür və özləri üçün müəyyən nəticələr çıxarırlar.

Sakitləşmək bilməyən xarici ermənipərəst dairələr öz emissarlarının əli ilə Moskvadan canını qurtarmağa çalışan Nikol Paşinyana təzyiq göstərməyi davam etdirirlər. Məqsədlərinə müəyyən mənada nail olurlar. Çünki aksiyalar Azərbaycan və Ermənistan arasında yaranmaqda olan  sülh prosesinə öz mənfi təsirini göstərir. Vaxt uzanır. Ancaq belə süni maneələrin sülh prosesini uzun müddət əngəlləyə biləcəyi real deyil. Çünki yorulmuş və bezmiş Ermənistan toplumu yeni müharibə və narahatlıq istəmir, buna görə də etirazçılara dəstək vermir. İndi müharibə partiyaları Ermənistanda boykot olunmuş vəziyyətdə olsalar da davakar niyyətlərindən və planlarından əl çəkmək fikrində deyillər. Hər gün daha gərgin xarakter alan hadisələrin gedişi göstərir ki, bu "xəmir" hələ çox su aparacaq, yəni, ya lələ şələni basacaq, ya da şələ lələni. Qoy itin dişi, tülkünün dərisi olsun!