KÖŞƏ

Vəli İlyasov

Nikol, cəhənnəmə yaxşı yol!

06 may 2022 01:36
1264

Bunu etiraz aksiyalarına qalxan azğınlaşmış revanşistlər deyir

Məlum olduğu kimi, mayın 3-də axşam saatlarından etibarən Ermənistanın müxalifət qüvvələri baş nazir Nikol Paşinyanın istefası tələbi ilə İrəvanın Fransa meydanında növbəti mitinqlərə başlayıblar. 

Etiraz aksiyası yerli informasiya portalları tərəfindən canlı yayımlanır, mətbuat hadisələri müxtəlif istiqamətlərdən şərh edir. Etirazçıların sıralarında eks-vəzifəlilər də görünməkdədir. Onlar ilk növbədə hökumətin fəaliyyətini iflic etməyə, qarşı tərəfin hərəkətlərini bloklamağa çalışırlar.  "Aksiyalarımızın iştirakçılarının sayı artır. 30-dan çox küçəni bağlaya bildik. Hansı küçə və meydanların açılıb-bağlanacağına xalq qərar verir. Meydandan gələn zəngləri eşidəndən sonra bizə ölkənin digər bölgələrində də vətəndaşlar qoşuldu. Polis 250-dən çox adamı saxlayıb. Amma onların əksəriyyəti artıq bizimlədir". Bu sözləri müxalifətdən olan parlamentin vitse-spikeri İşxan Saqatelyan söyləyib.

Bundan əvvəl Ermənistan polisinin qanuni tələblərini yerinə yetirməkdən imtina etdiyinə görə 220-dən çox adamın hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.

Bazar günü axşamdan etibarən müxalifət tərəfdarları zibil konteynerlərindən və küçələrdəki skamyalardan barrikadalar, həmçinin çadırlar qurduqları Fransa meydanını bağlayıblar. Bazar ertəsi səhər etirazçılar İrəvanın mərkəzi küçələrini bağlamağa başlayıblar. Çərşənbə axşamı aksiyalar İrəvanda və ölkənin digər bölgələrində də davam edib. Etirazçılar Paşinyanı devirmək üçün Qarabağdakı separatçı hərbi qüvvələri İrəvana gətirirlər. Bu günlərdə Kəlbəcərlə sərhəd xəttində və Martuni rayonunda silahlı təxribatlar Rusiya sülhməramlılarının gözləri qarşısında baş versə də lazımi tədbirlər görülmür.

ASALA erməni terror təşkilatının üzvü, bədnam başkəsən Ambik Sasunyanın etirazçılar arasında görünməsi ciddi mətləblərdən xəbər verir. Qeyd edək ki, Ambik Sasunyan 80-ci illərdə Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı qətlə yetirməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib. O, 2021-ci ildə həbsdən azad edilib və Ermənistana köçüb.  İrəvanda saxlanılan ASALA terrorçusu Ambik Sasunyan sərbəst buraxılıb. Göründüyü kimi, etirazçıların arası hər cür yaramaz ünsürlərlə doludur.

Aksiyalarda iştirak edən revanşistlər hətta baş nazir Paşinyanın fiziki cəhətdən məhv edilməsini tələb edirlər. Onlardan biri bağıraraq “Nikol, cəhənnəmə yaxşı yol!” deyib. Son məlumata görə, azğınlaşmış revanşistlər polisə güc göstərib parlament binasını ələ keçirməyə qərar veriblər. Onlar ölkənin hər yerindən daha çox əhalini  köməyə çağırırlar.

 Paşinyanın tərəfdarları isə müxalifətin bu iğtişaşlarını xaricin sifarişi olduğunu bildirirlər. Onlar iddia edirlər ki, həmin xarici qüvvələr Paşinyanı Qərbpərəst siyasətinə görə cəzalandırmağı planlaşdırıblar. Həmin qüvvələr Azərbaycanla sülh müqaviləsinin imzalanmasını əngəlləmək, Türkiyə ilə münasibətlərin yaxınlaşmasının qarşısını almaq və Ermənistanı yeni siyasi avantüralara cəlb etmək məqsədi ilə qəti hərəkətə keçiblər. Hiss olunur ki, kənardan idarə olunan kütlələr Paşinyanın hakimiyyətə gəldiyi ssenarini təkrar etmək niyyəti güdürlər. Bir çox siyasətçilər və politoloqlar bildirirlər ki, indiki aksiyalarda keçmiş prezidentlər Robert Koçaryanla Serjik Sarkisyanın barmaqları var. Məqsəd Paşinyanı hansı yolla olursa-olsun hakimiyyətdən uzaqlaşdırmaq və “Qarabağ klanı”ndan olan bu iki şəxsdən birini hakimiyyətə gətirməkdir. Burada qarşıya bir sual çıxır: Paşinyanı dəstəkləyən Qərb buna imkan verəcəkmi? Bu sualı heç kəs müsbət cavablandırmır. Bəzi siyasətçilər isə bu “çevriliş aksiyaları”nı Paşinyanın özünün hazırladığı bir oyun adlandırırlar. Onlar Paşinyanın oyununu okeanın o tayından Co dayının tapşırığı ilə oynadığını da iddia edirlər. Ancaq bu, inandırıcı deyil, çünki Qərb Brüssel görüşünün nəticələrindən narazı deyil. Bütün bunlara baxmayaraq yaxası bir neçə əldə qalan baş nazir  Paşinyan həm Azərbaycanla bağlanmalı olan sülh müqaviləsinin uzanması üçün bəhanə tapır, həm də Qərbdəki ağalarına mesaj verir ki, arxamda möhkəm durun, məni devirə bilərlər. Başqa versiyalar da var, ancaq yaxın günlərdə başıpozuq ermənilərin hansı ssenarini oynadıqları aşkar olacaqdır.