KÖŞƏ

Vəli İlyasov

“Çəkmə, yaxam cırıldı”

28 aprel 2022 01:57
1694

Yaqublu cəbhəçilərə “istiotlu sıyıq bişirdi”

Bizim başabəla müxalifət eşələndiyi bataqlığının içində qarşıdurma, intriqa, qrup maraqları naminə “çabaları” ilə “məşhuri-cahan” olub. İctimaiyyətin gözündə “birlik” görüntüsü yaratmağa çalışsa da, reallıqda ciddi fikir ayrılıqları, “çəkmə, yaxam cırıldı” oyunu, kreslo uğrunda süpürləşmələri, hətta məişət səviyyəsinə enən didişmələr bu qrupun köhnə mərəzidir. Artıq xalqın heç vaxt onları dəstəkləməyəcəyini və “yapdıqlarının” bir qara quruşa dəymədiyini bilən bu siyasət dəllalları dedi-qoduları ilə qeybət müxalifətinə çevriliblər.

Müsavat Partiyasının üzvü, həm də təmsil olunduğu partiya “Milli Şura”dan çıxsa da, Əli Kərimlinin de-fakto əlində saxladığı qurumda qalan Tofiq Yaqublunun yayılan səs yazısı müxalifətin daxilində qeybət əhval-ruhiyyəsinin hökm sürdüyünü təsdiqləyir. T.Yaqublu məlum səs yazısında Əli Kərimli və Gültəkin Hacıbəylinin arxasınca danışır, onlara qarşı ciddi ittihamlar irəli sürür. O, Əli Kərimlini nəzərdə tutaraq deyir: “...Müsavatın tarixini təftiş edir ki, filan tarixdə İsa Qəmbər belə elədi, arxamızdan bıçaq sancdılar. Əli Kərimli Elçibəy hakimiyyətinin devrilməsinin, onun impiçmentinin qərar layihəsini hazırlamış adamdır, indi Müsavatın tarixini təftiş edir. Və yaxud Gültəkin xanım Müsavat belə, elə.. ironiya, kinayə. Ay Gültəkin xanım, səndən heç kim heç nə demir axı. Siz indiki bu halda niyə köhnə şeyləri qabardırsınız?”

Yaqublunun bu şikayəti kimə etdiyi bəlli deyil, güman ki, həmsöhbəti ya Müsavat Partiyasının üzvlərindən biridir, ya da qrup daxilində gizli şəkildə ona dəstək verən Cəmil Həsənli. Başqası da ola bilər. Bunu aydınlaşdırmaq çətin olsa da mövcud gerçəklik, müxalifət daxilində kəskin qarşıdurmanın, fikir ayrılığının olduğunu ortaya çıxarır.

Xatırladaq ki, Yaqublu və Əli Kərimli dəstəsinin düşmənçiliyi təkcə Müsavat-AXCP davası deyil, həm də şəxsidir. Dəvə kimi kinli olan Əli Kərimli keçmiş illərdə müsavatçıların cəbhəçilərə qurduqları tələləri unuda bilmir və qisas hissi daim onu nələrəsə təhrik edir. Xatırladaq ki, Müsavat Partiyası “Milli Şura”dan çıxandan sonra partiya daxilində narazılıqlara baxmayaraq, Tofiq Yaqublu qrupda qaldı. Başqalarına tor toxumaqda mahir olan Əli Kərimlinin Tofiq Yaqublu ilə bağlı məkrli planı vardı: onu Müsavat başqanlığına gətirmək, partiyanı yenidən “Milli Şura”ya qaytarmaq və de-fakto öz nəzarətinə keçirmək.

Vurğulayaq ki, Müsavat başqanlığına son seçkilərdə Yaqublu namizədlərdən biri idi və onun əsas dəstəkçilərin müsavatçılar yox, cəbhəçilər olması da təsadüfi deyildi. Lakin arzuları qursaqlarında qaldı, Yaqublu başqan seçilmədi. Daha sonra Yaqublunun Milli Şuranın sədri olması məsələsi gündəmə gəldi. Bu təklifi qrupun hazırki sədri Cəmil Həsənli özü irəli sürmüşdü. Həsənlinin planı bununla Əli Kərimlinin “mütləq hakimiyyəti”nə qarşı çıxmaq, AXCP-yə “əzələ nümayiş” etdirmək idi. Bununla bərabər, Cəmil Həsənlinin Əli Kərimlinin de-fakto rəhbərliyindən bezdiyi haqqında da məlumatlar gəzirdi. Yaqublunun sədrlik məsələsi gündəmə gələn kimi cəbhəçilər ona qarşı piar kampaniyasına başladılar. Nəticə etibarilə məsələ reallaşmasa da, Yaqublu və Kərimli arasında “soyuq müharibə” başlandı. Həm də başlandı, nə başlandı. Görünür, münasibətlər o həddə çatıb ki, Yaqublu artıq dözə bilmir. Gültəkin Hacıbəyli də həmişə olduğu kimi, güclü olanın tərəfini tutmaqla Tofiq Yaqublunun “quyruğunu tapdalamış” oldu ki, sonuncu ilə araları dəydi.  Tofiq Yaqublunun səs yazısı bunu bir daha sübut etdi.

Yaqublunun dedikləri həm də Əli Kərimlinin Elçibəyə qarşı məlum xainliyinin yeni detalını da üzə çıxarır.
Deyilənlərdən belə məlum olur ki, Elçibəyə qarşı impiçment hazırlanıbmış və bu işə Əli Kərimli rəhbərlik edib. AXCP sədri bu məsələyə aydınlıq gətirməlidir. Bunu başqası yox, “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu deyir. Yaqublu bu dəfə “bişirdiyi sıyığa” bilərəkdən istiot da qatıb, ona görə də cəbhəçilərin qışqırığı bərk çıxacaq.

Bir sözlə, ölkəmizdə özünü müxalifət elan etmiş bu şəxslərin “birliyi” Andrey Krılovun məşhur təmsilindəki balıq, xərçəng və ördəyin “birliyi”nə oxşayır, yəni arabanı hərəsi bir tərəfə çəkir. Lakin araba durduğu yerdən tərpənmir…