KÖŞƏ

Vəli İlyasov

Bu, heç xortlayan ölüyə oxşamır

22 aprel 2022 00:56
977

Siyasətdən xəbəri olmayan sadə adamlar ATƏT-in rəhmətlik Minsk qrupu haqqında belə bədgüman danışırlarsa, gör onda bu biçarə qrup nə gündədir. Artıq vaxtilə bu “şayka”ya daxil olanların öz nümayəndələri indi utandıqlarından qurumun adını belə çəkmirlər. Məlum olur ki, bir qədər əvvəl onlar “həmsədrlər” sözünü yığışdıraraq “həmsöhbətlər” sözü ilə əvəz etmək istəsələr də, bu da alınmadı. Çünki onların hər üçünün sözü və əməli bir-birinə qətiyyən düz gəlmirdi. Onların getdikləri eyni istiqamətdə bir-birinə atdıqları badalaq İvan Krılovun məşhur təmsilindəki ördək, balıq və xərçəngin hərəsinin bir istiqamətə çəkməsini xatırladır.

Azərbaycanın artıq mövcud olmayan Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir rolu olmayan həmsədrlər sonda özləri özlərinin “fəaliyyət”lərinin bir qara qəpiyə dəymədiyini və faktiki olaraq heç nəyə qadir olmadıqlarını sübut etdilər. Onların Azərbaycana iyirmi doqquz il ərzində etdikləri mənasız və nəticəsiz səfərləri xalq arasında “yenə kababtirovkaya gəliblər” deyə istehza doğururdu. Artıq məlum olur ki, iyirmi doqquz il yalançı monitorinqlər apararaq əslində lağlağılıq edənlər bizi deyil, özlərini dolayırmışlar.

İndi beynəlxalq vəziyyətin qarışıq olması, Rusiya-Ukrayna müharibəsi keçmiş həmsöhbətləri bir-birinə salışdırıb. Orada mənafelər necə toqquşubsa saxta münasibətləri cilik-cilik olub və yamamaq da mümkün deyil. Özü də elə salışdırıb ki, hətta ikisinin zəhləsi getdiyi Minsk şəhərinin adını belə çəkməkdən iyrəndirir. Aralarına düşən nifaq o dərəcədə kəskinləşib ki, onların bir yerə cəmləşməsi daha mümkün deyil və buna görə də de-fakto olaraq “şayka” dağlıb və özləri özlərini buraxıblar. Artıq ABŞ nümayəndəsi və Rusiya təmsilçisi özlərini heç yerdə “həmsədr” kimi təqdim etmirlər. Onlardan nümunə götürən Fransa isə daha da “irəli gedərək” öz nümayəndəsinin səfəri ilə bağlı Azərbaycan tərəfinə təqdim etdiyi müraciətdə “həmsədr” kəlməsini işlətməyi belə caiz bilməyib. Əvvəllər Qarabağla əlaqəli məsələlərdə yaxalarını cırıb həmsədr olduqlarını gözə soxmağa çalışanlar indi bu sözə ikrah hissi ilə yanaşırlar. “Şayka”-qurum dağılandan sonra orada təmsil olunan üç dövlətin rəsmiləri Azərbaycanla bağlı məsələlərə münasibətlərini özəl şəkildə bildirirlər. Məsələn, Rusiya xarici işlər naziri bu məsələ ilə bağlı rəhbərlik etdiyi qurumun nümayəndəsi olduğunu bildirdi. ABŞ və Fransa nümayəndələri isə Ermənistana o miskin ad altında deyil,  tam fərqli statusda səfər etdilər. Bir sözlə, Minsk “şayka”sı  “razborka”dan sağ çıxmadı və fatihəsi oxundu.

Nəhayət, haqq-ədalət öz yerini tutub, iş elə gətirib ki, əvvəllər ədaləti müxtəlif istiqamətlərə çəkənlər indi Azərbaycanın haqlı mövqeyini təsdiq etməli olublar. Atalarımız gözəl deyiblər ki, “Örkən nə qədər uzun olsa da, axır doğanaqdan keçəcəkdir.” Haqq nazilsə də üzülmədi...