KÖŞƏ

Vəli İlyasov

Qarabağın və Şərqi Zəngəzurun yaşıl çətirini necə bərpa etməliyik?

20 aprel 2022 02:59
1264

Otuz illik işğal dövründə  ərazilərmizin düşmən tapdağı altında olan 20 faizində yerləşən tarixi, mədəni-dini abidələrimiz,  hətta bu illər ərzində Qarabağın təbiəti ekoloji terror nəticəsində tamamilə məhv edilib. İşğal dövründə Azərbaycanın 261 min hektar meşə sahəsi ermənilərin vandalizm cinayətlərinə məruz qalıb. Göz oxşayan təbiəti, dağları, bulaqları, yaşıllığı, səfalı yerləri ilə seçilən Qarabağı və Şərqi Zəngəzuru yerlə-yeksan edən ermənilər otuz il ərzində orada bir ədəd də olsun ağac əkməyiblər. Vətən müharibəsindəki Zəfərdən sonra da bütün dünya bunu gördü. Ermənilərin təkcə əhalimizə qarşı deyil, ekologiyamıza da vəhşilik etdiklərinin şahidi oldu. Müharibədən dərhal sonra isə Prezident İlham Əliyevin göstərişi ilə ermənilərin ekologiyaya vurduqları ziyanın aradan qaldırılmasına, minaların təmizlənməsinə, yaşıllıqların salınmasına başlanıldı.

Qarabağda növbəti ağacəkmə aksiyalarından biri də bir neçə gün öncə Zəngilanda keçirildi. Ancaq bu kampaniya sosial mediada geniş müzakirələrə səbəb oldu, hətta tənqid edənlər də var idi. Səbəb isə işğaldan azad olunan digər ərazilərimizdə olduğu kimi, Zəngilanda da başdan-başa yalnız şam ağaclarının əkilməsi göstərilir. Qeyd edilir ki, bar verməyən, sərin kölgəsi olmayan və ən əsası, ərazinin təbiətinə yad olan “yolka” ağaclarının yerinə daha faydalı və həmin ərazinin təbiətinə uyğun ağaclar əkilməlidir. Həmçinin bildirilir ki, şam ağaclarının yağlı qozaları meşə yanğınları zamanı yanğının sürətlə böyük əraziyə yayılmasına səbəb olur. Buna misal olaraq ötən ilin yayında baş verən Türkiyədəki böyük yanğınlar göstərilir. Nəticədə qardaş ölkə sonradan meşələrin bərpası zamanı başqa ağaclara, əsasən də zeytuna üstünlük verdi.

Bildiyimiz kimi,  hər bir ərazinin özünəməxsus təbii şəraiti, ab-havası, özəl xüsusiyyətləri var. Ona görə də bunlar  Qarabağda meşələrin bərpası və yeni meşələrin salınması zamanı mütləq nəzərə alınmalıdır. Həm də belə böyük ərazinin yalnız şam ağacları ilə yaşıllaşdırılması yeknəsəklik gətirərdi. Təbii ki,

şam ağaclarından başqa ənənəvi olaraq Kəlbəcər, Zəngilan zonasında, Böyük və Kiçik Qafqaz dağları ərazilərində tarixən mövcud olan ağac növləri əkilə bilər:  Ancaq iqlimin dəyişməsi, getdikcə artan istiləşmə prosesi burada nəzərə alınmalıdır və suya az tələbatı olan ağaclar əkilməlidir. Çünki bunlar süni meşələrdir, təbii deyil. Məsələn, Ağdam ərazisi ilə Zəngilan və Kəlbəcərin ərazisi tamamilə fərqlidir. Kəlbəcərdə bitən meşə ağacları və kol bitkiləri Ağdamda bitməz. Buna görə də əvvəl ərazi təhlil olunmalı, keçmişdə hansı ağacların olduğu müəyyənləşdirilməli, onların daha çox əkilməsinə üstünlük verilməlidir.

 Əsas məsələ ondan ibarətdir ki, biz ilk növbədə ətraf mühiti düşünməli, ekologiyanı qorumalıyıq. Yeni ağacların əkilməsi də önəmlidir. Azərbaycan torpaqlarında yetişə bilən bütün ağaclar əkilə bilər. Yetər ki, planlı şəkildə əkilsin və qorunsun. Endemik yerlərə məxsus qədim bitki növləri var ki, onlar Zəngilan ərazisində və Şərqi Zəngəzurun bölgələrində bitirdi. Ancaq işğal dövründə ermənilər onların kökünü kəsdi. Hazırda həmin ağac növlərinin bərpasına çalışılmalı, daha çox yerli ağac növləri əkilməlidir. Çünki ağacların və kolların alışdığı şərait var. Ermənilər Zəngilanda çinar meşələrini məhv ediblər. Çinar uzunömürlü ağacdır, ancaq ermənilər yüz illərlə yaşı olan ağacları qısa müddətdə kəsib yandıraraq ekologiyamıza ciddi zərər vurublar. Palıd , cökə və fısdıq ağaclarından mebel istehsal edərək Avropa bazarlarında baha qiymətə satıblar. Bu baxımdan  həmin məhv edilən çinar, palıd, göyrüş, cökə, qoz, fısdıq və palıd  ağaclarının bərpası prosesi aparılmalıdır.

Hələ qədim əsrlərdə Azərbaycanda ipəkçiliyin əsas bazalarından biri Qarabağın olduğu məlumdur. Vaxtilə həmin ərazilərdə baramaçılıq inkişaf edib və bu ənənə davam etdirilsə yaxşı olardı. Bunun üçün isə tut tinglərinin əkilməsi məqsədəuyğun olardı. Çünki gələcəkdə həmin ağaclar ipəkçiliyin inkişafı üçün təsərrüfatlara lazım olacaq. Əgər belə olsa əhalinin böyük bir hissəsinin barama bəsləmək imkanı yaranar və məşğulluq artar. Ekoloqlarımız və kənd təsərrüfatı mütəxəssislərimiz və meşəçilərimiz də bunun vacib olduğunu xüsusi qeyd edirlər. Qeyd etməliyik ki, barama bəsləməklə həm ipəkçilik inkişaf edəcək, həm də külli miqdarda pul qazanmaq imkanı yaranacaq.  Beləliklə, “bəsləsək atlas olacaq tut yarpağından...”