Sevinc Azadi |
Son 30 ilin proseslərinə diqqət yetirsək görərik ki, ən ali qurumlar belə əksərən Ermənistana özəl sevgi, Azərbaycana qarşı isə laqeydlik, qərəz, ən yaxşı halda isə susqunluq nümayiş etdiriblər
Son vaxtlar qlobal və regional güclər arasında artan ixtilaflar beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyəti daha da kəskinləşdirib. Bütün dünyada və bölgədə gedən mənfi proseslərə baxmayaraq Azərbaycanın inkişafı, həyata keçirilən mühüm tədbirlər bu gün ölkəmizi regionda və dünyada söz sahibinə çevirib. 2020-ci ildə qazandığımız möhtəşəm Zəfər, Prezident İlham Əliyevin regionda yaratdığı yeni geosiyasi reallıq Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsinə səbəb olub. Eyni zamanda, dünyanın ikili standartlara əsaslanan siyasəti fonunda Azərbaycan möhkəmlənən mövqeyi ilə regionda və dünyada yeni ab-hava formalaşdırır. Möhtərəm Prezidentimiz İlham Əliyevin istər Vətən müharibəsi, istərsə də postmünaqişə dövründə xalqa müraciətlərində, xarici və yerli mətbuata müsahibələrində, həmçinin işğaldan azad edilmiş ərazilərimizə səfərlərində səsləndirdiyi bəyanatlar, çağırışlar sırasında dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlər əsas yer tutur. Böyük güclər özəl maraqlarından, ayrı-ayrı beynəlxalq qurumlar özlərinə sərf edən aspektlərdən çıxış edir, heç nədən çəkinmədən, açıq-aşkar ikiüzlülük göstərirlər. Bir çox hallarda milli, dini və irqi ayrı-seçkilik qeyri-obyektiv yanaşmaların özəyini təşkil edir, – desək, heç də yanılmış olmarıq. Bu mənada dünyanın Azərbaycana və Ermənistana – BMT üzvü olan bərabər hüquqlu iki dövlətə yanaşması özünün ikili xarakteri ilə təəssüf doğurur. Son 30 ilin proseslərinə diqqət yetirsək, görərik ki, ən ali qurumlar belə əksərən Ermənistana özəl sevgi, Azərbaycana qarşı isə laqeydlik, qərəz, ən yaxşı halda isə susqunluq nümayiş etdiriblər.
Azərbaycanın işğal edilmiş ərazilərinin dərhal və qeyd-şərtsiz boşaldılması ilə bağlı BMT-nin 4 qətnaməsinin olmasına baxmayaraq, həmin sənədlər onilliklər boyu adi kağız parçası kimi bir kənara atılmış, tələblərin yerinə yetirilməməsi heç kimi narahat etməmişdir. Hətta qətnamələrin icrasına birbaşa cavabdeh olanlar da buna son dərəcə etinasız yanaşmışlar. Münaqişənin həlli ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransa əksər hallarda erməni təəssübkeşliyi “nümunəsi” göstərmiş, işğalçı ilə işğal olunanı eyni səviyyədə tutmuşlar. Böyük güclərin tərəfkeşlik etdikləri ölkələrə dair ən adi məsələlərdə sərgilədikləri reaksiya az qala bəşəri faciə kimi gündəmə gətirildiyi halda, Azərbaycanın haqq işinə biganəlik göstərilmişdir.
Prezident İlham Əliyev aprelin 12-də cari ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə bu məsələlərə xüsusi diqqət çəkdi. Bildirdi ki, ədaləti, beynəlxalq hüququ arxa plana keçirib məsələyə öz maraqlarından yanaşan dünya gücləri Azərbaycana qarşı ikili standartlara son qoymalı, ölkəmizin yaratdığı yeni reallıqlarla barışmalıdırlar: “İndi Qarabağda ermənilərin yaşadıqları yerdə qaz xətti nasaz vəziyyətə düşmüşdür və bir müddət qaz yox idi. Dünyaya hay-haray qaldırmışdılar ki, Azərbaycan burada humanitar fəlakət törədir. Naxçıvan qazını onlar 15 il kəsib belə vəziyyətdə saxlamışdılar. Naxçıvanda isə qış daha sərtdir. Haradasa şaxta mənfi 30 dərəcəyə çatır. Yaxşı, naxçıvanlılar 1990-cı ildən 2005-ci ilə qədər qazsız yaşamışlar. Kim məhrum etmişdi onları? Ermənilər və Ermənistan rəhbərliyi, Ermənistan dövləti. Bir adam, bir təşkilat, bir ölkə səsini qaldırmışdı? Yox! Biganə idilər. Amma bir həftə Xankəndidə qaz olmayanda adam qalmayıb ki, bizə zəng etməsin - Amerikadan tutmuş Avropaya qədər. Birincisi, Avropanın özündə elə ölkələr var ki, orada qaz yoxdur, ümumiyyətlə, yoxdur, qazlaşdırma aparılmayıb. İndi mən ad çəkmək istəmirəm. Elə ölkələr var ki, qazlaşdırmanın səviyyəsi 3-5 faizdir. Orada humanitar fəlakət hökm sürür? Bunlar bir həftə qazsız qalıblar, bu, humanitar fəlakətdir? Bəs, Naxçıvan 15 il qazsız qalanda niyə humanitar fəlakət deyildi. Sualdır bu. Bu suala cavab var? Var! İkili standartlar və ayrı-seçkilik”.
Artıq Xankəndiyə “mavi yanacağ”ın verildiyini deyən ölkə başçısı burada yaşayanların Azərbaycan vətəndaşları olduğunu və onların Azərbaycan bayrağı altında yaşamalı olduqlarını bir daha diqqətə çatdırdı: “Biz indi qazı bərpa etmişik və ermənilər bunu qiymətləndirməlidirlər. Biz, sadəcə olaraq, xoş niyyət göstərmişik. İstəməsəydik, bərpa etməzdik. Kim bizə söz deyə bilər? Biz borclu idik onu bərpa etməyə? Yox! Bərpa etdik, ümid edirik, onlar da anlayacaq ki, Azərbaycan vətəndaşlarıdır və onlar Azərbaycan bayrağı altında yaşamalıdırlar və yaşayacaqlar. Bunu nə qədər tez başa düşsələr, onlar üçün o qədər yaxşı olacaq.”
Bir sözlə, regionun bütün iqtisadi infrastruktur layihələri Azərbaycanın nəzarətindədir. Yəni, burada yaşayan ermənilər Ermənistan və Rusiyanın yardımlarına möhtac olmaqdansa, mənsub olduqları Azərbaycanın bir parçası olub, digər vətəndaşlarımız kimi sülh və əmin-amanlıq şəraitində yaşaya bilərlər. Ermənistan hakimiyyəti və xalqı Azərbaycanın suveren ərazisini onun əlindən almaq üçün hər hansı cəhdlərdən, “Arsax müstəqil dövlətdir” tipli hər cür utopik frazalardan, bütün boş və cəfəng sözlərdən imtina etməlidirlər. Onlar, sadəcə, özlərini və bütün dünyanı aldatmaq və orada yaşayan insanları çaşdırmaq cəhdlərindən əl çəkib mövcud reallıqla barışmalıdırlar.