Vəli İlyasov |
Öz qövmünün başına əngəl-kələf olan ermənilər yüz illər boyu bizə toxuduqları torlara özləri düşüblər. Artıq on yeddi aydır ki, həmin torların birindən xilas olmamış digərinə düşürlər. Vəziyyətdən çıxa bilməyən Ermənistan adəti üzrə Azərbaycan barədə dezinformasiyalar yaymaqda davam edir. Həmin “rəngarəng” yalan informasiyalardan biri də guya son vaxtlar Azərbaycanın Xankəndiyə təbii qaz verilişinin dayandırılması ilə bağlıdır. Bəri başdan qeyd edək ki, bu məlumatın heç bir əsası yoxdur. Həmişə qondarma işlərdə, öz çirkin əməllərini bizim üstümüzə atmaqda, quyruqlu yalanlar uydurmaqda mahir olan ermənilər həmin təxribatları da özləri törədiblər.
Timsahvari göz yaşları axıdan ermənilər Xankəndiyə gələn qazı kəsməklə guya Azərbaycanın orada yaşayan əhalini hədəfə alması və sıxışdırması görüntüsünü yaratmağa çalışırlar. Əslində düşmən ölkə bununla beynəlxalq aləmə mesaj verir ki, guya tarixin zibilliyinə atılmış “dqr” məsələsi bitməyib, “əzabkeş” və “yazıq” ermənilər öz müqəddəratlarını təyin etməkdə israrlıdırlar. Bundan sui-istifadə edən bəzi beynəlxalq təşkilatlar və dairələr isə ermənilərin bu dezinformasiyası əsasında hay-küy yaratmağa cəhd edirlər. Bununla da ölkəmizə “bəlkə də qaytardılar” ümidi ilə təzyiq göstərməyə, artıq həllini tapmış münaqişəni yenidən alovlandırmağa çalışırlar. Azərbaycan isə hər zaman olduğu kimi, bu gün də sülhün tərəfdarıdır. 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan öz ərazilərini otuz illik işğaldan azad edib. Hətta qalib tərəf kimi humanistlik göstərərək məğlub Ermənistana dəfələrlə sülh müqaviləsi imzalamağı təklif edib. Lakin il yarımdır ki, Ermənistanda hakimiyyətdə olanlar hər dəfə uydurma bəhanələrlə bundan yayınmağa və sülh danışıqlarını pozmağa çalışırlar.
Ən qəribəsi isə odur ki, Avropadakı bəzi dairələr ermənilərin dezinformasiyalarına züy tutaraq Azərbaycana təzyiq göstərmək istəyən beynəlxalq təşkilatlara və dairələrə müraciət ediblər. Guya Azərbaycan Ermənistanın milli- mənəvi dəyərlərinə və ekologiyasına zərbə vurur. Bu yalanların fonundakı faktlar isə budur ki, işğal dövründə ermənilər Azərbaycana qarşı vəhşicəsinə ekoloji terror həyata keçiriblər, bizim meşələrimizi qırıblar, torpaqlarımızı, çaylarımızı çirkləndiriblər. Ermənistan otuz ilə yaxın işğal altında saxladığı ərazilərdə bizim su ehtiyatlarımızdan süni ekoloji fəlakət yaratmaq üçün istifadə edib. Ağdərə bölgəsində yuva salmış vandal ermənilər 1992-ci ildən 2021-ci ilədək Tərtər çayı ilə minalar, insan meyidləri və heyvan leşləri axıtmış, suya zəhərli kimyəvi maddələr tökmüşlər. Tərtər çayı isə altı rayonun ərazisindən keçir. Araz çayı da məişət tullantıları və zərərli kimyəvi maddələrlə çirkləndirilmişdir. Daha dəhşətli bir fakt: ermənilər Metsamor AES-in radioaktiv tullantılarını daşıyaraq Qarabağ ərazisində basdırmışlar. Nəhayət, 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası “Azərbaycanın cəbhəboyu rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı qətnamə qəbul edərək Ermənistan hökumətindən su ehtiyatlarından siyasi təsir və ya təzyiq aləti kimi istifadəsinə son qoyulmasını tələb etmişdi. Ermənistan həmin qətnaməyə qətiyyən məhəl qoymadı və Sərsəng su anbarını humanitar və ekoloji terrorizm aləti kimi istifadə etməyə davam etdi. Ermənistan qəsdən qış aylarında su anbarını açaraq ətraf ərazilərdə daşqın törədir, yay aylarında isə suyu kəsərək keçmiş cəbhəyanı bölgədə yaşayan insanları və təsərrüfatları sudan məhrum edirdi. Nədənsə Avropa Parlamenti başda olmaqla həmin o beynəlxalq təşkilatlar bunları görmürdü və ya görmək istəmirdi. İndi isə ermənilərin dezinformasiyasına qoşulub, hələ ölkəmizin əleyhinə də bəyanat verməyə cəhd göstərirlər. Onlar bilirlər ki, Azərbaycan heç bir vaxt mülki erməni əhalini hədəfə almayıb. Azərbaycan ləyaqətli müharibə nümunəsi göstərib. Bunu 44 günlük Vətən müharibəsində və ondan əvvəlki dövrlərdə də dəfələrlə nümayiş etdirib. Azərbaycan həmişə dünyanın hansı qitəsində olmasına baxmayaraq çətin duruma düşən və ehtiyacı olan kasıb ölkələrə əlindən gələn köməkliyi edib. Dünyanı bürüyən COVID-19 pandemiyası dövründə və müharibələrin getdiyi yerlərə humanitar yardımlar göstərilməsi ilə bunun bir daha şahidi olduq. Həm də yalnız biz yox, başda ABŞ olmaqla dünyanın bir çox aparıcı dövlətlərinin başçıları Azərbaycanın humanist addımlarını dəfələrlə qeyd ediblər. Ona görə də ermənilərin Azərbaycana atdıqları iftira və böhtanlar ağ şalvarda qara yamaq kimi görünür. Nə demək, hər kəs sifətini öz əməllərində təcəssüm etdirir.