KÖŞƏ

Vəli İlyasov

Ermənistan eyni vaxtda üç tələdə

12 mart 2022 01:35
1308

İlgəklər sıxılır, cançəkişməsi şiddətlənir

Şəkkak və xəyanət yuvası olan İrəvan başqalarına toxuduğu tora özü düşüb . Bu ölkə məkrli iddiaları ilə bərabər həm də Azərbaycan-Türkiyə, Qərb və Rusiyanın qarşısında öhdəliklər götürməsi ilə birdən-birə özünü üç tələyə salıb. Hətta ən yaxın müttəfiqi belə Ermənistanın davranışından razı deyil. Hazırda Rusiya  müttəfiqi olduğu və daim himayəsində “bəslədiyi” Ermənistanın anti-Rusiya davranışından çox narahatdır və Ermənistan hakimiyyətinin Avropa və ABŞ-la onun əleyhinə siyasi  oyunlarını daha da yüksələn templə davam etdirdiyini düşünür.

 Bu barədə Ermənistanın “Hraparak” nəşri özünün son saylarında ətraflı yazıb. Nəşrin məlumatına görə, Rusiya hüquq-mühafizə orqanları xüsusilə hakimiyyətin Rusiya-Ukrayna münaqişəsi ilə bağlı özünü necə ifadə etdiyini anlamaq üçün Ermənistan mediasını fəal şəkildə izləyir. “Dövlət mediasının məzmununa da eyni qaydada nəzarət edilir. Monitorinq nəticəsində gündəlik hesabatlar tərtib edilir və Ermənistan hakimiyyətinə göndərilir, sübut kimi Nikol Paşinyanın masasının üstünə qoyulur ki, siz Ermənistanda anti-Rusiya təbliğatına sponsorluq edirsiniz və hökumətinizin nümayəndələri Rusiya əleyhinə kəskin fikirlər bildirirlər. Hər halda tez tədbir görülməsini və günahkarların cəzalandırılmasını təklif edirlər. Rusiya artıq Nikol Paşinyanın ikili oyunlarına dözməyə razı deyil və mütləq sədaqət, müttəfiqlik sübutu tələb edir”, - deyə nəşr bildirib.

Belə gərgin vəziyyətin fonunda erməni toplumun onilliklərlə Qarabağa bağladığı əsassız ümidləri sürətlə “ərimək”də davam edir. Uzun illərin himayəçiləri ilə münasibətlərin kəskin dəyişməsi isə Ermənistanı çıxılmaz vəziyyətə salır və xam xəyallardan əl çəkməyə məcbur edir. Ermənilər bunu artıq mətbuat səhifələrində də açıq ifadə etməyə başlayıblar. Onlar  İkinci Qarabağ müharibəsindəki kapitulyasiyanın səbəbkarı kimi hələ də Rusiyanı günahlandırır və Qərbə üz tutmalarını da bununla əsaslandırırlar.

Ermənistan parlamentinin deputatı Tiqran Abrahamyan isə özünün “Facebook” səhifəsində yazıb ki, Qarabağ Ermənistan hakimiyyəti üçün sırf sövdələşmə obyekti olaraq qalır. Yəni,  “status” və “miatsum” cəfəngiyyatları bir kənara atılıb. Onun sözlərinə görə, Ermənistanın hazırkı hakimiyyəti Qarabağ məsələsi ilə bağlı artıq “öhdəliklər”dən qurtulub. “Bu günlərdə Qarabağda baş verənlər, təəssüf ki, gözlənilən idi, çünki Ermənistan hakimiyyəti soydaşlarımızın taleyini qeyri-müəyyənlik və laqeydliyə tapşırıb. Bu hakimiyyətin elan etdiyi sülh gündəmi Ermənistanın və Qarabağın  maraqlarının dəfn edilməsidir, burada təbii ki, Azərbaycan və Türkiyə qalib rolundadır”, - deyə Abrahamyan qeyd edib.

44 günlük müharibədəki biabırçı məğlubiyyətdən sonra  Ermənistanda Tiqran  kimi düşünənlərin sayı getdikcə artmaqdadır. Artıq onlarda fikir formalaşır ki, onilliklərlə erməniləri azərbaycalılara düşmənə çevirən daşnaklar ciddi səhvlərə yol veriblər və bu gün bütün toplum həmin ədavətin acı nəticəsini yaşayır. Elə mürəkkəb siyasi şərait yaranıb ki, Ermənistan illərlə dolaşıq saldığı ilgəyin birindən azad olmaq istəsə digəri onun boğazına keçəcək. Bütün yüzilliklər boyu başqasının hesabına at oynadan Ermənistan əhatəsində olduğu dövlətlərin-Azərbaycanın, Gürcüstanın, Türkiyənin və Rusiyanın etibarını qazana bilməmiş, əksinə, ərazi iddiaları ilə onlarla düşmən münasibət formalaşdırmışdır. Yalnız məlum səbəblərdən İranla “dostluq” və “qardaşlıq” əlaqələri hələlik qaydasındadır. Amma Arazın o tayındakılar da yaxşı bilirlər bu ermənilər elə bir zatıqırıq  zatdırlar ki, iplərinin üstünə odun yığmaq mümkün deyil. Axı onlar Azərbaycan ərazisinə köçməzdən əvvəl bir yerdə yaşayıblar, deməli, dabbaxda gönlərinə yaxşı bələddirlər. Amma…Əmması odur ki, dabbaxda gönlərinə yaxşı bələd olsalar da, ermənilərlə dostluqlarına xitam verməyə tələsmirlər.