KÖŞƏ

Vəli İlyasov

Cinayətkar prezidentlər məhkəmə qarşısında cavab verəcəklər

25 fevral 2022 01:58
1384

Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başladılması və axtarışa verilməsi Ermənistanın sabiq prezidentləri Serjik Sarkisyanla Robert Koçaryanı təlaşlandırıb. Onlar hələlik diqqətdən yayınıb yarasa kimi gizlənsələr də tapılıb ədalət məhkəməsi qarşısında cavab verəcəklər.  Ölkəsinin dəfələrlə azərbaycanlıların soyqırımını həyata keçirdiyini “unudan” keçmiş prezident Robert Koçaryan Azərbaycanın bu addımını ermənisayaq izah edərək bildirib ki, guya  Azərbaycanda ermənilərə nifrət hissi dövlət səviyyəsində həyata keçirilir. Eyni zamanda bildirib ki, əlaqələri və təcrübəsi ilə Ermənistanın milli, dövlət maraqlarını xaricdə təmsil etmək, bundan sonra da “min illərdir artsaxda yaşayan erməni xalqı”nın müstəqil və təhlükəsiz olaraq “müqəddəs erməni torpağı”nda azad yaşamaq hüququ uğrunda fəaliyyətini davam etdirəcək. Görəsən bu dediklərinə özü inanırmı? Sanki bir ayağı burada, o biri axtarışda olan müharibə canisi etdiyi vəhşiliklərin, günahsız insanların qanını axıtdığının fərqində deyil.

Bu faşist cəllad vaxtilə elə bilirdi ki, tökdüyü qanlara, kəsdiyi başlara, uşaq, ahıl, qadın demədən qətlə yetirdiyi azərbaycanlılara görə cavab verməyəcək.  Serjik Sarkisyan Avropa Şurasındakı iclaslardan birində utanıb-çəkinmədən Xocalıda qocaları, qadınları, uşaqları necə vəhşicəsinə qırdıqlarından “fəxrlə” danışdı və parlamentarilər qarşısında özü öz maskasını yırtaraq vəhşi sifətini açıb göstərdi.  Özünü iyrənc şəkildə öyərək söylədi ki, azərbaycanlılar inanmırdılar, düşünürdülər biz zarafat edirik, dinc əhaliyə atəş açmarıq, amma biz göstərdik ki, hər şeyə qadirik. Bununla da beynəlxalq tribunadan ermənilərin qaniçən olduqlarını özü sübut etmiş oldu. Həmin çıxış bu gün hüquq-mühafizə orqanlarımızın əlində “daşdan keçən” faktlardan biridir. Ancaq havalanmış Ermənistan rəhbərləri o vaxtlar hər cür məsuliyyəti unutmuşdular. Məsuliyyətini dərk etməyənlər isə həmişə kobud səhv buraxırlar. Kobud səhv isə ağır cinayət törətməyə sövq edir.

O illərdə Xocalı soyqırımının birbaşa təşkilatçılarından biri, şəxsən iştirakçısı olan qondarma “dqr”-in müdafiə naziri Serjik Sarkisyan məhkəmə qarşısında cavab verməyi heç ağlına da gətirmidi. Hesab edirdi ki, sonda ya qalib olacaqlar, ya status-kvo əbədi qalacaq. Zənn edirdi ki, ömrümüz, həyatımız danışıqlarda, yalançı sülh danışıqları ilə keçəcək, Minsk qrupunun həmsədrləri bölgədə əhəmiyyətsiz təklifləri ilə baş qatacaq və Sarkisyan, Koçaryan və bir çox başqaları etdikləri hərbi cinayətlərə görə heç bir vaxt məsuliyyət daşımayacaqlar. Amma zaman dəyişdi, otuz il Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistan və onun faşist rəhbərlərinin bundan artığına gücü yetmədi. 44 günün içində haqqında “məğlubedilməz” obrazı yaratdıqları orduları da, dövlətləri də diz çökdürüldü. Özü də elə diz çökdürüldü ki, ən azı bundan sonra otuz ilə ayağa qalxa bilməzlər. Nəhayət, ağıllarına gətirmədikləri məsələ otaya çıxarıldı. Azərbaycanın hüquq-mühafizə orqanları konkret faktlar əsasında Serjik Sarkisyan və Robert Koçaryanla bağlı bu qərarı qəbul etməklə təkcə hərbi cinayətlər törətmiş şəxsləri deyil, həm də Ermənistanı işğalçı dövlət olaraq beynəlxalq aləmdə ağır fakt qarşısında qoydu. Dünyanın gözü qarşısında Ermənistan silahlı qüvvələri tərəfindən  törədilmiş cinayətlər, deportasiyalar,  soyqırımlar, dağıntılar, qarətlər, soyğunçuluqlar, talanlar, sübuta ehtiyacı olmayan saysız-hesabsız mötəbər faktlar üzə çıxarıldı.  Ancaq göründüyü kimi, bunların sonunda çanaq öz başında çatladı.  Böyük şairimiz Məhəmməd Füzuli demişkən:

Göstərən saətdə dövrani-fələk bir inqilab

Həm özü fani olur, həm ləşkəri, həm kişvəri.