KÖŞƏ

Vəli İlyasov

İllərin həsrəti sona yetir, Naxçıvan!

27 yanvar 2022 01:58
1209

Zəngəzur dəhlizi Ermənistana verilən son şansdır

2020-ci ilin 10 noyabr Bəyanatına və 2021-ci ilin 11 yanvar razılaşmalarına uyğun olaraq Zəngəzur dəhlizinin açılması üçün ölkəmiz öz üzərinə götürdüyü öhdəliyi ardıcıl yerinə yetirir. Bu istiqamətdə görülən işlər bəhrəsini verməkdədir. Artıq Horadiz şəhərindən qatarlar işğaldan azad olunan Cəbrayıl rayonuna hərəkət edə bilirlər. Ümumi uzunluğu 110,4 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xətti layihəsinin birinci mərhələsi üzrə nəzərdə tutulan tikinti işlərinin artıq 70 faizi tamamlanıb. Birinci mərhələ Horadiz, Mərcanlı, Mahmudlu stansiyalarını əhatə etməklə 30 kilometr, ikinci mərhələ Soltanlı, Qumlaq stansiyalarını əhatə etməklə 55 kilometr, üçüncü mərhələ isə Mincivan, Bartaz və Ağbənd stansiyalarını əhatə etməklə 25,4 kilometr təşkil edir.

Dəhlizin Ermənistan ərazisinə aid hissəsində də hazırlıq işləri görülməkdədir. Ermənistanın baş naziri Nikol Paşinyanın tapşırığı ilə Horadiz dəmir yolu xəttinin öz ölkəsindən keçən hissəsinin bərpası ilə bağlı İşçi Qrupu yaradıb. İşlər belə sürətlə davam edərsə yaxın vaxtda bərpa olunacaq dəmir yolu xətti Zəngəzur dəhlizinin Ermənistan hissəsini əhatə edəcək və Horadiz-Ağbənd xəttinə qoşulacaq. Hələlik Ermənistan tərəfdən bu işlərin görülməsini əngəlləyən bir ciddi maneə yoxdur.

İşğaldan azad olunan ərazilərimizdə bərpa və yenidənqurma işlərinin intensiv həyata keçirilməsi Zəngəzur dəhlizinin gözlənildiyindən daha tez istifadəyə veriləcəyindən xəbər verir. Daha qısa zamanda Azərbaycan vətəndaşları Zəngəzurdan keçməklə quru yolu ilə ölkəmizin qərb hissəsindən Naxçıvana, Naxçıvandan isə Bakıya səfər edə biləcəklər.

“Siz dünən eyni zamanda Zəngəzur dəhlizinin yaradılması üçün aparılan işlərlə də tanış olmusunuz. Həm avtomobil yolu, həm dəmir yolu artıq uğurla inşa edilir”.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən deyib. “Ermənistandan da biz müsbət xəbərlər alırıq. Ermənistan öz tərəfində də bu işlərə start verməyi planlaşdırır” deyə dövlət başçısı vurğulayıb.

İşlər başa çatandan sonra nəhayət, otuz il blokadada qalmış Naxçıvan əhalisi azad nəfəs alacaq. Zəngəzur dəhlizindən Naxçıvana çəkiləcək şose yol isə Bakı ilə əlaqəni daha da intensivləşdirəcək. Bu yolların açılması Azərbaycana iqtisadi səmərə verdiyi kimi, kasıb Ermənistan üçün həyati əhəmiyyət kəsb edəcəkdir. Ermənistan rəhbərliyi nəhayət, anlayıb ki, ölkəni blokadadan və ağır sosial durumdan çıxarmağın ən əlverişli yolu kommunikasiyaların tezliklə açılmasıdır. Revanşistlərin və daşnak əhval-ruhiyyəli bir qrupun müqavimətini xeyli zəiflədən Paşinyan hökuməti artıq qəti addımların atılmasını zəruri hesab edir. Sülh sazişi imzalanandan və Zəngəzur dəhlizi fəaliyyətə başlayandan sonra hər iki tərəf kommunikasiyaların açılmasından hər il milyonlarla dollar gəlir əldə edəcək. Üstəlik bu yollar qarşılıqlı inam və etibar yolları olacaqdır. Yüz ilin təcrübəsi anlatdı ki, uydurma “erməni soyqırımı” kimi cəfəng ideyaların arxasınca getmək, yaxın qonşularla düşmənçilik aparmaq, onların ərazilərini qəsb etmək Ermənistana faciədən başqa heç nə verməyib.  Bu günün reallıqları tələb edir ki, artıq dövlətçiliyini itirmək təhlükəsi qarşısında qalan ermənilər ağıllarını başlarına yığmalı, qonşuları olan Türkiyə və Azərbaycanla  münasibətləri normallaşdırmalıdırlar. Bu baxımdan Zəngəzur dəhlizi onlara verilən nəfəslik və sonuncu şansdır. Bu şansı itirmək isə zəif Ermənistanın dövlətçiliyini real təhlükələrlə üzbəüz qoyacaqdır.