KÖŞƏ

Vəli İlyasov

İlan ulduz görməsə…

22 yanvar 2022 02:38
1468

Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə yerli televiziyalara verdiyi müsahibə Ermənistanda təşviş yaradıb.  Müsahibədə  düşmən ölkənin sülh təkliflərimizi pozmağa yönələn hərəkətlərinə cavab olaraq dövlət başçımızın “altı aydan sonra nə olacaq bilmək olmaz” fikri sülh danışıqlarını uzadan ermənilərə tərs şillə effekti verib. Artıq düşmən dövlətin yüksək çinli şəxsləri tərəflər arasında sülhün bərqərar olunmasının vacibliyini bildirməyə başlayıblar.

Ermənistan prezidenti Armen Sarkisyan İrəvan və Bakı arasında sabit sülhün bərqərar olacağına ümid edir. O, bu fikri Səudiyyə Ərəbistanında səfərdə olarkən "Sky News Arabia" telekanalına müsahibəsində bildirib. Sarkisyanın sözlərinə görə, o, praqmatik düşüncəli insandır və sabitliyə nail olmaq üçün danışıqlar və dialoqdan daha yaxşı yol görmür.

Armen Sarkisyan  hesab edir ki, Azərbaycanla Ermənistan arasında barışıq əldə olunub, lakin bu, tam sülh demək deyil. Rusiyanın vasitəçiliyi ilə danışıqlar aparılır, bunun nəticəsində sabit və praqmatik sülh yaranacaq.  “Ümid edirəm ki, bu dəfə Ermənistan və Azərbaycan kompromislərin köməyi ilə sabit sülhü bərqərar edə biləcəklər. Amma bu, asan deyil”, - deyə Sarkisyan bildirib. O, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından danışarkən qeyd edib ki, “praqmatizm və sabitlik onu deməyə əsas verir ki, qonşularınızla problem yaşamamalısınız, xüsusən də qonşunuz böyük ölkədirsə...”

АBunun ardınca Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan bildirib ki, tezliklə Azərbaycanla sərhədlərin müəyyən olunmasına başlanılacaq:  Sərhədin demarkasiyasına dair Ermənistan ilkin şərt irəli sürmür. Söhbət razılaşmalardan gedir. Rusiya və Azərbaycan prezidentlərinin, Ermənistan baş nazirinin ötən il noyabrın 26-da verdikləri bəyanatda qeyd olunur ki, tərəflər Ermənistan – Azərbaycan sərhədi boyu sabitləşmə və təhlükəsizliyi gücləndirmək istiqamətində addımlar atmaq, delimitasiya və demarkasiyaya dair üçtərəfli komissiya yaratmaq üçün çalışmaqla bağlı razılığa gəliblər. Bir ildən artıqdır ki, Ermənistan sərhədlərin delimitasiya və demarkasiyası məsələsini hər vasitə ilə əngəlləməyə çalışırdı. Ancaq Rəsmi Bakının kəskin mövqeyi qarşısında geri çəkilməkdən, sərhədləri təyin olunmasına başlamaqdan başqa yol görməyən düşmən ölkənin rəhbərləri nəhayət, razılığa gəldiklərini bildirirlər. Belə yerdə çox doğru deyiblər ki, “İlan ulduz görməsə ölməz.”