KÖŞƏ

Vəli İlyasov

Oyunun olsun, ay Paşik

06 yanvar 2022 01:57
1330

Saçları artıq çallaşmış Nikol Vovayeviç hələ də anlamır ki, oynamaq ona düşmür. Bir dəfə Şuşada oynadı qulağından tutub atdılar bayıra.  İki ildir ki, Laçına tərəf boylana bilmir. Deyəsən, Şuşa qulaqburması ona əməlli-başlı dərs olmayıb. İndi dərənin xəlvət, tülkünün bəy olduğu yerdə yenə toy toğlusu kimi ortalığa düşüb o başa, bu başa süzür.  Bu dəfəki rəqsinə görə isə  öz erməniləri canavar dişlərini qıcıyaraq onu didməyə çalışırlar. Məsələnin məğzi bundan ibarətdir: Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə ölkəsində lağlağı və sərt tənqid hədəfinə çevrilib. Belə ki, Nikol Paşinyan Yeni il ərəfəsində ölkədəki hərbi hissələrdən birinə baş çəkib. Gülməlidir ki, guya  qalib ordunun baş komandanı kimi əsgərlərlə musiqi sədaları altında şıdırğı rəqs edən baş nazirin bu hərəkəti ölkədə birmənalı qarşılanmayıb. “Nikolun budəfəki  arsızlığı və oyunbazlığı lap həddini aşıb”. Ermənilər belə deyirlər.

Sosial şəbəkələrdə bəzi ermənilər şənlikdə  Paşinyanla oynayan əsgərləri, bəziləri Paşinyanın özünün rəqsini tənqid ediblər. “Şənlənmək, oynamaq buna yaraşırmı?”-deyirlər. Əlbəttə, narazılar haqlıdırlar. Cəmi on dörd ay əvvəl Paşinyanın yarıtmaz  komandanlığı ilə Ermənistan ordusu 44 günlük Qarabağ müharibəsində biabırçılıqla məğlub olaraq döyüş meydanında beş mindən artıq meyit qoyaraq qaçdı. On beş mindən çox dığa isə şil-küt olaraq topal qaldı. Fərarilərin sayını isə hələ də sayıb qurtara bilmirlər. On dörd aydır ki, Ermənistan İstintaq Komitəsi bu işi başa çatdıra bilmir. Generalından tutmuş sıravi əsgərinədək fərarilərin sayı-hesabı yoxdur. Bunlardan da betər o oldu ki, Ermənistan ordusunun qənimət kimi götürülmüş silahları və hərbi texnikası Bakıya gətirilərək Zəfər paradında nümayiş etdirildi. Özü də necə? Donqarburun erməni əsgərlərinin manekenləri ilə birlikdə. Hələ o vaxt bir çox erməni ictimai xadimləri, Rusiyanın bəzi ermənipərəst telekanallarının aparıcıları bunu həqarət kimi qəbul edərək səslərini qaldırmaq istəsələr də ermənilərin Xocalıda törətdikləri vəhşilikləri xatırladanda səslərini xırp kəsdilər.

Bayram keçirmək və orada qol götürüb kəklik kimi süzmək Nikola heç yaraşmır. Səbəbini də yüngülvari xatırlatdıq. Amma başabəla Nikol özünü bic hesab etdiyindən bəlkə də özlüyündə nəyəsə əsaslanıb qol-qanad açır? Bəlkə Ermənistanı sarsaq vəziyyətə saldığını özü üçün qələbə hesab edir, yaxud Zəngəzur dəhlizinin açılmasına sevinir? Ola bilər ki, arvadı Annaya Moskvada mənzil aldığına görə şadlığından dingildəyir?

Qarşıdan 2021-ci ilin 11 yanvarı gəlir, bəlkə təslimçilik Bəyanatının bir illiyini Nikol Vovayeviç belə qeyd edir? Ancaq onu da unudur ki, Füzulidə, Cəbrayılda, Laçında, Şuşada cəhənnəmə vasil olmuş erməni əsgərlərinin meyitləri hələ də qalmaqdadır. Nikol və komandası ölənlərin valideynlərini sakitləşdirmək üçün həmin əsgərləri itkin kimi qələmə verməklə aradan çıxırlar. Beləliklə də bu bədbəxtlər həm özlərini, həm də gözləri yollarda qalan valideynləri aldadırlar. Axır ki, bu, Nikoldur, özünəməxsus axmaqlıqların yiyəsi Nikol. Onun qəribə hərəkətlərinin sirrini isə bir özü bilir, bir də başının üstündəki astvası.

Nikolun babası Qıdı kirvə də oynayırdı, amma ustufca-astaca, bu isə mozalan çalmış dana kimi soncuqlayır, o baş-bu başa qaçır, arabir bəzilərini də özünə qoşmaq üçün iki əlini uzadıb “pliz” deyə oyuna dəvət edir. Yəqin Qıdı kirvə sağ olsaydı “oyunun olsun, ay Paşik”-deyərdi. Bunun oyunbazlığına baxanda yada anormal fikirləri və hərəkətləri ilə tarixə düşmüş şahzadələr ağıldan kəm Fyodorla dəli Pyotr düşür...