KÖŞƏ

Vəli İlyasov

Ermənistan İran ərazilərini necə “işğal” edib? - Stəkanda fırtına

04 noyabr 2021 01:58
1146

Gölməçədən-gölməçəyə torpağı olmayan ermənilərin gülünc və sarsaq “dənizdən-dənizə” ideyaları psixi xəstəlik sindromlarından başqa heç nə deyil.

Bu yaxınlarda Azərbaycan hərbçilərinin işğaldan azad edilən Laçın rayonunun Güləbird kəndindəki məktəbdə tapdıqları “dənizdən-dənizə böyük Ermənistan” xəritəsinin görüntüləri sosial şəbəkələrdə yenidən peyda olub.

Xəritədə ermənilərin uzun illərdir Azərbaycanın Qarabağ, Zəngəzur daxil olmaqla Kürdən cənubdakı torpaqlarına, Türkiyənin Anadolu, Van, Ərzurum, Bitlis, Elazığ, Diyarbəkir, Sivas və Ağrı dağı ərazilərinə, eləcə də Gürcüstanın Samtsxe və Cavaxeti torpaqlarına əsassız iddiaları yer alıb. Guya bu torpaqlar tarixən ermənilərə aid olub. Əslində “böyük Ermənistan”ın sərsəm xülyasını yayan xəritənin tarix dərsliyinə salınması erməni uşaqlarını təcavüzkar ruhda yetişdirməkdir.

Xəritədə ən çox diqqət çəkən daha maraqlı məqam hər zaman Ermənistanın dəstəkçisi və müdafiəçisi olan İran  ərazilərinin də “işğal” edilməsidir. Belə ki, xəritədə İranın şimalındakı bir sıra ərazilər “böyük Ermənistanın xəritəsinə daxil edilib. Ancaq bunlar hələ hamısı deyil. Ermənilər bunlarla kifayətlənməyərək vassalı olduqları Rusiyanın da bəzi ərazilərinə iddiaçıdırlar.

Bu xəritə qanmaz uşaq-muşaqlar tərəfindən deyil, Ermənistanın başabəla alimləri tərəfindən hazırlanaraq dövlətin rəsmi qurumları tərəfindən təsdiqlənib və orta məktəblərdə tarix dərslərində erməni uşaqlarına tədris olunur.

Ermənilərin Azərbaycan və Türkiyəyə, Gürcüstana, hətta Rusiyaya  qarşı ərazi iddiaları qaldırmalarına artıq təəccüblənmirik. Lakin xəritədə yuxarıda qeyd etdiyimiz kimi, Ermənistanın hər zaman dəstəkçisi olan, ona qardaşlıq edən İrana qarşı ərazi iddialarının yer alması, həm də rəsmi şəkildə bu xəritənin təsdiqlənərək, tədrisə yönəldilməsi mühüm faktdır.

Əvvəllər Azərbaycan, Türkiyə və Gürcüstan Ermənistanın sərsəm iddialarına rəsmi və qeyri-rəsmi formada dəfələrlə cavab verib. Lakin təəccüblüdür ki, İran nə rəsmi, nə də qeyri-rəsmi şəkildə indiyədək Ermənistana xəbərdarlıq etməyib. İranda təxminən 500 minə yaxın erməni yaşayır. Hətta bir neçə il əvvəl İrəvan Dövlət Universitetinin tələbələrinin qarşısında çıxış edəndə "Dünya Əhli-Beyt Qurultayı" təşkilatının sədri, ayətullah Həsən Əhtari "farslarla ermənilərin yaxın, qardaş və qohum millətlər" olduğunu demişdi. İran rəsmiləri mütəmadi olaraq Ermənistanla əlaqələrin mövcud durumundan razılığını dilə gətirir, iki ölkə arasında tez-tez rəsmi görüşlər keçirilir, siyasi və iqtisadi müqavilələr bağlanır.

Qarabağın işğalı dövründə daha gizli, işğaldan sonrakı dövrdə isə açıq şəkildə erməni müdafiəçisi olan İranın ermənilər tərəfindən rəsmi şəkildə ərazi iddialarına qarşı susmasının səbəbi nədir?

SEPAH komandanının müavini bir müddət öncə “Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir” deyə sərt bəyanatla çıxış etmişdi. Belə çıxır ki, SEPAH üçün Ermənistanın ərazi bütövlüyü onun “qırmızı xəttidir”, İranın ərazi bütövlüyü isə “yaşıl xətt”? Əcaib məntiqdir. O da təəccüblüdür ki, niyə İran rəsmi olaraq bircə dəfə də Ermənistana nota verməyib? İranın onun ərazi bütövlüyünü açıq şəkildə şübhə altına alan Ermənistana belə güclü sevgisi haradandır? Bütün dövlətlərlə aqressiv rəftar edən İran rəhbərləri niyə bu qədər güzəştə gedirlər? Bu sualların bir cavabı var. İran indiyədək Ermənistan ərazisindən narkotik tranziti kimi istifadə edərək milyardlar qazanıb. Həmin pullarla Yaxın Şərqdə muzdlu döyüşçülər ordusu təşkil edərək öz sərhədlərindən min kilometrlərlə aralıdakı müsəlman ölkələrində kütləvi qırğınlar və terrorlar törədir. Muzdlu qatillər və terrorçular ordusuna dövlət büdcəsindən pul ayıra bilməyən İran həmin milyardları Ermənistan yolu ilə “ağ ölüm” maddələri daşımaq və onu dünya bazarlarında satmaqla “qazanır”. Bax, həmin milyardların hesabınadır ki, İran kimi cığal bir dövlət Ermənistana “gözün üstdə qaşın var” demir. Ancaq Azərbaycanın Ermənistana keçdiyi 44 günlük “dərsdən” sonra vəziyyət xeyli dərəcədə dəyişib. “Dəmir yumruğ”un təsirindən şok keçirən erməni şovinistləri müəyyən qədər sakitləşiblər. Hətta elitada elə ağıllı ermənilər tapılıb ki, “böyük Ermənistan”ı xülya adlandırır və revanşistlərə bunu birdəfəlik tarixin arxivinə atmağı təklif edirlər.