KÖŞƏ

Vəli İlyasov

Qızmış başlar soyuyubmu?

26 oktyabr 2021 01:15
1272

44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın öz ərazilərini azad etməsi bəzi ölkələrdə şok vəziyyəti yaratdı. Onlar hərbi əməliyyatlar başlayanda əminliklə susub Ermənistanın qələbəsini gözləsələr də, əksini gördülər. “Qazanlar qapalı qaynasa da” kimin hansı mövqedə durduğu əvvəlcədən məlum idi. Məsələn, Fransa Ermənistanın məğlubiyyətindən sonra bir neçə ay canfəşanlıq edərək status-kvonun bərpası üçün “atılıb-düşsə” də,  “kiçik bacısına” əyri-üyrü yollar göstərsə də sonra iddialarından əl çəkib yerində oturmalı oldu. Yəni, Makronun qızmış başı tez soyudu. Qonşu İranın isə Azərbaycana qarşı gözlənilməz hərəkətləri səbəbsiz görünsə də ancaq çox keçmədi ki, “səbəblər” göründü. Ancaq onlar barədə danışmayacağıq, necə deyərlər, olan-oldu, keçən-keçdi.

Əlbəttə, İran-Azərbaycan münasibətlərinin birdən-birə gərginləşməsi,  gündəmə bu cür sərt gəlməsi qarşı tərəfin böyük bir səhvi idi. Məlum olur ki, bu ölkənin yeni seçilmiş rəhbərləri siyasətdə lazımi səviyyədə yetkinləşməyiblər, yəni, hisslərinə hakim ola bilmirlər. Sadə insan üçün bu, elə də təhlükəli deyil, ancaq dövlət başında olan adamların ağılları başlarında olmalı, ölçülü-biçili siyasət aparmağı bacarmalıdırlar. Çünki onlar talelərini onlara etibar etmiş milyonlarla insanın aqibətini həll edirlər.

İran-Azərbaycan münasibətlərində söhbət kimin güclü, kimin zəif olmasından getmir. Əvvəlcədən də bilinirdi ki, bu münaqişə heç kəsə lazım deyil. Amma Azərbaycanla münasibətlərin pisləşməsi ümumiyyətlə, İranın xeyrinə deyildi.

  İranda vəziyyəti gərginləşdirən qüvvələr artıq səhvlərini başa düşüblər. Ona görə də vəziyyət sabitləşir, münasibətlər normal məcrasına qayıdır. İndi Gorus-Qafan yolundan keçən İran TIR-ları gömrük qaydalarına əsasən, yəni, qanuni yüklərlə və gömrük haqqını ödəməklə reys edirlər. Zəngəzur dəhlizi ilə bağlı məsələdə də İran öz iddialarından əl çəkib. Belə görünür ki, idarəçilikdə hələ təcrübəsi olmayan yeni seçilmiş İran rəhbərləri səriştəsizlik etdiklərini anlayıblar və Azərbaycanla bağlı siyasətlərində düzəliş ediblər. Bunu dövlət rəsmilərinin son günlərdəki  “yumşaq”danışıq və davranışları açıq göstərir. Buraxdığı səhvləri “düzəldən” İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian özünün “Tvitter “ səhifəsində də yazıb: “İran İslam Respublikası ilə Azərbaycan Respublikası müştərək dəyərlərə malik olan iki qonşu və müsəlman ölkədir.”  Ərdəbildən Parsabada, oradan da Azərbaycana dəmir yolu xətti çəkiləcək”.  Bunu da İranın yollar və şəhərsalma naziri Rüstəm Qasemi deyib. Prezident İbrahim Rəisi ilə birlikdə Ərdəbil vilayətinə səfər edən nazir onu da nəzərə çatdırıb ki, bu yolun inşası üçün artıq 100 milyard tümən vəsait ayrılıb.

Rüstəm Qasemi dəmir yolu ilə paralel olaraq magistral avtomobil yolunun çəkiləcəyini nəzərə çatdırıb.

Qeyd edək ki, İranın Parsabad şəhəri Araz çayının sahilində Azərbaycanın Horadiz qəsəbəsi ilə həmsərhəd regionda yerləşir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla  səmərəli telefon danışığını xatırladan Abdullahian qeyd edib ki, iki dövlət və xalq arasındakı münasibətlər qarşılıqlı hörmətə və ehtirama əsaslanaraq davam edəcək. Şübhəsiz ki, Azərbaycan da bunu istəyir. Başqa sözlə, biz  qonşularımıza hörmət etdiyimiz kimi, qonşuların da bizimlə hörmətlə davranmasını istəyirik. Bu, dövlətlər arasında beynəlxalq hüquq qaydalarının ilkin şərtlərindən biridir. Ona görə də buna bütün dövlətlər əməl etməlidir, o cümlədən də İran...