KÖŞƏ

Sevinc Azadi

Pandemiya dövründə iqtisadi sabitlik

03 sentyabr 2020 15:48
5988

Beynəlxalq təcrübə koronavirusla mübarizədə uğur qazanmış və karantin rejimini ləğv etmiş ölkələrin sonrakı dövrdə infeksiyanın geniş yayılması nəticəsində yenidən məhdudiyyətləri bərpa etməyə məcbur olduqlarını göstərir. Demək olar ki, əksər dövlətlərdə yumşalma dövründə insanların qüvvədə olan qadağalara, sanitar-epidemioloji tələblərə riayət etməmələri nəticəsində virusa yoluxma sayında yenidən artım baş verdi. Ayrı-ayrı ölkələrdə koronavirus əleyhinə peyvəndlərin hazırlanması barədə informasiyalar yayılsa da, bəşəriyyət hələ ki, COVID-19 qarşısında acizdir. Hər ötən gün dünya üzrə on minlərlə insan virusa yoluxur. Artıq yoluxanların sayı 26 milyon, xəstəlikdən vəfat edənlərin sayı isə 860 min nəfəri ötüb.

Hazırda Azərbaycanda gündəlik virusa yoluxma sayında çoxalma müşahidə olunmur. Bu baxımdan sanitar-epidemioloji vəziyyətdən asılı olaraq və ciddi nəzarət mexanizmi tətbiq edilməklə qadağaların tətbiq olunduğu bir sıra sahələrdə məhdudiyyətlər aradan qaldırılıb. Məlum olduğu kimi, artıq təhsildə tədrisin təşkili ilə bağlı qərarlar verilib. Bununla belə, ölkəmizdə qənaətbəxş dinamikanın olmasına baxmayaraq, mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda xüsusi karantin rejiminin uzadılması doğru addımdır. Yoluxma hallarının artım dinamikasına yol verilməməsi üçün xüsusi karantin rejimi hələ bir müddət davam etməlidir. Vətəndaşlar COVID-19-un müalicəsi üçün vaksin tapılmayana kimi mümkün qədər məsuliyyətli davranmalı, maksimum özümüzü və ətrafımızı qorumağı davam etdirməlidirlər. "Əgər vətəndaşlarımız bundan sonra da məsuliyyətli olarlarsa, - mən qeyd etməliyəm ki, son müddət ərzində biz bu məsuliyyəti, doğrudan da, görürük, hiss edirik, bu, real nəticələrdə öz əksini tapır, - hesab edirəm ki, qısa müddət ərzində biz normal, adi həyata qayıda bilərik. Amma buna nail olmaq üçün, əlbəttə ki, vətəndaşların məsuliyyəti hazırda birinci dərəcəli məsələdir”, - deyə Prezident İlham Əliyev bildirib.

Düzdür, karantin rejiminin uzadılması sosial və iqtisadi baxımdan çətinliklər doğurur. Lakin ötən ayların təcrübəsi göstərir ki, Azərbaycan dövləti qarşıdan gələn dövrdə də iqtisadi sabitliyin qorunması və əhalinin sosial qayğılarının həlli üçün tədbirlər görmək iqtidarındadır. Azərbaycanın hər bir vətəndaşının problemlərinin mümkün olan ən qısa zamanda və ən yaxşı şəkildə həlli Prezidentin həyata keçirdiyi siyasətin mərkəzində durur. Bu da, ölkədə hərtərəfli dinamik inkişaf, sabitlik və əmin-amanlığın təmin edilməsi ilə şərtlənir. Ölkə başçısının imzaladığı sosialyönümlü sərəncamların insanların həyatına, rifah halının yüksəldilməsinə təsirini özəlliklə pandemiya dönəmində mahiyyəti üzrə görmək mümkün oldu.

2020-ci ilin birinci yarısında Azərbaycan iqtisadiyyatında ÜDM-in həcmində 7 faiz azalma qeydə alındı. Digər ölkələrlə müqayisədə bu nəticə məqbul hesab oluna bilər. Avrozonada yarım ilin yekunlarında ÜDM-in həcmindəki azalma ikirəqəmli bir göstərici ilə -12 faizlə ifadə olunub. Bütövlükdə inkişaf etmiş ölkələr üzrə iqtisadi azalma tempi 10 faizə yaxındır. Bu isə ondan xəbər verir ki, Azərbaycanda iqtisadi azalma çox da böyük deyil. Bu da pandemiyanın təsirlərinə Azərbaycan hökumətinin çevik reaksiya verməsi, iqtisadi paket çərçivəsində sahibkarlara, günəmuzd işləyən vətəndaşlarımıza dövlət dəstəyinin verilməsi nəticəsində reallaşdı. Sahibkarlar iqtisadi paket çərçivəsində güzəştli vergi, güzəştli kredit paketlərindən faydalana bildi. Burada söhbət kifayət qədər böyük həcmdə - 500 milyon manatlıq vergi paketindən gedir. Bu da pandemiya dövründə Azərbaycan iqtisadiyyatında ciddi azalmaların qarşısını almaqda mühüm rol oynadı.

Hazırda regionlarda sosial layihələrin gerçəkləşməsi davam etdirilir, Prezident İlham Əliyevin təsdiq etmiş olduğu "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ixtisar edilmədən planlı və ardıcıl surətdə uğurla icra olunur. Son illərdə regional inkişafla bağlı icra olunan 3 dövlət proqramı və hazırda icrası davam edən 4-cü proqram çərçivəsində bölgələrdə yüzlərlə yeni-yeni ictimai-iaşə obyektləri, zavod və fabriklər, aqroparklar, muzeylər, parklar, gənclər mərkəzləri, idman kompleksləri tikilib istifadəyə verilib. Ölkə başçısının Qobustan, İsmayıllı, Şəki və Qəbələdə koronavirus xəstələri üçün modul tipli xəstəxanaların, ASAN xidmət mərkəzinin, uşaq incəsənət məktəbinin və digər mühüm obyektlərin açılışlarında iştirak etməsi, sonra isə həmin rayonların sosial-iqtisadi inkişafına xidmət edən mühüm sərəncamların imzalaması bir daha təsdiq edir ki, Azərbaycanda regionların inkişafı həyata keçirilən siyasətin prioritet istiqamətlərindən biridir. Bu siyasətin əsas məqsədi paytaxt Bakı ilə yanaşı, bütün regionların hərtərəfli və davamlı inkişafına nail olunmasıdır.

Dövlət başçısının müvafiq sərəncamlarına uyğun olaraq, rayonlarda, qəsəbə və kəndlərdə yolların tikintisi və yenidən qurulması, su, qaz, elektrik təsərrüfatlarının yenilənməsi və müasirləşdirilməsi, körpülərin salınması, sosialyönümlü obyektlərin yenidən qurulması və əsaslı təmiri prosesi davam edir. Yeni xəstəxanalar tikilir, xəstələrin müalicəsi üçün zəruri tədbirlər həyata keçirilir. Şimal-qərb bölgəsinə səfərindən sonra dövlət başçısının imzaladığı 14 sərəncam da göstərdi ki, Prezident təkcə pandemiya ilə mübarizə sahəsinə deyil, regional inkişafı şərtləndirən layihələrin də reallaşması üçün ehtiyat fondundan böyük məbləğdə vəsaitlər ayırır.

Bir sözlə, Prezident İlham Əliyevin hər bir vətəndaşın yanında olduğunu təsdiqləyən çoxsaylı tədbir, sənəd, tapşırıq və digər zəruri addımlar pandemiya dönəmini daha az itkilərlə, xüsusi gərginliklərdən sığortalanaraq keçirməyimizi təmin etmişdir. Sosial sahədə atılan mütərəqqi addımlar Prezidentin güclü sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət prinsiplərinin dayandığını bir daha təsdiq edir.