KÖŞƏ

Sevinc Azadi

İlham Əliyev: Biz ixrac coğrafiyamızı genişləndirmək əzmindəyik

11 avqust 2020 21:58
2193

Bakı-Tbilisi-Ceyhan neft boru kəməri vasitəsilə Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən Azərbaycan növbəti – Xəzər dənizi ilə Adriatik dənizinin boru kəməriləri ilə birləşdirilməsi hədəfinin astanasındadır

Ümummilli lider Heydər Əliyevin enerji strategiyasının bir hissəsi olaraq gerçəkləşən “Üç dənizin əfsanəsi” – Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin çəkilməsi və Ulu Öndərin bir neçə onilliklər üçün hesablanmış enerji siyasətinin uğurla davam etdirilməsinin sayəsində bu gün Azərbaycan nəinki Avropanın enerji təminatında mühüm rol oynayır, bu layihə, eyni zamanda, ölkəmizə böyük iqtisadi və siyasi dividendlər qazandırır. Artıq Azərbaycanın Avropanın qaz bazarına da daxil olması ilə ölkəmizin “köhnə qitə”nin enerji təchizatındakı rolu bir qədər də artır. Bu, həm də regional və beynəlxalq miqyasda enerji xəritəsinin yenidən formalaşması deməkdir.

Yeni enerji ixracatçısının peyda olması Avropa üçün çoxdan arzuolunan idi. Birincisi, ona görə ki, enerji təhlükəsizliyi yalnız alternativliliyin təmin olunması ilə mümkündür. İkincisi, alternativ mənbələrin mövcudluğu satıcılara qiymət siyasətinə yenidən baxmağa, rəqabət mühitinin formalaşmasına stimul verir və beləliklə də bu, alıcılar üçün daha məqbul bazar şərtlərinin formalaşması ilə müşayiət olunur.

Cənub Qaz Dəhlizi, həmçinin iştirakçı ölkələr, eləcə də bütün region üçün sabitlik, təhlükəsizlik və rifah vəd edir. Azərbaycan Prezidenti İlham Əliyev TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində layihənin məhz bu baxımdan əhəmiyyətini aydın şəkildə şərh edib: “Bu gün Cənub Qaz Dəhlizi özündə 7 ölkəni birləşdirir və bu, artıq beynəlxalq əməkdaşlıq layihəsidir. Bu layihə ölkələr arasında körpülər yaradacaq və daha böyük anlaşmaya yol açacaq. Bu layihədə iştirak edən 7 ölkə, - onlardan üçü Avropa İttifaqının üzvüdür, - bundan sonra uzun illər birlikdə çalışacaq və bunun faydasını bölüşəcəklər. Yəni bu layihə əməkdaşlıq, sabitlik, uzunmüddətli anlaşma gətirir”.

Cənub Qaz Dəhlizinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Qaz Boru Kəməri, TANAP və TAP vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir. “Şahdəniz” layihəsinin tam miqyaslı işlənilməsinin 2-ci mərhələsi olan “Şahdəniz Mərhələ 2” layihəsi Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihə olmaqla, Cənub qaz dəhlizi vasitəsilə Avropa bazarlarına qaz təchiz etməklə, enerji təhlükəsizliyini artıracaq. Bu  layihənin əsas elementləri bunlardır: “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi; Cənub Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi; Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinin həyata keçirilməsi; Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin həyata keçirilməsi.

Azərbaycan və Türkiyənin uzunmüddətli strateji enerji əməkdaşlığının ən mühüm bəhrələrindən olan TANAP layihəsi artıq tamamlanıb. Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP boru kəməri layihəsi də tamamlanmaq üzrədir. Ölkə başçısı İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimi çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində deyib: “Əlbəttə, indi bizim əsas diqqətimiz Cənub Qaz Dəhlizinin başa çatmasına yönəldilib. Bu layihə də uğurla icra edilir. Bunun dördüncü və sonuncu layihəsi olan TAP artıq başa çatmaq üzrədir. Beləliklə, hesab edirəm ki, bir neçə aydan sonra Azərbaycan dövlətinin təşəbbüsü ilə və genişmiqyaslı beynəlxalq əməkdaşlıq nəticəsində 3500 kilometr uzunluğunda olan, bir-birinə bağlı üç qaz kəmərinin inşası tam başa çatacaqdır və Azərbaycan qazı artıq Avropa məkanına çatdırılacaq. Beləliklə, Cənub Qaz Dəhlizi tam istismara veriləcək. Bu, bizim üçün çox önəmli və hesab edirəm ki, tarixi hadisədir. Çünki bu, imkan verir ki, “Şahdəniz” yatağının tam işlənilməsi təmin edilsin”.

Dövlət başçısı enerji siyasətinin ölkəmizin maraqlarını tam təmin etdiyini və ixrac coğrafiyasının genişləndirilməsinin vacibliyini də vurğulayıb. Xüsusi qeyd olunub ki, “Şahdəniz” yatağı ən azı yüz il Azərbaycanı və tərəfdaş ölkələri qazla təchiz edə bilər: “Eyni zamanda, biz ixrac coğrafiyamızı genişləndirmək əzmindəyik. “Şahdəniz” qazı Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan və İtaliyaya çatdırılacaq. Əgər Albaniyada qaz şəbəkəsi yaranarsa, Albaniya da bizim təbii tərəfdaşımız olacaqdır, biz oraya da qaz ixrac edə bilərik. Digər qonşu ölkələrə - Balkan bölgəsində yerləşən ölkələrə Azərbaycan qazının verilməsi mümkündür”.

Prezident İlham Əliyevin qeyd olunan müsahibədə səsləndirdiyi  fikirlər ulu öndər  Heydər Əliyevin müəllifi olduğu  neft strategiyasının mahiyyətini, ötən dövr ərzində  enerji  resurslarının hasilatı və ixracı sahəsində reallaşdırılmış layihələrin  xronologiyasının, neft strategiyasının həyata keçirilməsinin Azərbaycan dövləti və xalqı üçün əhəmiyyətinin aydın mənzərəsini yaradır. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana böyük həcmdə investisiyalar qazandırdı. Bu gün ölkə iqtisadiyyatına  270  milyard dollara yaxın investisiya yatırılıb ki, bunun böyük hissəsini xarici investisiyalar təşkil edir. Bu uğurumuza yol açan əsas amil isə təbii ki, ulu öndər Heydər Əliyevin “açıq qapı” siyasəti, iş adamlarında yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əminliyin yaradılmasıdır. Son 17 ildə ulu öndər Heydər Əliyevin  siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın yeni inkişaf modelinin təqdimatını şərtləndirdi. Artıq Azərbaycan əməkdaşlığın coğrafiyasını genişləndirməklə etibarlı tərəfdaş kimi nüfuzunu artırır, dünya birliyinin layiqli üzvü kimi söz sahibinə malik olduğunu təsdiqləyir.