Sevinc Azadi |
İndi əsas məsələ əldə olunan bu dinamikanı qoruyub saxlamaqdır
Hazırda inkişaf etmiş bir sıra dövlətlər və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən görülən tədbirlərə və birgə səylərə baxmayaraq, yeni növ koronavirus (COVID-19) infeksiyasının dünyada yayılmasının qarşısını hələ də almaq mümkün olmamışdır. İnfeksiyaya qarşı mübarizə çərçivəsində dünyanın əksər ölkələrində müxtəlif formada məhdudlaşdırıcı tədbirlər həyata keçirilir. Bu tədbirlər toplusu virusun yayılmasını önləmək üçün ilk növbədə insanların sosial təcridi, təmasların minimuma endirilməsi, ev şəraitində karantin və insanlararası ünsiyyəti azaltmağa hesablanan digər addımlardan ibarətdir.
Prezident İlham Əliyevin hadisələrin axarını uzaqgörənliklə, dəqiq və düzgün təhlil edərək vaxtında verdiyi qərarlar, onun təşəbbüsü və rəhbərliyi ilə operativ olaraq həyata keçirilən qabaqlayıcı və effektiv tədbirlər koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması və vətəndaşlarımızın sağlamlığının qorunub saxlanılması üçün mühüm əhəmiyyətə malik olmuşdur. Ciddi karantin tədbirlərinin tətbiqi, infeksiyanın diaqnostikası məqsədilə testlərin vaxtında alınması və davamlı yoxlamaların aparılması, infeksiyaya yoluxmuş insanların müalicəsinin operativ təşkili, qoruyucu vasitələrin idxalı və yerli istehsalı, zəruri tibbi bazanın daha da gücləndirilməsi, yeni xəstəxanaların tikilərək istifadəyə verilməsi istiqamətində görülən işlər xüsusi olaraq qeyd edilməlidir.
Avqustun 6-da koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə bu sahədə həyata keçirilmiş və aparılacaq işlər ətraflı şəkildə müzakirə edildi. Prezident İlham Əliyev həm hesabatları dinlədi, həm də yeni tapşırıqlar, tövsiyələr verdi. Dövlətimizin başçısının verdiyi tapşırıq və tövsiyələr ümumilikdə mövcud durum, keçilmiş yol, qarşıdakı ilkin və növbəti vəzifələrin dolğun portretini yaratdı. Dövlət başçısının qeyd etdiyi kimi, koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur: “İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağıq. Artıq üç həftədir ki, bu müsbət dinamika, əlbəttə, bizi çox sevindirir. Prinsip etibarilə ilk günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra bütün lazımi qabaqlayıcı tədbirlər görüldü. Bunun nəticəsində biz bu vəziyyətdən az itkilərlə çıxırıq”.
Qeyd edək ki, son həftələr ərzində koronavirus infeksiyasının dinamikasında müsbət meyil müşahidə olunur ki, bu da dövlət səviyyəsində görülmüş işlərin, irəli sürülmüş tələb və qaydaların əhali tərəfindən qəbul olunması və onlara riayət edilməsinin nəticəsidir. Belə ki, bu günlər ərzində Təcili və Təxirəsalınmaz Tibbi Yardıma daxil olan müraciətlərin sayı da 30 faiz azalıb. Polislərin gücləndirilmiş iş rejiminə keçməsi, qapalı və ictimai məkanlarda polis nəzarətinin gücləndirilməsi və vətəndaş məsuliyyəti pandemiyanın təsirlərinin azaldılmasına öz töhfəsini verir. Sevindirici haldır ki, əvvəlki dövrdən fərqli olaraq indi əhalinin böyük əksəriyyəti maskadan, dezinfeksiyaedici məhlullardan daha çox istifadə edir. Amma təəssüf ki, hələ də maskadan düzgün istifadə etməyənlər var. Bəzən taxılan maskanı burundan aşağıda saxlayırlar. Bəli, hava istidir, nəfəs almaq çətindir, amma nəzərə almaq lazımdır ki, maska burundan aşağıda saxlanılırsa, onda onu taxmağın heç bir əhəmiyyəti qalmır. Maskanı çənəyə endirmək və ona tez-tez əl vurmaq da problem yaradan haldır. Çünki maskaya tez-tez əl vurub toxunanda çöl hissədə virus varsa, yayılır. Ona görə də özümüzün və ətrafdakıların sağlamlığı naminə maskadan düzgün istifadə etmək, sosial məsafə saxlamaq vacibdir. Hazırda dünyanı bürüyən koronavirusa qarşı bundan effektli qoruyucu üsul yoxdur.
Əldə olunan müsbət dinamika sözsüz ki, vətəndaşlarla dövlətin birgə mübarizəsinin nəticəsində əldə edilib. İndi əsas məsələ əldə olunan müsbət dinamikanı qoruyub saxlamaqdır. Bunun üçün də mübarizəni sonacan aparmalı, xüsusi karantin rejiminin qaydalarına bundan sonra da ciddi əməl etməliyik. Yoluxma sayı azalsa və sərt karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırılsa da, arxayınlaşmaq hələ tezdir. Cüzi laqeydlik, məsuliyyətsizlik çəkilən bu qədər əziyyətin hədər getməsinə, yoluxma sayının yenidən artmasına səbəb ola bilər. Bu isə sərt karantin rejiminin davam etdirilməsinə zərurət yaradacaq. Lakin nə qədər çox müsbət tendensiya olsa, yoluxma sayı azalsa, növbəti mərhələlərdə bir çox məhdudiyyətlər aradan qaldırılacaq, yumşalmalar olacaq.
Xatırladaq ki, hazırda dünyada 18 milyona yaxın insan koronavirusa yoluxub. Azərbaycanda koronavirus infeksiyasının yayılması fevralın 28-də ilk yoluxma halının qeydə alınması ilə başlayıb. Ölkəmizdə ümumi yoluxanların sayı 34 minə yaxındır. Onlardan təxminən 89 faizi sağalıb, 10 faizinin isə hələ müalicəsi davam etməkdədir.