Sevinc Azadi |
Dünyada baş alıb gedən ikili standart və bəzi beynəlxalq təşkilatların ölkəmizə qarşı qərəzli münasibəti Ermənistanın işğalçı siyasətini davam etdirməyə şərait yaradır və işğalçı ölkəni daha da azğınlaşdırır. Beynəlxalq hüququn norma və prinsiplərinin təcavüzkar Ermənistan tərəfindən açıq şəkildə pozulmasına laqeyd münasibət, bu vaxta qədər hələ də bu ölkəyə sanksiyaların tətbiq edilməməsi haqlı narazılıqlar yaradır. Bütün bunlara baxmayaraq, Azərbaycan dövlətinin yeritdiyi düşünülmüş xarici siyasət nəticəsində beynəlxalq təşkilatlar əsl reallığı etiraf etmək məcburiyyətində qalır, Ermənistanın işğalçı siyasətini pisləyir və bu barədə qətnamə də qəbul edirlər.
Hazırda Ermənistanda siyasi böhran getdikcə dərinləşir. Nikol Paşinyanın ölkəyə rəhbərliyindən sonra vəziyyət getdikcə pisləşir. Bunun acı nəticələr verəcəyini yaxşı bilən işğalçı ölkənin baş naziri əhalinin fikrini ölkədən yayındırmaq üçün tez-tez işğal altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfərlər edir, bu ərazidə beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan saxta “prezident seçkiləri”nin keçirilməsində iştirak edir və sərsəm bəyanatlar verir. Artıq Paşinyan yaxşı bilir ki, onun hakimiyyətinin ömrünə çox qalmayıb. Bunu son vaxtlar ölkədə bir-birinin ardınca baş verən istefalar, həbslər də təsdiqləyir.
Bu günlərdə Ermənistan parlamenti “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Qaqik Sarukyanın həbsi barədə baş prokurorun ikinci müraciətini təsdiqləyib. Erməni KİV-nin verdiyi xəbərə görə, o, 2017-ci il parlament seçkilərində seçiciləri pulla ələ almaqda şübhəli bilinir. Parlamentin iclasında Q.Sarukyanın deputat toxunulmazlığı da ləğv edilib. Daha əvvəl qanunverici orqan Baş prokuror Artur Davtyanın Q.Sarukyanın məsuliyyətə cəlb edilməsi haqqında birinci ərizəsini qəbul etmişdi. Lakin A.Davtyan deputatın öz nüfuzundan istifadə edərək istintaqın gedişatına təsir göstərəcəyindən ehtiyat etdiyi üçün həbsinə icazə istəyib.
Q.Sarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyası 2004-cü ildə yaradılıb. Hazırda partiya parlamentdəki 132 yerdən 25-nə sahibdir. Partiya sədri ilə bağlı verilən qərara etiraz əlaməti olaraq Ermənistan parlamentinin binası qarşısında aksiya keçirilib. Hüquq-mühafizə orqanları narazı kütləyə dağılışmaq əmri verib, tabe olamayanlarla sərt davranılıb. Aksiyanı işıqlandırılan bir neçə jurnalist vəhicəsinə döyülüb. Parlamentin binası qarşısına əlavə polis qüvvələri və suvuran maşınlar cəlb olunub.
Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları “Çiçəklənən Ermənistan” partiyasının ölkə vilayətlərindəki ofislərində də axtarış aparıblar. Q.Sarukyan 2017-ci ilin aprelində keçirilən parlament seçkiləri zamanı seçicilərin səsini rüşvətlə almaqda, “gizli səsverməni pozmaq”da ittiham olunur. Bu saxtakarlığın iştirakçısı olmaqda şübhəli bilinən 250 nəfər polis bölməsinə aparılıb. Ölkədəki repressiv addımlara baxmayaraq, nədənsə Qərbin institutları baş verənlərlə bağlı mövqe ortaya qoymur. Əslində bu siyasi gərginliklə bağlı fərqli fikirdə olanlar da var. Bildirilir ki, Ermənistanda siyasi böhranın yaranması təsadüfi deyil.
Sevinc Azadi,
“İki sahil”