KÖŞƏ

Sevinc Azadi

Humanizm və yeni əməkdaşlıq nümunəsi

12 iyun 2020 11:44
3255

Prezident İlham Əliyevin qlobal pandemiya böhranı şəraitində irəli sürdüyü çox səmərəli və kollektiv fəaliyyətə dəvət edən təşəbbüsləri dünyanın bir çox ölkələri üçün örnək göstərilir

İlin əvvəlindən bəşəriyyət üçün dəhşətli kabusa çevrilən koronavirus pandemiyası hələ də can almaqda, iqtisadiyyata ağır zərbələr vurmaqdadır. Bu fakt isə onu deməyə əsas verir ki, bəzi dövlətləri postpandemiya dövründə çox ağır günlər gözləyir. Lakin ilkin dövrdən qlobal pandemiyanı ciddiyə alıb qabaqlayıcı tədbirlər görən, müxtəlif proqramlar hazırlayan ölkələrin bu böhrandan az itki ilə çıxmaq imkanına malik olduqlarını da söyləyə bilərik. Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan da o dövlətlərdəndir ki, virusun miqyasının getdikcə böyüdüyü zamanda yenə də insan amilini üstün tutaraq vətəndaşların sağlamlığını qorumaq üçün qabaqlayıcı tədbirlər gördü. Bunun müsbət nəticəsi isə göz önündədir. Prezident İlham Əliyevin pandemiya dövründə qəbul etdiyi qərarlar, təqdim etdiyi sosial-iqtisadi paket karantin rejimində ölkə ictimaiyyətinin sosial-rifah halının daha da yaxşılaşdırılmasına xidmət etməkdədir. Dövlət işləməyən vətəndaşın maaşını ödəyir, ünvanlı sosial yardımlar verir, aztəminatlı ailələrə (2 ay) 190 manat həcmində maliyyə yardımı göstərildi. Sahibkarlıq subyektlərinə dəyən zərərin ödənilməsi, iş adamlarına böyük güzəştlərin edilməsi, bu sahədə muzdla işləyənlərin əməkhaqqının ödənilməsi ilə bağlı hazırlanan dövlət dəstəyi proqramları icra olunmaqdadır. Bundan başqa, dövlət başçısının təkcə pandemiya dövründə açılışını etdiyi zavod və fabriklər, xəstəxanalar, ictimai-iaşə obyektləri, yenidən qurulan yol-nəqliyyat infrastrukturu da təsdiq edir ki, ilin əvvəlində qəbul edilən layihələr də icra olunmaqdadır.

Bu gün dünya miqyasında çox böyük hörmətə və yüksək imicə malik olan Azərbaycan dövlətinin pandemiya ilə mübarizədəki missiyası bununla bitmir. Dünyada humanist, insansevər siyasəti ilə tanınan ölkəmizin başçısı İlham Əliyevin qəbul etdiyi qərarlara əsasən Azərbaycan pandemiya ilə mübarizədə beynəlxalq təşkilatlara, müxtəlif ölkələrə də köməyini əsirgəmədi və bu sahədə öz təcrübəsini bölüşdü. Pandemiya prosesinin dünyanı ciddi surətdə silkələdiyi, böyük təbəddülatlar yaratdığı, qeyri-müəyyən mənzərə formalaşdırdığı aprel ayının əvvəllərində Azərbaycan Prezidenti qlobal miqyasda çox səmərəli və humanist bir təşəbbüslə çıxış etdi. İlham Əliyev aprelin 10-da Türk Şurasının fövqəladə zirvə görüşünü çağırdı və orada dünyanı pandemiyaya qarşı mübarizədə həmrəyliyə, birgə əməkdaşlığa dəvət etdi! Təkrar edək ki, bu, regional təşkilat miqyasında dünyada ilk nümunə idi. Türk Şurasının üzv dövlətləri və müşahidəçi statusunda olanlar xoşniyyətli əməkdaşlıq və bəşəriyyətin təhlükəsizliyi üçün həqiqi mübarizə aparan təşkilatın böhranlı vəziyyətdə necə hərəkət etməli olduğunu bütün dünyaya nümayiş etdirdilər. Bu gözəl ideyanın müəllifi, reallaşmasının təşəbbüskarı Azərbaycan Prezidenti idi!

“Biz fərdi qaydada 14 ölkəyə humanitar yardım göstərdik. O ölkələr ki, buna onların ehtiyacı var və bizə müraciət etmişdilər. Eyni zamanda, biz Ümumdünya Səhiyyə Təşkilatı xətti ilə əlavə 15 ölkəyə humanitar yardım göstəririk. İndi bu proses gedir. Bu 15 ölkə Qoşulmama Hərəkatına üzv olan ölkələrdir. Ölkələrin siyahısı Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan tərəfindən razılaşdırılıb. Burada əsas meyar ən çox ehtiyacı olan ölkələrdir”.

Bu sözləri Prezident İlham Əliyev paytaxtın Bilgəh qəsəbəsində, həmçinin, Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxana komplekslərinin açılışında deyib. Dövlət başçısı qeyd edib ki, pandemiyanın ilkin dövründə bəzi ölkələr özlərinə qapandılar. Bəzi ölkələr humanitar məsələlərdə də özlərini elə apardılar ki, sonra yəqin utandılar. Bəzi ölkələr təşviş içində idi. Biz bəzən vəsaitlə aldığımız tibbi avadanlığı gətirməkdə çətinlik çəkirdik. Ona görə indiki şəraitdə hesab edirəm ki, dünya birliyi vahid mövqedən çıxış etməlidir.

Prezident İlham Əliyev hər zaman qeyd edir ki, çətin gündə kimin imkanı varsa, imkanı olmayana kömək etməlidir, həyatda da, siyasətdə də. Bu da Azərbaycanın adət-ənənələrinə uyğundur. Dünyada elə ölkələr var ki, maddi imkanları, resursları həddindən artıq çox ola-ola nəinki başqa dövlətlərə yardım əli uzadırlar, heç öz vətəndaşlarına kifayət qədər köməklik etmirlər. Bir çox dövlətlərin isə bunu etməyə maddi imkanları çatmır. Deyirlər “dost dar gündə tanınar”. Yardım alan ölkədən yardım edən ölkəyə çevrilən Azərbaycan dövləti bu ağır günlərdə həqiqi dost ölkə olduğunu hamıya sübut etdi. Dünya ictimaiyyəti Azərbaycanın necə bir humanist və yardımsevər ölkə olduğunu bir daha gördü. Bütün bunlar ilk növbədə Azərbaycan xalqının, onun rəhbərliyinin xeyirxahlığının, humanistliyinin və mərhəmətli olmasının parlaq göstəricisidir. Bu bir xalq olaraq bizim daxili dünyamızın təzahürüdür. Azərbaycan xalqı özünün mədəniyyəti, milli-mənəvi dəyərləri ilə seçilən xalqlardandır. Təbii ki, bu insani keyfiyyətləri özündə təcəssüm etdirən xalqın yaşayıb-yaratdığı, qurub qoruduğu müstəqil dövlət də humanist prinsiplər əsasında idarə olunur. Bu baxımdan da insan faktoru, insan ləyaqətinə hörmət prioritet məsələlər kimi qəbul edilir. Dövlətimizin pandemiyadan zərər çəkmiş ölkələrə yardım etməsinin əsasında duran amillərdən biri də budur. Ümumdünya Səhiyyə Təşkilatı da Azərbaycanın bu sahədə gördüyü işləri yüksək qiymətləndirir və respublikamızı nümunəvi ölkə adlandırır. Bu da, əlbəttə ki, cənab İlham Əliyevin humanist siyasətinə verilən böyük qiymətdir.