Sevinc Azadi |
Son vaxtlar dövlətimiz korrupsiyaya qarşı mübarizə sahəsində sistemli tədbirlər görməklə mühüm irəliləyişlərə nail olub. Şəffaflığın qorunmasına nəzarətin gücləndirilməsi, qanunu pozanlara qarşı cəza sisteminin tətbiqi neqativ halların və eyni zamanda, bu sahədə şikayətlərin azalmasına səbəb olur. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Ağstafa, Yevlax, Biləsuvar, İmişli və Neftçala rayonlarında, Mədəniyyət Nazirliyində keçirilən əməliyyatlar cəmiyyətdə mövcud narazılıqların aradan qaldırılması istiqamətində atılan addımlardan biridir. Çirkin əməllər törədən bəzi məmurların cinayət məsuliyyətinə cəlb olunması belə özbaşınalıqlardan əziyyət çəkmiş insanlara ədalətin bərqərar olmasına dair ümid verməklə yanaşı, ölkədə korrupsiyaya qarşı ciddi mübarizə aparılmasını bir daha nümayiş etdirir. Prezident öz çıxışlarında hər zaman çağırışlar edir, məmurları düzgün, ədalətli olmağa çağırır.
Azərbaycan dövləti vətəndaşlarının həyatını, sağlamlığını qorumaq üçün əlindən gələni edir. Bu gün koronavirusla mübarizə aparıldığı bu ağır dövrdə verilən ərzağı oğurlamaq, fəhlələr üçün nəzərdə tutulmuş maaşı öz cibinə qoyaraq mənimsəmək həm cinayətdir, həm də böyük vicdansızlıqdır. Belə bir vəziyyətdə imkansız vətəndaşların ərzaq paylarını, maaşlarını mənimsəyənlər ən ciddi cəzaya layiqdirlər. Atılan məqsədyönlü addımlar bir daha göstərdi ki, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. İctimaiyyət anladı ki, vəzifəsindən və səlahiyyətlərindən asılı olmayaraq qanun qarşısında hamı eynidir və hər bir şəxs qanunlara tabe olmalıdır.
Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar bu sahədə dövlət siyasətinin formalaşması, cinayət təqibinin həyata keçirilməsi və dövlət qurumları tərəfindən preventiv tədbirlərin icrası istiqamətlərində sistemli fəaliyyət həyata keçirirlər. Dövlət xidmətlərinin göstərilməsində korrupsiya hallarını tam istisna edən “ASAN xidmət” modeli beynəlxalq səviyyədə ən yaxşı təcrübə kimi qəbul edilir. Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə yaradılan və Azərbaycan brendi olan “ASAN xidmət” bir sıra dövlətlər tərəfindən öyrənilir və tətbiq edilir. Təsadüfi deyil ki, bu gün dünyanın nüfuzlu araşdırma mərkəzləri, beynəlxalq vətəndaş cəmiyyəti institutları və qeyri-hökumət təşkilatları ən uca tribunalardan Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi uğurlar barədə yüksək fikirlər səsləndirirlər.
Bu günlərdə Avropa Şurasının antikorrupsiya monitorinq orqanının hesabatı ilə bağlı məlumat təqdim olundu. Sözügedən monitorinq orqanı – Korrupsiyaya Qarşı Dövlətlər Qrupunun (GRECO) 2019-cu ildə fəaliyyətini əks etdirən hesabat parlament üzvləri, hakimlər və prokurorların fəaliyyətində korrupsiyanın qarşısının alınması məsələlərini əhatə edir. Hesabata əsasən Azərbaycan Respublikası tövsiyələri 61,9 faiz icra edib. Ölkəmiz bu göstərici üzrə Avropa Şurasına üzv 50 ölkə arasında 7-ci yerdə, MDB ölkələri arasında isə 1-ci yerdədir. Bu yüksək nəticə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində mövcud olan güclü siyasi iradə ilə bağlıdır. Belə ki, 2018-ci ildən başlanmış islahatlar prosesi ölkə həyatının hər bir sahəsini əhatə etdi. İnstitusional, kadr, struktur islahatlarından başlanmış bu proses hakimiyyətin hər üç qolunu əhatə edir. Məhz islahatların effektiv nəticəsidir ki, 2019-cu ildə dövlət büdcəsinə ancaq vergi və gömrük orqanlarından proqnozdan əlavə 1 milyard manatdan çox vəsait daxil olunmuşdur.
İslahatlar nəticəsində iqtisadiyyat şəffaflaşır, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri genişlənir. Korrupsiyaya qarşı mübarizə tədbirləri kampaniya xarakterli deyil. Bu tədbirlər davamlıdır. Ölkə başçısının qeyd etdiyi kimi, kim özünün əməllərində düzəliş edə bilmirsə, o bizimlə eyni yolun yolçusu ola bilməz. Dövlətin apardığı islahatlar prosesini və korrupsiyaya qarşı mübarizə tədbirlərini xalqımız, cəmiyyətimiz alqışlayır və bu, xalq-dövlət birliyini sarsılmaz edir.