21 aprel 2020 12:38
1162

Paşinyanın videosundan sonra İctimai TV-də istefalar davam edir

Ermənistanın İctimai Televiziya kanalında baş nazir Nikol Paşinyanın məlum videosundan sonra istefalar davam edir.

Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, daha əvvəl kanalın icraçı direktoru Marqarita Qriqoryan vəzifəsini tərk edib. Televiziyanın yayım işinə cavabdeh olan Vardan Hakobyan da işdən uzaqlaşdırılıb.

Bu gün Televiziya və Radio üzrə Milli Komissiyanın iclası planlaşdırılır. İclasdan sonra yeni kadrlarla bağlı qərarların veriləcəyi gözlənilir. İctimai Televiziya və Radio şirkətinin İdarə Heyətinin sədri Ara Şirinyanın, proqram direktoru Tereza Kərimyan, İctimaiyyətlə əlaqələr və xarici əlaqələr üzrə direktor Tiqran Danielyan, İnsan resursları departamentinin direktoru Nazeli Nikoqosyan və xəbərlər və analitik proqramlar direktoru Petros Kazaryan da istefa ərizəsi yazıblar. İstefalara səbəb baş nazir Nikol Paşinyanın vətəndaşlara etdiyi cümə müraciəti ilə bağlı videogörüntülərin yayılması olub.

Belə ki, onun koronavirus pandemiyasının sosial-iqtisadi təsirləri barədə xalqa birbaşa efirdə müraciətindən əvvəl lentə alınmış texniki məşqdə çəkilən kadrlardan düzəldilmiş video yayılıb. Kadrlarda Paşinyanın öskürdüyü, bu zaman əli ilə ağzını tutmadığı, su şüşəsini başına çəkdiyi, dərman atdığı görünür. Videonun “müəllif”ləri bəlli olmasa da, sosial şəbəkə istifadəçiləri bildiriblər ki, kadrlar sadəcə “sızdırılıb”.