04 may 2025 01:01
129

Baffett Trampın ticarət siyasətini tənqid edib

“Forbes” jurnalının versiyasına görə planetin ən zəngin beş adamı (sərvəti 168,2 milyard dollar) arasında yer alan "Berkshire Hathaway" şirkətinin baş direktoru Uorren Baffett ABŞ Prezidenti Donald Trampın ticarət siyasətini tənqid edib.

“İki sahil” xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.

"Ticarət silahla olmamalıdır. Düşünürəm ki, dünyanın qalan hissəsi nə qədər çiçəklənsə, bir o qədər firavan olacağıq, özümüzü və uşaqlarımızı o qədər təhlükəsiz hiss edəcəyik", - milyarder holdinqinin investorları ilə görüşündə deyib.

Milyarder investorların diqqətini ona cəlb edib ki, proteksionist siyasət uzunmüddətli perspektivdə ABŞ iqtisadiyyatına mənfi təsir göstərə bilər: "Biz ABŞ-də dünyanın qalan hissəsi ilə ticarət etməyə çalışmalıyıq".

Xatırladaq ki, Tramp aprelin 2-də 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini açıqlamışdı. 10 %-lik universal tariflər aprelin 5-də, fərdi tariflər isə aprelin 9-da qüvvəyə minib. Bundan sonra ABŞ lideri bir sıra ölkələr və ərazilərdə qarşılıqlı əsasda tətbiq olunan əlavə idxal rüsumlarını 90 gün müddətinə dayandırdığını bəyan edib. Ağ Ev-dən bildirilib ki, fasilə ticarət danışıqları ilə bağlıdır və bu müddət ərzində 10 %-lik universal tarif qüvvədə olacaq.

Eyni zamanda ABŞ lideri Çin məhsullarına rüsumları 125 %-ə qaldırıb. Kanada, Çin və Meksika hökumətlərinin ABŞ-a fentanil qaçaqmalçılığı ilə mübarizə üçün kifayət qədər səy göstərmədiyi iddiası ilə daha əvvəl də 20 % tarif tətbiq edilmişdi. ABŞ-nin Çindən gələn mallara tətbiq etdiyi ümumi tariflər hazırda 145 %-ə çatır.