KÖŞƏ

Sevinc Azadi

Paşinyan niyə narahatdır?

15 avqust 2019 19:28
2059

Ən müxtəlif sahələrdə kobud surətdə pozulan hüquqlar, daxili və xarici siyasətdə yaşanan çoxsaylı problemlər cəmiyyətin Nikol Paşinyanın hakimiyyətindən narazılığını daha böyük sürətlə artırmaqdadır. Özü üçün yaranan təhdidi nəzərə alan hökumət sosial şəbəkələr, media üzərində ciddi nəzarət həyata keçirmək istəyir. Məlum olduğu kimi, sosial şəbəkələrdə feyk profillərin aşkarlanması və tədbir görülməsi ilə bağlı Ermənistanın baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyana təlimat verib. Paşinyan guya ictimai rəyin manipulyasiya edilməsinə milyonlar sərf edən dairələrin olduğunu deməklə, Milli Təhlükəsizlik Xidmətinin direktoruna bildirib ki, aralarında aparılan söhbət nəticəsində onun rəhbərlik etdiyi qurumun bu məsələdə konkret nəticələr əldə edəcəyinə əmindir. Belə çıxır ki, Paşinyan ona qarşı müxalif mövqedən çıxış edənləri neytrallaşdırır. Belə ki, Paşinyanın “feyk nyus”-”saxta xəbər” bəhanəsi ilə yerli mediaya və sosial şəbəkəyə hücum çəkməsi, feysbukdakı  bir satirik səhifə müəllifinin həbs edilməsi və “saxta xəbərlər”lə bağlı təhlükəsizlik xidməti orqanına müraciət etməsi ekspertlər tərəfindən söz və mətbuat azadlığına zərbə, eləcə də  internet azadlığının pozulması kimi qiymətləndirilir. Məsələ burasındadır ki, Paşinyan müxalif siyasi düşərgədə mübarizə apararkən xalq onun siyasi fəaliyyətindən, çağırışlarından məhz Ermənistan kütləvi informasiya vasitələri, eləcə də sosial medianın köməyi ilə xəbər tuturdu. Necə deyərlər, Paşinyan  baş nazir postuna yüksəlməsinə  görə həm də məhz mediaya minnətdar olmalıdır. Baş nazir postuna seçilənə qədər istər ənənəvi mediadan, istərsə də, internet KİV və sosial şəbəkədən bəhrələnərək, “xalqın etimadını qazanmış”  Paşinyan bütün bunları unudur və artıq müstəqil medianı, azad fikir ifadə edən sosial şəbəkə səhifələrini belə özü üçün “təhlükə” hesab edir.

İnformasiya Azadlığı Mərkəzinin rəhbəri Şuşan Doydoyan “panorama.am” saytına verdiyi açıqlamada baş nazirin media ilə bağlı qərarını tənqid edərək  bildirib ki, “bu cür formatda çıxışı qəbuledilməz hesab edir. Bu təhlükəli nəticələrə gətirib çıxara bilər.” Onun sözlərinə görə, hökumət mətbuata ünvanlanan üzrxahlıq kimi açıqlama ilə çıxış etməlidir ki, o, bu göstərişdə  KİV-i nəzərdə tutmayıb və onlar ifadə etdikləri fikrə görə təhlükədə olmamalıdır: “Sözügedən mesaj isə barmaqla kobudcasına KİV-i göstərmək deməkdir. Hökumətin birinci  rəsmi şəxsinin informasiyanın qarşısının alınması ilə bağlı göstərişini qəbuledilməz hesab edirəm.”

Erməni jurnalistlərinin fikrincə, indiki halda hökumətin demokratiyadan, insan hüquqlarından danışmağa mənəvi haqqı yoxdur. Ölkədə addımbaşı mətbuat nümayəndələrinin hüquqları pozulur. Qəzetlər və saytlar müxtəlif bəhanələrlə bağlanılır. Ermənistan Avropa Şurası qarşısında söz azadlığının qorunmasına dair öhdəlik götürüb. Avropa Şurası Ermənistanda KİV azadlığının səviyyəsinin qaldırılmasını dəfələrlə tələb edib. Lakin illərdir cəmiyyət bunun əksini müşahidə edir. Xatırlatmaq yerinə düşər ki, 2018-ci ilin sentyabr ayında “Yerevan.Today” saytına və “Qraparak” qəzetinə basqın siyasi dairələrdə də birmənalı qarşılanmamışdı. Hüquq mühafizə orqanlarının bu addımı informasiya terroru adlandırıldı. Erməni jurnalist Qriqor Atanesyan qeyd etmişdir ki, mətbuatın işi əldə etdiyi informasiyanı yaymaqdır. Paşinyan nüfuz qazana bilməməsinin günahını KİV-də axtarır. Bu isə kökündən yanlışdır.

Göründüyü kimi, Ermənistan mediasında söz və mətbuat azadlığı təhlükə astanasındadır. Lakin maraqlı burasıdır ki, insan haqları, söz və mətbuat azadlığı ilə bağlı daim məruzələr edən beynəlxalq təşkilatlar və siyasi dairələr bununla bağlı heç bir reaksiya bildirməyə tələsmir, susmağa üstünlük verirlər. Halbuki həmin “söz azadlığı” carçıları ölkəmizdə gedən müsbət dəyişiklik və inkişafa baxmayaraq, guya, ölkədə  media və söz azadlığının pozulması ilə  bağlı qərəzli  hesabat və yazıları tirajlayırlar. Bu da, əslində, insan haqları kimi ali dəyərlərin artıq beynəlxalq təşkilatlar tərəfindən siyasi alətə çevrildiyinin və ikili standartların bariz nümunəsidir.