Sevinc Azadi |
Avropa Birliyinin müxtəlif ölkələrində və ABŞ-da məskunlaşan, özlərini “siyasi-ictimai fəal” və ya “müstəqil bloqer” adlandıran, əsasən “YouTube” və “Facebook” vasitəsilə Azərbaycan vətəndaşlarına ünvanlanmış çağırışlar edən şəxslərin sayı az deyil. Onlar sanki retrovirus sporları kimi artır, sosial şəbəkələrdə fəaliyyətlərini genişləndirməyə çalışırlar. İstisnasız olaraq hamısı “Azərbaycanda demokratiya, insan haqları və vətəndaş cəmiyyəti” uğrunda mübarizə apardıqlarını, bu işdə maddi məsələləri əsla düşünmədiklərini, məqsədlərinin sadəcə, “Azərbaycan insanının mənafeyini qorumaq (!) və “hakimiyyətə qarşı mübarizə” olduqlarını söyləyirlər. Orduxan Bəbirov, Vidadi İsgəndərli, Nahid Cəfərov, Arif Məmmədov, Emin Hüseynov, Məhəmməd Mirzəli, Qurban Məmmədov, Tural Sadıqlı, Səid Nuri, Natiq Ədilov və sair və ilaxır... Onlardan savayı, ən müxtəlif adlı “TV”lər, “kanal”lar və “qrup”lar da var.
Doğrudanmı bu insanlar müstəqil fəaliyyət göstərir, yalnız və yalnız siyasi mübarizə ilə məşğul olur, demokratiya ilə insan haqlarına dəstəklə məşğul olurlar?! Gerçəkdənmi onları kimsə maliyyələşdirmir və sadəcə, öz hesablarına fəaliyyət göstərirlər?! Suallara cavab istəyəndə bu adamlarda qıcıq yaranır, həmin şəxslərin “Facebook” səhifələrinin və “YouTube” kanallarının abunəçiləri ilə təqibçiləri arasında vay-şivən qopur, mərəkə başlanır, sual verən söyülür, təhqir edilir, ən yaxşı halda “hakimiyyət trolu” adlandırılır. Sual isə cavabsız qalır...
Halbuki ötən il Almaniya və Fransada olarkən “məşhur müstəqil bloqer”lərdən biri, sosial şəbəkələrdə “TV kanalı” və çoxsaylı səhifələri olan “demokratiya mübariz”lərindən biri ilə təsadüfi görüş alındı. Həmin şəxs bu sətirlərin müəllifinə söhbət əsnasında buyurdu ki, hər şey maliyyə ilə bağlıdır. “Hakimiyyət mənə maliyyə ayırsın, ofis təşkil etsin, xərclərimi ödəsin - müxalifəti içdən parçalamağa başlayım. Zahirən olduğum kimi qalım, amma bütün göstərişləri yerinə yetirim”. “Satılmaz və sarsılmaz əqidəli” olduğunu deyən bu adam aylıq “qonorar”ını 30 min avro məbləğində müəyyənləşdirmişdi.
Zahirən soyuqqanlı, sivil və səbrli görünməyə çalışan Sevinc Osmanqızıdan tutmuş, marginallığı və qeyri-adekvatlığı ilə hətta ən aqressiv “bloqer”ləri belə, iyrəndirən Vidadi İsgəndərliyədək “bloqer”lərlə “mübariz”lər sadəcə, pula xidmət edirlər. Onları nə Azərbaycan maraqlandırır, nə Azərbaycanın problemləri, nə də Azərbaycanın insanları. Yalnız pul. Yeri gəlmişkən, ABŞ-a mühacirət etdikdən sonra oradan gecə-gündüz Azərbaycan xalqına ağıl öyrədən Sevinc Osmanqızının fəaliyyəti onsuz da cəmiyyətimiz tərəfindən təqdir edilmirdi. Son aylarda isə bu adam özünü şişirdərək, guya ən çox təqib və təhqir olunan müxalifətçi jurnalist olduğunu dilə gətirirdi. Belə bir obraz yaratmışdı ki, sanki xaricdəki mühacirlərdən əsas müxalif fiqur budur, ona təzyiqlər var və s. Bəlkə də məhz onun ortaya bu cür yanaşma qoyması oldu ki, digər mühacir, “Oyan” adlı passiv bir təşkilat yaradıb, xaricdə yeyib-yatan biri- Nahid Cəfərov Sevinci tikanlayıb... Sosial şəbəkələr üzərindən anlaşılmayan, siyasi-fəlsəfi çıxışlar etməklə özünü savadlı göstərməyə və bu üsullarla gənclər arasında rəğbət qazanmağa çalışan Nahid Cəfərovun diplomat şərəfinə hansı formada ləkə gətirdiyini zatən xalq gözəl bilir. Sevinc Osmanqızı da boş dayanmayaraq özünün “Facebook”dakı profilində status yazıb ki, guya özünün “möhtəşəm” efiri üstündə müxalifətdə dava gedir. Sanki Sevinc Osmanqızı BBC, CNN və s. kimi nüfuzlu bir telekanallarda efirə çıxır ha! Daha sonra fikrini belə izah edib: “Başa düşmədim, “Facebook”dan, “YouTube”dən sizdə yoxdur? Mən düyməni basıb danışmıram? Siz niyə etməyəsiniz? Əl-qolunuzu mən bağlamışam?! Ən gülməlisi isə Nahid Cəfərovdur. “Oyan”a həftədə bir yox, iki veriliş imkanı vermişəm. Əvvəl şəxsi problemi olub, sonra öz kanalında davam edib. Çox yaxşı. İndi məndən nə istəyir? Heç olmasa, bu qədər aydın etməyin. Məsələn, həftədə bir “etiraz” təşkil etmək olardı. Bu daha inandırıcı görünərdi, komandanı kim veribsə, barıtı çox düşüb”.
Əvvəla, əvvəllər dost, eyni cəbhədə olan iki nəfərin belə bir birinə “gülməli adam”, “sifarişlə işləyən” və s. deyib ittiham etməsi müxalifət adına çox anormal və bir qədər də iyrənc görünür. Özgə vaxtı birlikdən, həmrəylikdən danışıb xalqa ağıl öyrədənlər, əcəba, özləri niyə vahid məxrəcə gələ bilmirlər, mehriban ola bilmirlər?! İkincisi isə Sevinc Osmanqızı statusunda aşkar şəkildə qarşı tərəfə və digər onun üstünə gələn müxalifətçilərə söz atır ki, sifarişlə ona qarşı kampaniya aparırlar və aydın şəkildə bu hücumu ortaya qoyublar. Bu da ondan xəbər verir ki, müxalifət daxilində hələ də bir-birinə qarşı inam, etimad, etibar hissi formalaşmayıb.