Əvvəli ötən sayda
Məhz burada, Xəzər dənizinin sahilində Bakının Bibiheybət qəsəbəsində dərin neft quyularının qazılmasına başlandı və bakılıların ilk təşəbbüsündən yalnız bir neçə il sonra Pensilvaniyada (ABŞ) mexaniki üsulla dərin qazmalar başlandı: 1859-cu ildən Vennanoda (Pensilvaniya) böyük neft yatağı açılandan sonra kommersiya xarakterli neft mədəninin qazılmasına başlanılır (“polkovnik” Edvin Dreyk mexaniki burla 75 fut (təqribən 27 m) dərinliyində ilk quyunu qazır, neft alır və bununla Taytusvilldə, Pensilvaniya ştatında neft yatağı açılır).
Belə bir faktı qeyd edək ki, 1870-ci ildə torpaqölçən A.Avilov Bibiheybətin xəritəsini tərtib edərkən orada 25 kəhrizin və 2 quyunun olmasını göstərmişdir.
Abşeronda XIX əsrin 50-ci illərinin birinci yarısında mexaniki üsulla qazılmış digər quyular haqqında da sonralar əldə edilmiş məlumatlar vardır. Məsələn, Zaqafqaziya Xəzinə (Dövlət) Palatasının 15 aprel 1854-cü ildə bir iltizamçıya verdiyi müqaviləyə əlavə edilmiş sənəddə olan siyahıda neft mənbələri sırasında göstərilir: “... Beybət sahəsındə maye qara neft verən iyirmi beş kəhriz və iki qazma quyusu var”. Bu məlumatlar göstərir ki, 1854-cü il aprelin 15-dək Bibiheybət ərazisində, dəniz sahilində mexaniki üsulla iki quyu qazılmış, onlar 26 və 27 nömrəli quyular kimi qeydə alınmışdır.
Neftçıxarma işinə iltizam sisteminin tətbiqi şəraitində 1850-ci ildə Abşeronda neft quyularının sayı 120 olmuş və 260000 pud neft çıxarılmışdı, lakin sonrakı on ildə quyuların sayı artaraq 218-ə çatmışdır və bununla bağlı artıq yeni işçi qüvvəsi tələb olunurdu. Nəticədə iltizam sistemi ilə istismarda olan quyularda muzdlu əməkdən istifadə etməyə başladılar.
Qeyd etmək lazımdır ki, 1850-ci ildən 1872-ci ilədək (iltizam sisteminin son ili) Bakı rayonunun neft mənbələri yenidən iltizama (icarəyə) verilir və bu işdə yenə ənənəvi olaraq qeyri- azərbaycanlılara üstünlük verilirdi. 1850-1863-cü illərdə iltizamçı Ter-Qukasov, 1863-cü ildən iltizam sisteminin ləğvinəcən isə İ. Mirzəyev olmuşdur və o, neft və duz istehsalına görə ilk dörd ildə xəzinəyə (dövlətə) hər il 162 min rubl və sonrakı illərdə isə 136 min rubl ödəmişdi.
XIX əsrin ortalarından Abşeronda neft sənayesinin sürətli inkişafı və Bakının quberniya şəhəri statusu alması (imperator II Aleksandrın 1860-cı il 6 dekabr tarixli fərmanı ilə Bakı quberniya şəhəri statusu aldı) burada əhalinin çoxalmasına səbəb oldu. Şəhərdə əmək adamları ordusu yaranırdı. Onların əsasını isə - mədəndə çalışan fəhlələr - quyu qazan kənkənlər, quyudan jelonka (ucu ipə bağlanmış, diametri 250 mm və uzunluğu 10 metr olan adi boru və ya silindrik vedrə) ilə neft çıxarıb çənlərə boşaldan dartayıçılar, neft gölməçələrindən və dənizin üzündən əski ilə neft yığan “cındırçılar” və başqaları təşkil edirdilər.
Rusiyada kapitalizmin inkişafı, sənayenin yüksəlişi, nəqliyyatın və şəhər əhalisinin artması ilə əlaqədar, artıq XIX əsrin 60-70-ci illərində işıqlandırma və yağlayıcı materiallar qismində daxili bazarda neft və neft məhsullarına olan tələbat artmağa başladı ki, bu da Bakıda neft hasilatının çoxalmasına birbaşa təsir göstərdi.
1859-cu ildə Rusiyada ilk dəfə təbii qazın Abşeronda, Suraxanıda V.Kokorevin (1817-1859-cu illər) zavodunda neft təqtiri (emalı) ənbiqlərinin (kublarının) qızdırılması, zavodun inzibati və istehsal binalarının işıqlandırılması üçün yanacaq qismində sənaye məqsədilə istifadəsinə başladılar.
1862-ci ildə Abşeronda artıq 334926 pud neft çıxarılmışdı. On il ərzində (1863-1873- cü illər) Abşeronda neft hasilatı 395470 puddan 1 592 000 puda qədər və ya 4 dəfə artmış oldu.
1861-ci ildə Rusiyada təhkimçilik sisteminin ləğvindən sonra 1872-ci ildə manufaktura sənayesinin fabrik-zavod istehsalı mərhələsinə keçidi başa çatdı. XIX əsrin 70-90-cı illərində neft sənayesinin intensiv inkişaf dövrü, bu sahədə fərdi sahibkarlıq dövrü başlandı. Məhz bu dövrdə neft sənayesində texniki çevriliş baş verdi - neftin quyulardan jelonka ilə çıxarılmasında dartaylama üsulu geniş tətbiq olunmağa başlandı. Nəticədə neft istehsalı sürətlə artmağa başladı. Belə ki, 1872-ci ildə Abşeronda 1.400.000 pud (22900 ton) neft hasil edilmişdi.
Bakı neft rayonunda neft hasilatının artımı əsasən işlək kəhriz quyularının və yeni neft quyularının qazılması hesabına gedirdi. 1862-ci ildən 1872-ci ilədək kəhriz quyularının sayı artaraq 220-dən 415-ə çatmışdı. Bundan başqa, yeni quyular daha dərinə qazılırdı ki, bu da öz növbəsində onların məhsuldarlığına təsir edirdi. 1860-cı ilədək quyuların dərinliyi əsasən 10-15 metrə çatırdısa, 1870-ci ildə bu dərinlik artıq 30-35 metr təşkil edirdi.
XIX əsrin ikinci yarısından isə neft sənayesinin inkişafı ilə əlaqədar elmi-tədqiqat işlərinin aparılmasına da maraq artır. Nefti kimyəvi cəhətdən öyrənən tədqiqatçılardan biri məşhur kimyaçı-alim Dmitri İvanoviç Mendeleyev olmuşdur. D.Mendeleyev hələ XIX əsrin 60-ci illərindən, Peterburq Texnoloji İnstitutunun professoru olduqdan və 1863-cü ildə Qafqaza və Abşerona (Bakıya) səfər etdikdən şonra neft mövzusu ilə maraqlanırdı.
1864-cü ildə tanınmış geoloq-alim G.V.Abix (o, mənşəcə alman idi) Qafqazın böyük bir ərazisini tədqiq etmiş, bu ərazilərin əsas geoloji quruluşunu öyrənmiş, Qafqazda çöküntü süxurlarının stratiqrafiyasının bəzi məsələlərini işləmiş, faydalı qazıntılar olan yataqların təsvirini vermişdir. Sonralar o, Xəzərin Azərbaycan sahillərinin geoloji tədqiqatlarının nəticələrini çap etdirmişdir (“Otçyot po issledovaniyu mestorojdeniy nefti v Zakavkazskom krae i na Tamanskom poluostrove”, Tiflis, 1867). G.Abixin bu tədqiqatları sonralar Xəzər şelfinin neftli yataqlarının geoloji quruluşunu öyrənməyin əsasını qoymuşdur.
Yeni sahibkarlar amerikalılardan nümunə götürərək neft hasilatında ilk dəfə yeni qazma üsulunu tətbiq etməyə başladılar. Qafqazda mexaniki üsulla qazmanın tətbiq olunması ilə bağlı cəhdlər bundan əvvəl də mövcud idi. Belə ki, 60-cı illərin ortalarında Kokorev və Qubonin neft hasilatında qazma mərmilərindən istifadə edirdilər, amma hökumət bu üsulun tətbiqinə qadağa qoydu. Buna səbəb Abixin bu məsələ ilə əlaqədar 3 il ondan öncə hökumətin tapşırığı ilə Abşeronda apardığı araşdırmalardan sonra qazma mərmisinin quyuların qazılmasında yararsızlığı barədə çıxardığı nəticə olmuşdu. Bununla akademik H.Abix neft hasilatında dağ süxurlarının qazma üsulu ilə dağıdılmasının qiymətləndirilməsində ciddi səhvə yol verdi.
Rusiyada neft və neft məhsullarına artan tələbat Bakı bölgəsində neft istehsalı üsulunun təkmilləşdirilməsini tələb edirdi. 1863-cü ildə Pirallahı adasında mexaniki üsulla quyu qazmaq üçün göstərilən təşəbbüs uğursuzluqla nəticələnir.
1866-cı ildə Zaqafqaziya Neft Yoldaşlığı (cəmiyyəti) (sonralar Bakı Neft cəmiyyəti) hökumətə öz mədənlərində qazma işlərinə başlamaq haqqında xahişlə müraciət etdi, lakin rədd cavabı aldı. Yalnız 1868-ci ildə neft quyularının yeni üsulla qazılmasına rəsmi icazə verildikdən sonra, 1869-cu ildə Abşeronda, Balaxanıda iltizamçı İ.Mirzəyev (bəzi mənbələrdə Ağarza Mirzəyev) sadə mexaniki üsulla - ağac ştanqlar tətbiq etməklə zərbə yolu ilə (taraz-balansir, bucurqad və əl nasosu tətbiq etməklə) 20 sajen (42 m) dərinlikdə olan ilk quyunu qazdı, lakin nəticə əldə edə bilmədi. Dartaylama sınağı zamanı quyunun 10-15 m dərinliyindən usta Allahyar uğultu səsi eşidir və sonra quyudan təzyiqlə qaz və su vurur. Gözlənilmədən qaz vurması, yeraltı uğultu səsi, quyu üzərində qum və su sütununun qalxması ustanı bunun şeytan əməli olduğuna inandırmışdı. Qazma ustasının təkidi ilə quyunu tez bir anda daş və qumla doldurmuşlar. Bu quyu Abşeron yarımadasında neft sənayesinin inkişafının başlanğıc dövrü oldu.
1871-ci ilin iyulunda Mirzəyev özünün ikinci qrup sahəsində həmin dərinlkdə olan ikinci quyunu qazdırdı və bu quyu gün ərzində əvvəlcə 700 min pud, sonra isə orta hesabla 2 min pud neft verən güclü fontan ilə işləməyə başladı. O gündən başlayaraq 40-50 m dərinliyə malik quyuların mexaniki (zərbəli-ştanq) üsulla aramsız qazılmasına başlandı və yeni quyuların kənkən üsulu ilə qazılması təcrübəsinə, demək olar ki, son qoyuldu. 1872-ci ildə Mirzəyevin Balaxanıda olan 3-cü qrup sahəsində daha bir neft quyusu fəaliyyətə başladı.
1871-ci ildən Abşeron yarımadasında Bakı-Sabunçu-Ramanı yataqlarının sənaye üsulu ilə işlənməsinə başlandı, 1872-ci ildə isə yerin təkinın sənaye işlənməsi geniş tətbiq edilməyə başlandı və təkcə 180 desyatin (1desyatin -1,0925 ha) sahədə olan 16 fontan və 158 kəhriz quyusundan 4 milyon pud neft əldə edildi. Ümumiyyətlə,1872-ci ilin 1 fevral tarixinə Abşeronun dövlət neftli torpaqları 48 sahəyə bölünmüşdü (hər biri 10 desyatin olmaqla): Balaxanı sahəsində - 15, Bibiheybətdə - 2, Binəqədidə - 2, qalanları isə Digəh, Xırdalan, Suraxanı və başqa kəndlərin bağ sahələrində idi.
1821-1872-ci illərdə neft hasilatı gah iltizamçılara, gah da dövlət idarəçiliyinə verilirdi. 35 illik iltizam dövründə 16 276 656 pud, 16 illik dövlət idarəçiliyi dövründə isə 5 078 464 pud neft çıxarılmışdı, yəni iltizam dövründə ildə 465 min pud, dövlət (xəzinə) idarəçiliyi dövründə isə ildə 317 min pud neft hasil edilmişdi.
Neft mədənlərində çalışan təhkimçilərin qul əməyi və iltizam sistemi neft işinin inkişafına mane olurdu. Neft quyularını əldə edən iltizamçı neft hasilatı texnikasının təkmilləşdirilməsində maraqlı deyildi, çünki dörd ildən sonra o, başqasının əlinə keçə bilərdi. Bu səbəbdən neft işinin texnikası bəsit səviyyədə qalmışdı. Onu demək kifayətdir ki, Bakı neft rayonunda iltizam sisteminin mövcud olduğu dövrdə bir dənə də olsa mexaniki emalatxana tikilməmişdi. İltizamçı neftə inhisarçı hüququna malik idi. İltizamçıya neftin hasilatında və satışında verilmiş hədsiz imtiyazlar bazarda özbaşınalığa münbit şərait yaradırdı. Artıq 60-cı illərin sonunda iltizam sisteminin ləğv olunmasına tələb duyulurdu, çünki bu tədbir həm neft sənayesinin, həm də iltizam dövründə az gəlir əldə edən dövlət xəzinəsinin maraqlarına cavab verirdi. Hamı üçün aydın idi ki, iltizam sistemi neft sənayesinin inkişafını məhdudlaşdırır.
Azərbaycanda neftçıxarma sənayesinin inkişafında 1864-cü ildə icbari əməyin və 1872-ci ildə iltizam sisteminin təsviyyəsi (ləğvi) mühüm rol oynadı. İcbari əməyin və iltizam sisteminin aradan qaldırılması neftçıxarma sənayesində feodal-asılılıq münasibətlərinin tamamilə ləğv edilməsi və sahənin azad kapitalist inkişaf yoluna keçməsi demək idi. Neft sənayesində iltizam sistemini mülkiyyət münasibətlərində yeni sistem əvəz etdi.
1850-1872-ci illərdə Bakı neft mədənləri yenidən iltizama verildi və yenə də bu neftçıxarma işində əsaslı dəyişikliyə səbəb olmadı. Nəhayət, 1872-ci ildə çar Rusiyasının dairələri alimlərin, mühəndislərin və sənayeçilərin inandırıcı sübutlarını əsas götürərək 1872-ci il fevralın 1-də neft sənayesində iltizam sisteminin ləğv olunması haqqında fərman imzaladı və bununla da Azərbaycan neft sənayesi tarixində yeni mərhələnin əsası qoyuldu.
Cəbi Bəhramov
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun
elmi işlər üzrə direktor müavini, t.ü.f.d., dosent