Sevinc Azadi |
Artıq 30 ildən çoxdur ki, davam edən Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi getdikcə bir qədər də dalana dirənməkdədir. Buna səbəb isə Ermənistanın baş naziri Nikol Paşinyanın son günlər heç bir məntiqə söykənməyən və hüquqi əsası olmayan populist çıxışlarıdır. Bu günlərdə Paşinyan yenə də siyasətdən kənar sərsəm bəyanatları ilə yadda qalıb. Ziddiyyətli çıxışları ilə hər zaman gülüş obyektinə çevrilən Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı səsləndirdiyi “Qarabağ məsələsində sülh əvəzinə ərazilərin qaytarılması imkanlarını müzakirə etməyəcək” fikrinə cavab çox özünü gözlətmədi. Düşmən ölkənin baş nazirinin bu bəyanatına münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, cənab Paşinyanın məntiqini anlamaq çətindir: “Məlum olduğu kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında aparılan danışıqların təməlində, məhz Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması durur. Bu tələb BMT-nin Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsində, eləcə də münaqişənin həlli ilə bağlı demək olar ki, bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə əks olunur. Belə olduğu təqdirdə sual meydana çıxır: cənab Paşinyanın bu mövqeyi onun danışıqlardan imtina etməsi deməkdirmi?”
Açıq-aydın görünür ki, N.Paşinyan danışıqlar formatını dəyişdirmək və onu Ermənistana sərf edən formaya yönəltmək niyyətindədir. Baş nazirin bu cür bəyanatları göstərir ki, onun sülhlə bağlı iddiaları səmimi deyil və beynəlxalq auditoriyaya hesablanıb. Paşinyan danışıqlar prosesinin real vəziyyəti haqqında tam məlumatlı deyil. Onun verdiyi bəyanatlar inqilab dalğasında hakimiyyətə gəlmiş birisinin daxili auditoriyanın qarşısında simasını itirməmək məqsədi daşıyır. Eləcə də Paşinyanın ölkə daxilində qanunçuluğu bərpa edəcəyi, “sehrli çubuqla” hər şeyi öz yoluna qoyacağı barədə iddiaları onun dövlət idarəçiliyində hələ çox təcrübəsiz olduğunun göstəricisidir.
Digər tərəfdən, Paşinyanın bu cür bəyanatlarla çıxış etməsi ilk növbədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı formalaşmış formata, ATƏT-in Minsk qrupu həmsədrlərinin mövqeyinə hörmətsizliyidir. O, söylədiyi fikirlərlə bu günə qədər Minsk qrupu çərçivəsində aparılan danışıqları heçə endirmiş olur.
Heç kəsə sirr deyil ki, Ermənistan tərəfi danışıqlar prosesini daim pozub. İndiyədək tərəflərə 6 plan təqdim edilib: - paket, mərhələli, “ümumi dövlət”, “Ki Uest” planı, Amerikanın Minsk qrupunun iradəsi xaricində irəli sürdüyü plan və nəhayət, “Madrid prinsipləri”. Təkliflərin bir hissəsi problemin paket, bir hissəsi mərhələli həllini nəzərdə tutub. Paket həll variantından 1997-ci ildə imtina olunub. 1998-ci ildə irəli sürülən “Ümumi dövlət” modelinə Azərbaycan da razı olmayıb. Hazırda müzakirə edilən “Madrid prinsipləri”ni həm Ermənistan, həm də Azərbaycan qismən qəbul etsə də, razılıq əldə etmək mümkün olmayıb.
“Madrid prinsipləri”nə görə, ərazilərin geri qaytarılması və güc tətbiq etməməklə bağlı öhdəlik var. Bundan başqa, Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə hüququ, əlavə olaraq, təhlükəsizlik mexanizmlərinin tətbiqi, bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsi də öz əksini tapıb. Rəsmi Bakı bu təkliflərin bir qisminə razılıq vermir. Qərbin prinsipial mövqeyi belədir ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır. İndiyədək aparılan bütün danışıqlarda Azərbaycan öz ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı mövqenin tam qətiləşməsinə nail olub. Bu isə Ermənistanın danışıqlar prosesində fiaskoya uğraması anlamına gəlir. Ona görə də İrəvan heç bir nizamlanma variantı ilə razılaşmaq istəmir. Danışıqlar prosesini uzatmağa çalışmasının əsas səbəblərindən biri də elə bu məqamdır. Çünki rəsmi İrəvan Dağlıq Qarabağla bağlı planlarını reallaşdıra bilməyəcəyini çox gözəl anlayır.