Sevinc Azadi |
Dünyanın bir sıra ölkələrində, qarşıdurmaların, toqquşmaların intensivliyinin artması və böyük dövlətlərin həmin region uğrunda mübarizəsinin daha amansız məzmun kəsb etməsi fonunda Cənubi Qafqazda geosiyasi vəziyyətin dinamikası maraq doğurur. O cümlədən Ermənistan hakimiyyətinin yeritdiyi yarıtmaz və asılı siyasətin bölgəyə hansı fəsadlar verə biləcəyi üzərində düşünməyə dəyər. Hətta erməni ekspertlər hesab edirlər ki, rəsmi İrəvan çox mürəkkəb vəziyyətdədir və ölkədə bu vəziyyəti müsbətə doğru dəyişə bilən bir qüvvə yoxdur. Hökumətin atdığı addımlar bir-birinə ziddir. Bu durum bütövlükdə Cənubi Qafqaz üçün arzuolunmaz nəticələr verə bilər. Analitiklərin həmin aspektdə söylədiyi fikirlərin təhlili göstərir ki, bütün hallarda bölgə dövlətləri daha ehtiyatlı mövqe tutmalıdırlar. Ermənistan regionun qeyri-müəyyənlik mənbəyi olaraq qalır. Artıq parlament buraxılıb və Ermənistan növbədənkənar seçkiyə hazırlaşır. Ekspertlər prosesin bu cür gedişinin geosiyasi tərəfləri haqqında fikirlərini bildirirlər. Burada daha çox iki kontekstə diqqət yetirilir. Birincisi, ABŞ-ın bu vəziyyətə münasibəti. İkincisi, Rusiyanın yaranmış duruma reaksiyası. Hər iki aspekt üzrə ziddiyyətli fikirlər səslənməkdədir.
Bəzi ekspertlər Amerika ilə Rusiyanın maraqlarının Ermənistanda toqquşduğu qənaətindədirlər. Onların əksəriyyəti hesab edir ki, bu mövqelər hətta barışmaz səviyyədədir. Belə ki, Moskva hesab edir ki, N.Paşinyan Vaşinqtonun layihəsidir. Amerikanın başlıca məqsədi isə Ermənistandan Rusiyanı sıxışdırmaqdan ibarətdir. Vaşinqton bunun üçün Gürcüstanda baş verənlərə oxşar ssenari üzrə hərəkət edir. Yəni əsasən ictimai rəyi antirusiya müstəvisinə yönəltməyə çalışır və eyni zamanda, sosial şəbəkələr, QHT-lər vasitəsi ilə təşkilatlanmış fəaliyyət təşkil edir.
Rusiyalı ekspertlərin fikrinə görə, N.Paşinyanın hakimiyyətə gətirilməsi məhz bu ssenari üzrə gedib və bunu ABŞ-ın Ermənistandakı keçmiş səfiri Riçard Mills açıq etiraf edib. R.Millsin Ermənistan-Amerika ticarət palatasının tədbirindəki çıxışına Moskva dərhal reaksiya verib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, “Vaşinqton nümayişkaranə tərzdə xarici ölkələrin daxili işlərinə qarışır”. Bunu o, amerikalı səfirin ölkəsinin Ermənistanda müəyyən qruplara və şəxslərə bir neçə on ildir ki, aktiv dəstək verdiyi və “vətəndaş cəmiyyətinin və KİV-lərin möhkəmlənməsi üçün” əlavə 26 milyon dollar yardım ayırdıqları haqqında dediyi fikirlərə qarşılıq olaraq ifadə edib.
Görünən odur ki, Ermənistan bir dövlət olaraq başlanğıcdan müstəqil siyasət yeritməyib. Burada onun tarixi, siyasi və geosiyasi səbəbləri üzərində dayanmaq imkanı yoxdur. Konkret faktlar sübut edir ki, Ermənistan hakimiyyəti həmişə kənardan verilən əmrlərə uyğun davranıb və təbii ki, həmin mənbədən edilən hədələr qarşısında da duruş gətirə bilməz. Yəni, rəsmi İrəvanın kənar qüvvələrdən asılılıqdan qurtulmağa iradəsi çatmır. Onun atmaq istədiyi hər bir addım bütövlükdə region üçün yeni problemlər yaradır. Hazırkı həssas geosiyasi mərhələdə bunun nə dərəcədə qorxulu olduğunu təsəvvür etmək çətin deyil.
Buradan belə bir nəticəyə gələ bilərik ki, bu ilin dekabrın 9-da keçirilməsi nəzərdə tutulan parlament seçkiləri ümumən Ermənistanın sosial-siyasi həyatında qeyri-müəyyənliyi daha da artıracaq. Daxili siyasi qüvvələrin seçki qərarına münasibəti də bu tezisi gücləndirir. Məsələn, Robert Koçaryan növbədənkənar seçkinin keçirilməsi üçün bütün tərəflərə bərabər şəraitin yaradılmadığından bəhs edib. O hesab edir ki, N.Paşinyan hakimiyyəti erməni müxalif düşərgəsinə təzyiqlər edir. Hətta bir qrup bloger özlərinə qarşı olan təzyiq haqqında ictimaiyyətə məlumat verib.
Bütövlükdə Ermənistan siyasi mühiti seçki öncəsi parçalanmış haldadır. Burada özündənrazı Paşinyan tərəfdarları ilə yanaşı, gələcək siyasi həyatından ehtiyatlanan “sarkisyançılar”, “koçaryançılar” və köhnə komandanın maliyyə qaynaqları da vardır. Onlar seçkidə uduzacaqları halda nələrin gözlənildiyini proqnozlaşdıra bilirlər.