Sevinc Azadi |
Artıq 30 ilə yaxındır ki, davam edən Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi getdikcə bir qədər də dalana dirənməkdədir. Buna səbəb isə Ermənistanın baş naziri Nikol Paşinyanın heç bir məntiqə söykənməyən və hüquqi əsası olmayan populist çıxışlarıdır. Ermənistanın baş nazirinin səsləndirdiyi “Qarabağ rəhbərliyi münaqişənin həlli prosesinə qatılmayınca, biz problemin həllindən uzağıq” deməsi münaqişənin mövcud format əsasında danışıqlar yolu ilə həllinə zərbədir. Bu cür bəyanatlar status-kvonun möhkəmlənməsinə və gərginliyin artmasına xidmət edir.
Xatırladaq ki, bir neçə ay öncə Paşinyan parlamentdə çıxışı zamanı növbəti dəfə sərsəmləyərək siyasi səriştəsizliyini və məsələyə absurd yanaşmasını ortaya qoymuşdu. Belə ki, Paşinyan çıxışı zamanı bildirmişdir ki, hüquqi və mənəvi baxımdan onun Dağlıq Qarabağın adından Azərbaycanla danışıqlar aparmağa haqqı yoxdur. Əsas arqument kimi o, qondarma “DQR”in parlamenti, prezidenti və hökuməti olan müstəqil ölkə” olduğunu demiş, onun baş nazir seçilməsində Dağlıq Qarabağ ermənilərinin iştirak etmədiyi barədə iddialar irəli sürmüşdü. Paşinyan belə qənaətdədir ki, Dağlıq Qarabağdan çıxan azərbaycanlılar Azərbaycan vətəndaşlığını qəbul ediblər, Azərbaycan Prezidentinin seçilməsində iştirak edirlər və buna görə də Azərbaycanın dövlət başçısı onların adından danışa bilər. “Dağlıq Qarabağ Respublikası”nın vətəndaşları isə Ermənistan hakimiyyətinin seçkilərində iştirak etməyiblər, buna görə də Ermənistan hakimiyyəti onları təmsil edə bilməz. Buna görə də Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda “qarabağlılar”ın öz səsi olmalıdır. Eyni zamanda əvvəl əldə edilən razılaşmalara əməl edilməlidir.
Göründüyü kimi, Paşinyan hakimiyyətə gələndən sonra öz səriştəsizliyini, verdiyi vədlərlə törətdiyi əməllərin arasında yaranmış uçurumu populist bəyanatlarla və sərsəm addımlarla kompensasiya etməyə çalışır. Bir gün yuxudan ayılıb gah Azərbaycanı Dağlıq Qarabağdakı separatçı rejimlə danışıqlar aparmağa çağırır, sabahı gün sözlərini geri götürür. Gah Dağlıq Qarabağın ətrafındakı 7 rayonu “DQR” ərazisi elan edir və bununla da beynəlxalq ictimaiyyəti, ATƏT-in Minsk qrupunun həmsədrlərinə hörmətsizliyini açıq büruzə verir. Gah da komandasını rusofoblardan formalaşdırır, gündə bir neçə dəfə də Rusiya ilə müttəfiqliyə sadiqliyindən danışır. Artıq hamı başa düşür ki, Ermənistanın baş naziri tutduğu posta qeyri-adekvatdır, siyasətçi adına ləkədir.
Əgər Paşinyanın dediyi kimi, “DQR” müstəqil tərəfdirsə və Ermənistanın onu təmsil etmək haqqı yoxdursa aşağıdakı suallara cavab verməlidir: nəyə görə Dağlıq Qarabağda Ermənistanın hərbi hissələri yerləşir və Ermənistan vətəndaşları orada hərbi xidmət keçir? Nə üçün Dağlıq Qarabağ faktiki olaraq Ermənistan ordusu tərəfindən qorunur? “DQR”in büdcəsinin formalaşmasında, təchizatında Ermənistan niyə iştirak edir? Həqiqət odur ki, Paşinyan hər vəchlə danışıqlar prosesini uzatmağa cəhd göstərir, indiyə qədər aparılmış müzakirələrin üstündən xətt çəkir. Qəribəsi odur ki, Paşinyanın bu cür avantürist açıqlamalarla çıxış etməsinə heç bir beynəlxalq qurum, o cümlədən ATƏT-in Minsk qrupu münasibət bildirmir. Beynəlxalq təşkilatların Paşinyanın verdiyi bəyanatlara, atdığı addımlara reaksiya verməməsi ikili standartlardan irəli gəlir. Bu da heç təəccüblü deyil. Məsələ ondadır ki, beynəlxalq təşkilatlar zaman-zaman Azərbaycana qarşı ikili standartlardan çıxış ediblər. Bu səbəbdən növbəti dəfə belə yanaşma heç də gözlənilməz olmadı.