KÖŞƏ

Sevinc Azadi

Ermənistanın hərbi fiaskosu

08 oktyabr 2018 23:26
3258

Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət hərbi sahənin büdcəsini kəskin şəkildə artıraraq, onu 530 milyon dollara çatdırmağı planlaşdırır. Ermənistan hökumətinin ötən iclasında 2019-cu il dövlət büdcəsində müdafiə nazirliyinə ayrılan məbləğ 528,7 milyon dollar təşkil edib. Bu məbləğ 2018-ci il büdcəsi ilə müqayisədə 13,6 faiz artırılıb. Erməni mətbuatının yazdığına görə, əgər 2018-ci ildə Ermənistanın dövlət büdcəsinin hərbi hissəsi ÜDM-in 3,8 faizini təşkil edirsə, 2019-cu ildə bu, 4,5 faizə çatacaq. Nəzərə alsaq ki, NATO ölkələrinin çoxunda hərbi büdcə ÜDM-in yalnız 2 faizini təşkil edir, Ermənistan iqtisadiyyatı üçün bu göstəricilərdən 5-6 faizdən yuxarı olması əlbəttə ki, çətin olacaq. Qeyd edək ki, 2008-ci ildən sonra Ermənistanın gələn ilki hərbi büdcəsi ikinci dəfə qeydə alınan ən yüksək məbləğdir. Yalnız aprel döyüşlərindən sonra 2017-ci ildə Ermənistanın hərbi büdcəsi artırılaraq 609,8 milyon dollar təşkil etmişdi. Bu proses Paşinyanın Sarkisyan dövründən etibarən ölkənin hərbiləşdirilməsi üçün atılan addımların bir hissəsi kimi dəyərləndirilir. Bununla da Paşinyan Rusiya ilə kredit sazişi çərçivəsində silah anlaşmasından başqa, kənardan da silah almaq niyyətində olduğunu göstərir.

Son zamanlar erməni tərəfinin Hindistan silah bazarına maraq göstərdiyi barədə mətbuatda məlumatlar yayılmışdı. Lakin Paşinyan hökumətinin hansı bazardan silah əldə edəcəyi barədə danışmaq hələ tezdir. Rusiya tərəfi Ermənistanın digər ölkələrdən silah almaq niyyətinə həmişə mənfi yanaşıb. Belə olan halda onsuz da Ermənistan-Rusiya münasibətlərində mövcud problemlər daha da kəskinləşə bilər.

Məlumdur ki, Azərbaycanın həm büdcəsini, həm də hərbi xərclərini artırması Ermənistanda ciddi narahatlıqla qarşılanır. Azərbaycanda iqtisadi imkanların genişlənməsi fonunda ordu quruculuğu sahəsində əldə olunan nailiyyətlər göz önündədir. Beynəlxalq reytinqlərə görə, Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır və bu, reallıqdır. Yeni rəhbərlik də bunu nəzərə alaraq Ermənistan cəmiyyətini “sakitləşdirmək” üçün belə bir addım atmağa qərar verib. Amma sosial vəziyyəti ağır olan ölkələrdə hərbi xərclərin artırılması heç bir iqtisadi məntiqə əsaslanmır və bu yaxşı nəticə vəd etmir. Hərbi büdcənin belə sürətli artımının əlbəttə ki, Ermənistan üçün əlavə çətinliklər yaradacağı şübhəsizdir. Bu rəqəmin ümumi daxili məhsuldakı nisbəti 5-6 faizdən çox olması ölkə iqtisadiyyatı üçün kifayət qədər ciddi təhlükə deməkdir. Bu gün Ermənistanın xarici borcu 5,5 milyard dollar təşkil edir ki, bu da ölkənin ÜDM-nin demək olar ki, yarısıdır, Azərbaycanın hərbi büdcəsi isə Ermənistanın bütün büdcəsinə bərabərdir. Belə reallıqlar olduğu halda, silahların artmasından danışmaq gülüncdür.

Hazırda Azərbaycanda hərbi, hərbi-sənaye və hüquq-mühafizə orqanlarına xərclənən məbləğ ümumi büdcənin 30 faizə qədərini təşkil edir. Bundan əlavə, Azərbaycan Rusiyadan yeni zirehli texnika, raket və artilleriya silahları, tank əleyhinə silahlar, uçan aparatlar alıb. Ermənistanın isə silah alarkən seçim imkanı yoxdur, Rusiyanın silahlanma parkından çıxarılan silah nümunələri Ermənistana tədarük olunur.

Göründüyü kimi, Azərbaycan müharibə şəraitində yaşasa da müstəqil, düşünülmüş siyasəti nəticəsində davamlı inkişafını təmin edir, işğalçı Ermənistan isə  formal müstəqil siyasətinin ağır nəticələrini yaşayır. İqtisadiyyatı böhran içərisində olan dövlətin isə güclü ordusunun olması mümkünsüzdür.