Sevinc Azadi |
İşğalçı ölkənin zabitləri arasında narkomanlıq, müəmmalı əsgər ölümü adi hala çevrilib
Düşdüyü ağır sosial-iqtisadi böhrandan hələ də xilas ola bilməyən Ermənistanda siyasi durum getdikcə daha gərgin xarakter almağa başlayır. Mövcud hakimiyyətə qarşı etirazların çoxalması bunun ən real təsdiqi sayılır. Etiraza çıxanlar hakimiyyətin siyasətinin yanlış olduğunu və ölkənin sürətlə uçuruma doğru yuvarlandığını bildirirlər. Belə vəziyyətdə hakimiyyət üçün daha bir ciddi problem orduda ölmüş hərbi qulluqçuların valideynlərinin Prezident Administrasiyasının və digər dövlət qurumlarının qarşısında mütəmadi olaraq keçirdikləri aksiyalardır. Etirazçılar hökumət əleyhinə şüarlar və bəyanatlar səsləndirir, övladlarının ölüm səbəbini onlara açıqlanmasını tələb edirlər. Son belə aksiyada övladını qeyri-döyüş şəraitində itirmiş İrina Qazaryan deyib ki, ordudakı qətllərə, intiharlara görə hökumət birbaşa məsuliyyət daşıyır.
İşğalçı ölkənin ordusunda narkoman zabitlər arasında narkomanlıq, müəmmalı əsgər ölümü adi hala çevilib. Xüsusən də Tavuş rayonunun Mehrab kəndindəki hərbi hissədə ölmüş əsgərlərin cinayət işi şübhə doğurur. Hökumətdən ədalətli istintaq tələb edən anaların əksəriyyəti oğulları Mehrabda hərbi xidmət keçənlərdir. Hərbi hissədə cəmi 10 ay xidmət keçən əsgər Levon Torosyan ölü tapılıb. Onun ailəsinə bildirilib ki, Torosyan intihar edib. Lakin ailəsi bu iddianın yalan olduğunu deyir. Çünki əsgər ölümündən cəmi 26 dəqiqə əvvəl doğmaları ilə telefonla danışıb və yaxşı olduğunu bildirib. Yaxınları vurğulayırlar ki, tibbi ekspertiza nəticəsində Levonun bədənində təcavüz əlamətləri aşkarlanıb. Əsgərin əsl ölüm səbəbi ilə heç kimin məşğul olmadığını deyən ailəsi Ermənistan ordusunda hökm sürən əsl vəziyyəti ifşa edir: “Oğlum həmişə şikayətlənirdi ki, hərbi hissədə özbaşınalıqdır. Zabitlər içki və narkotikin təsiri altında yatırlar. Əsgərlərə qarşı zorakılıq tətbiq edirlər. Və ölkənin sərhədlərini bu cür orduda xidmət edən bizim 18 yaşlı uşaqlarımız qoruyur”.
Ermənistan ordusundakı xaos fonunda Torosyan ailəsi baş nazirdən ədalətli istintaqın aparılmasını və cinayətkarların tezliklə cəzalandırılmasını tələb edir. Erməni mətbuatı yazır ki, Levonun anasının dedikləri Mehrabdakı hərbi hissədə qeyri-döyüş şəraitində ölmüş digər əsgərlərin analarının dedikləri ilə üst-üstə düşür. Onların hamısına oğullarının intihar etdiyi bildirilib. Əsgərlərin ölümü ilə bağlı uzun zamandır ilkin istintaq gedir, amma artıq 7-8 müstəntiq dəyişiblər. Məhkəmə futbol topu kimi cinayət işini bir-birinə ötürüb vaxt uzadır. Həmçinin qeyd olunur ki, Ermənistanın Mehrab kəndindəki hərbi hissə artıq uzun illərdir zabit özbaşınalığının rekord səviyyədə olması ilə ad çıxarıb.
Son günlər Ermənistanın sosial şəbəkə istifadəçiləri tərəfindən ən çox müzakirə olunan məsələlərdən biri komandanlığın xəstəliklərdən əziyyət çəkən əsgərlərə olan laqeyd münasibətidir. Sosial şəbəkə paylaşmalarından və şərhlərdən məlum olur ki, Ermənistan ordusunda xəstələrin tibb məntəqələrinə göndərilməməsi, bəzən isə zabitlər tərəfindən bu işə məqsədyönlü şəkildə maneələrin yaradılması əsgər valideynlərinin kəskin narazılığına səbəb olub. Məlumatlarda işğal altında olan Azərbaycan ərazilərində yerləşdirilmiş düşmən ordusunun bölmələrində xəstəliklərə yoluxmuş, yaxud da müxtəlif bədən xəsarətləri almış şəxslərin hərbi hospitallara yerləşdirilməsinin də zabitlərin əlavə qazanc yerinə çevrildiyi qeyd edilir. Xəbərdə o da vurğulanır ki, xüsusi tapşırıq, şikayət olmasa, ən əsası rüşvət ödənilməsə heç bir xəstə əsgər və zabitin hərbi müalicə müəssisələrinə göndərilməsi mümkün deyil. Düşmən ordusunun işğalı altında olan Azərbaycanın Xocavənd, Cəbrayıl, Ağdərə rayonları ərazisində yerləşdirilmiş bölmələrdə hospitala göndərilmək üçün rüşvət tələb etmə faktı üzrə təkcə avqust ayında 50-dən artıq şikayət məktubunun daxil olduğu bildirilir. İş o həddə çatıb ki, Qarabağda xidmət edən David Qalistyan, Hrac Gazaryan və Artak Meloyan soyadlı hərbi qulluqçuların valideynləri bu problemlə bağlı Ermənistanın baş naziri N.Paşinyana belə şikayət etmək məcburiyyətində qalıblar. Bu şikayətlərdən sonra işğal olunmuş ərazilərimizdə fəaliyyət göstərən Ermənistan ordusunun hərbi tibb müəssisələrində araşdırmalara başlanılıb. Komandanlığının təzyiqlərindən qorxanların olmasına baxmayaraq tibb müəssisələrində müalicə olunanların çoxu buraya rüşvət ödədikdən sonra göndərildiklərini təsdiq ediblər. Xəbərdə o da bildirilir ki, N.Paşinyan işə qarışdıqdan sonra artıq bir neçə tibb xidməti zabiti və komandirlər haqqında “vəzifə səlahiyyətlərindən sui-istifadə” maddəsi üzrə cinayət işləri açılıb.
Qeyd edək ki, 2018-ci ilin sentyabrın 1-dən 30-dək Ermənistan ordusunda 5 ölüm hadisəsi qeydə alınıb ki, onlardan 2-si naməlum, 1-i təxribat, 1-i qəsdən öldürülmə, 1-i isə qəza hadisə nəticəsində baş verib. Düşmən ordusunda ötən ayın rəsmi və qeyri-rəsmi statistikasına əsasən, 8 hərbçi (4-ü döyülmə, 2-si qəza, 1-i güllələnmə, 1-i mina partlayışı) yaralanıb. Bununla yanaşı, ən azı 1 fərarilik, 1 korrupsiya, 1 oğurluq faktı da aşklarlanıb.