Sevinc Azadi |
Ermənistanın yalan və yaltaqlıq üzərində qurulan siyasəti artıq iflasa uğramaqdadır. İşğalçı ölkədə baş verən iğtişaşlara, küçə yürüşlərinə “mədəni inqilab” donu geyindirməyə çalışan Qərb dairələri erməni diasporunun uydurmalarına aldanıb Ermənistanı Rusiyanın ağuşundan qoparacaqlarına inanırdılar. Görünür, Qərb geosiyasi, ideoloji-siyasi aspektdə bunun o qədər də asan olmadığının fərqinə varmamışdı. Az sonra hamıya bəlli oldu ki, “azad ölkə” kimi ictimai şüura sırınan bu məmləkətdə demokratiya və insan hüquqlarından əsər-əlamət yoxdur. Serj Sarkisyanın hərbi xunta rejimini əvəzləyən Nikol Paşinyan iqtidarı sürətlə uçuruma yuvarlanmaqdadır. İlk vaxtlar Paşinyanın müstəqil siyasət yeritməyə qabil olub-olmaması barədə fikirlər gündəmə hakim kəsilsə də, çox qısa zamanda bəlli oldu ki, Rusiyanın qoyduğu çərçivədən çıxmaq Ermənistana baha başa gələ bilər. Soçidə Avrasiya İqtisadi İttifaqının toplantısında “rusiyapərəst” yox, “ermənipərəst” siyasətçi olduğunu dilə gətirən Nikol Paşinyan özü də artıq siyasətçi olmadığını anlamağa başlayıb. Onun “Rusiya ilə yeni strateji əməkdaşlıq modeli” barədə fikirləri də xəstə təxəyyülün məhsulundan başqa bir şey deyil. Ermənistan cəmiyyətində obyektivliyini az-çox qoruyub saxlayan politoloqlar da bunun bir feyk olduğunu etiraf edirlər. Moskva ilə bütün sahələrdə əməkdaşlığın inkişafına çalışacağını bəyan edərək, böyük ümidlərlə Rusiyaya səfər edən Nikol, heç şübhəsiz ki, uğursuzluğa düçar olacağını əvvəlcədən görürdü. Ancaq baş nazir özünün siyasi, ideoloji və diplomatik hazırlıqsızlığını pərdələmək üçün daxildə ictimai rəylə spekulyasiya etməkdən belə çəkinmədi. Paşinyanı boynunu bükərək Moskvada qapıları döyməyə, “sədaqət” andı içməyə vadar edən səbəblər çoxdur. O, yaxşı bilirdi ki, Ermənistanın siyasəti, iqtisadiyyatı və təhlükəsizliyi birbaşa Rusiyadan asılıdır. Ermənistanın Moskvadan umacağı çoxdur, lakin Rusiyanın bu qondarma, cırtdan dövlətin istəklərini yerinə yetirmək imkanları məhduddur.
Rusiyanın “Komersant” qəzetinin məlumatına görə, Paşinyan küçə mitinqlərində çox çıxış edir və vəziyyəti ağlarla qara qüvvələrin mübarizəsi kimi təqdim edir. Birinciyə o, təbii ki, özünü və komandasını aid edir, qaralara isə geridə qalanları: “İndi baş nazirin əsas problemi parlamentdə çoxluğa sahib ola bilməməsidir. Bu vəziyyətdə onun yeganə resurs və zəmanətçisi küçədir. Onun “məxməri inqilab” adlandırdığı hadisələrdən dörd ay keçsə də baş nazir iş kabinetindən daha çox vaxt keçirdiyi mitinqləri çağırmağa davam edir. Amma xalq yavaş-yavaş belə toplantılardan bezməyə başlayıb. Yemək də lazımdır. Bazar və mağazalardakı qiymətlər isə əl yandırır. İndi Paşinyan parlament seçkisi ərəfəsində köməyinə güc strukturlarını çağırır. Bu orqanların da rəhbərliyi özünün tərəfdaşlarıdır”. Ermənistandakı vəziyyət hələ bişməkdə olan bulyona bənzədilir. “Ondan nə alınacağı hələ bəlli deyil”, - deyə “Kommersant”a ermənipərəst rusiyalı diplomatlardan biri açıqlama verib.
Göründüyü kimi, Paşinyan küçə adamı kimi heç bir real, konkret və demokratik fikir irəli sürməyib. Onun mülahizələri radikal küçə zorbaçısının fikirlərindən elə də fərqlənmir. Analitiklər indiyə qədər N.Paşinyanın elə bir fikrini nümunə gətirə bilmirlər ki, demokratiyaya, müasirliyə və səmərəli əməkdaşlığa səsləsin. Əksinə, onun artıq Rusiya kimi böyük bir dövlətin başçısını qıcıqlandırmağa başladığından bəhs edirlər. Praktiki olaraq Ermənistanın xarici siyasətində Qərbə tərəf addım atdığını təsdiq edən bircə fakt belə yoxdur. Olması da gözlənilən deyil. Çünki Moskva dərhal öz “erməni çocuğu”nun qulağını dartar. Əvəzində nə var? Yenə də Serj Sarkisyanın dövründə olduğu kimi, boş söz! Nikol Paşinyan onu indi bir qədər fərqli tonda ifadə etməyə çalışır. Ermənistanın suverenliyinin təmin edilməsi və hər iki böyük geosiyasi düşərgə ilə eyni zamanda və eyni səviyyədə əməkdaşlıq edə bilmək imkanından danışır. Lakin anlamır ki, bu, yalnız xəyalda ola bilər, real siyasət konkretlik və dəqiqlik tələb edir - ya bu tərəfdəsən, ya da o tərəfdə! Bitərəf və müstəqil mövqe o zaman ola bilər ki, müstəqil xarici siyasət yeritmək potensialın ola. Bu isə Ermənistan rəhbərliyində yoxdur və heç bir zaman olmayıb da! Çünki Ermənistanın bütün siyasi kursuna Rusiya tam nəzarət edir. Məhz Moskvanın himayədarlığı sayəsində formal da olsa, Ermənistan adlı dövlət xəritədə var.