Sevinc Azadi |
Bu gün işğalçı Ermənistandakı real siyasi vəziyyətə nəzər saldıqda, həqiqətən durumun gündən-günə daha da ağırlaşdığının şahidi oluruq. Başqa sözlə, getdikcə daha da aydın olur ki, baş nazir Nikol Paşinyanın hakimiyyət hərisliyi özünün pik nöqtəsinə çatıb. O, istənilən islahata siyasi mövqeyini gücləndirmək şərti ilə getməyə hazırdır. Bundan kənarda N.Paşinyanı heç nə maraqlandırmır. Gülüş doğuran isə odur ki, o, öz hərəkətlərini demokratiya, milli maraqlar, korrupsiya ilə mübarizə və Qərbə yaxınlaşma kimi qiymətləndirir.
Paşinyanın Rusiya səfərinin də Ermənistan üçün heç bir müsbət nəticəsi olmadı. N.Paşinyan bu səfərdə yalnız populist sərsəmləmələri ilə yadda qaldı. Paşinyanın Moskva səfəri bir növ hesabat xarakterli görüş idi. Yəni Paşinyan Moskvaya çağırılmışdı ki, öz mövqeyini müəyyənləşdirsin. Görüşdə Ermənistanla Rusiya arasında heç bir sənədin imzalanmamasının səbəbi o idi ki, Ermənistan iqtisadiyyatı Rusiya şirkətlərinin əlindədir və işğalçı ölkənin özünün investisiya qoymaq qabiliyyəti yoxdur. Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşü, orada imzalanan sənədlərin məzmunu isə rəsmi İrəvanı əməlli-başlı təlaşa saldı. Erməni ekspert dairələri narahatlıqla vurğulayırlar ki, Moskva ilə Bakı getdikcə daha da yaxınlaşırlar. Bu proses Ermənistan rəhbərliyinin Rusiya ilə münasibətlərdə xeyli dərəcədə problemlər yaratmaq istiqamətində atdığı addımların fonunda baş verir.
Bu günlərdə Ermənistanda iki xüsusi xidmət orqanının - Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanla Xüsusi İstintaq Komitəsinin rəhbəri Sasun Xaçaturyan arasında telefon danışığının internetdə yayılması İrəvanda növbəti şok effekti yaradıb. İlk saatlarda rəsmi qurumlar bu xəbəri təkzib etməyə çalışsalar da, artıq vəziyyətin ciddiliyini anladıqdan sonra reallıqla barışmalı olublar. Hətta ifşa olayının ardınca istefaya getmək niyyətində olanlar da var. Sözsüz ki, bu olay xüsusilə Nikol Paşinyan hökumətini sarsıdıb. Nəzərə alsaq ki, Paşinyan ona verilən suallara cavab olaraq həyata keçirilən həbslərdən az qala xəbərsiz olduğunu iddia edir və bu məsələləri hüquq-mühafizə orqanlarının səlahiyyəti ilə əlaqələndirirdi. Lakin internetdə yayılan telefon danışıqlarından sonra bəlli oldu ki, N.Paşinyan Rusiyanın adamları olan şəxslərin həbsinə şəxsən göstəriş verib. Düzdür, erməni baş nazir baş verənləri “şantaj” adlandırıb və geri çəkilməyəcəklərini bildirib. Amma səs yazılarından ortaya çıxan qənaət budur ki, Ermənistanda keçmiş hakimiyyətin nümayəndələrinə qarşı istintaq siyasi sifariş əsasında aparılır. Bu mənada nəzərlər daha çox Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovun üzərinə yönəlir. İki güc strukturu rəhbərinin telefon danışığı baş katib barədə həbs-qətimkan tədbirinin Paşinyan tərəfindən verildiyini sübuta yetirir.
Rusiya səfərindən olduqca peşman, üstəlik, Prezident Putinlə və hətta erməni iş adamları ilə görüşdən “əliboş” qayıdan N.Paşinyan Ermənistanda üzləşdiyi növbəti sürprizi həzm etməyə hazır görünməsə də, Kremlə dirəniş göstərməyə cəhd edir. Təsadüfi deyil ki, sentyabrın 11-də, elə məhz gizli telefon danışığının yayıldığı saatlarda Ermənistan hüquq mühafizə orqanları sabiq prezident Robert Koçaryan barəsində yeni cinayət işi açıblar.
Paşinyan özü barədə “demokrat” imici yaratmağa çalışırdı və səlahiyyətlərindən kənara çıxmadığını iddia edirdi. Telefon danışığının yayılması isə təsdiqlədi ki, o, sadəcə maska taxıbmış, həm də Rusiyaya münasibətdə. İndi “atılan daşları yığmaq zamanıdır”, N.Paşinyan Rusiyanın himayə etdiyi adamı şəxsən tutdurub, üstəlik, digərlərindən də əl çəkmək istəmir. Artıq telefonu dinlənilən Sasun Xaçatryan deyib ki, cəmiyyətin tələbini hiss etdiyi təqdirdə istefa verəcək. Rəsmilərdən heç kim telefonunun dinlənilmədiyinə əmin deyil. Deməli, Paşinyanın komandasının hər bir üzvünün ifşa olunması üçün yetərli faktlar var. Göründüyü kimi, Paşinyan ölkəni tam qeyri-müəyyən geosiyasi vəziyyətə gətirib çıxarıb. Onun düşdüyü bataqlıqdan çıxa bilməsi ehtimalı isə sıfıra bərabərdir. Çünki təcrübə göstərir ki, erməni baş nazir rasional, ədalətli və obyektiv düşünmək iqtidarında deyil. Onu əsiri olduğu şovinist xülyalar çox çətin vəziyyətlərə salır. Bütün bunlar da belə bir nəticəyə gəlməyə əsas verir ki, erməni siyasi-diplomatik şüuru müasir geosiyasi proseslərin sürətli yeniləşməsi qarşısında acizdir.