Sevinc Azadi |
Dərin iqtisadi və siyasi böhran içərisində boğulan Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. Nikol Paşinyan Ermənistanın baş naziri seçildikdən bu günə qədər işğalçı ölkədə heç nə dəyişməyib. Əksinə vəziyyət gündən-günə pisləşir. Prezident Armen Sarkisyanla baş nazir Nikol Paşinyan arasındakı böhran açıq-aşkardır. Ekspertlər deyirlər ki, inqilabın lideri prezidentin istefasını tələb edir. Çünki o, Serj Sarkisyanın adamıdır. Bundan başqa yeni parlamentin seçilməsindən sonra onun öz dövlət başçısını seçməli olduğunu bildirib.
Eçmiədzində də sakitçilik deyil. Paşinyanın gənc tərəfdarları dini liderin iqamətgahına girərək katalikos II Qareginin getməyini tələb edirlər. Gənclər bunu yeni Ermənistana yeni patriarxın lazım olması ilə izah edirlər. Bununla yanaşı keçmiş prezidentin yaxınlarına da təzyiqlər davam edir. Bəziləri həbs edilib, bəziləri isə qaçmağa başlayıblar. Polisə satqınlıqlar isə günü-gündən artır. Hər gün mətbuat dövlət məmurlarının istefası və ya onların saxlanması barədə məlumat yayır.
Bu gün Ermənistan həm də klanlararası qalmaqallar bataqlığındadır. Erməni mətbuatı keçmiş hökumət haqqındakı nostalji məqamlardan bəhs edən materiallar dərc edir. “Onda da oğurluq çox idi. Amma bunu o qədər sakit, mərhələli edirdilər ki... Bəzən xalqa da nə isə çatırdı. İndi isə yeni hökumət iqtisadi və sosial problemlərlə məşğul olmağa vaxtı olmadığını deyir, “bunu sonraya saxlayırıq”.
Paşinyan tərəfdarları hər kəsi inandırmağa çalışırlar ki, baş nazir ölkədə yaranan vəziyyətdən mütləq çıxış yolu tapacaq. Amma bütün bu bədbəxtliklərin hamısının Qarabağdan başladığını deyən yoxdur. Bu gün ermənilər ağır şərtlər altında yaşayır. Regionda heç bir ölkə nəqliyyat problemini həll etmək üçün Ermənistana kömək etmək istəmir.
Brüsseldə keçirilən NATO sammitindən də əliboş qayıdan yeni baş nazir işğalçılıq siyasətindən əl çəkməyəcəkləri təqdirdə iflasdan qaçmağın mümkün olmayacağını yaxşı dərk edir. Digər tərəfdən Avropa İttifaqı və NATO kimi nüfuzlu təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlər qəbul ediblər. Hətta Ermənistanın baş naziri Nikol Paşinyanın NATO sammitində yalvarışlarına əhəmiyyət verən olmayıb. Çünki artıq beynəlxalq təşkilatlar da Ermənistanın işğalçılıq siyasətindən təngə gəliblər. NATO sammitində qəbul edilən bəyannamədə Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi Nikol Paşinyan hakimiyyətinin bütün ümidlərini puç edib. Hətta bu sammitdə Paşinyanın Azərbaycan Ordusu barədə “şikayətlərinə” fikir verən olmayıb.
Artıq erməni xalqı da anlayır ki, Nikol Paşinyan hakimiyyəti ölkənin inkişafı üçün heç nə edə bilməyəcək. Yaxın günlərdə veteran pilotların və əsgər analarının hökumət binası qarşısında aksiya keçirməsi də bu inamsızlığın bariz nümunəsidir. Erməni qadınlar oğullarının məzarlarını ziyarət edə bilməmələrindən şikayətləniblər. Bunun əsas səbəbi ölkədə baş alıb gedən yoxsulluqdur. Digər tərəfdən dinc şəraitdə öldürülən erməni əsgərlərinin anaları heç kimə fayda verməyən müharibəyə son qoymağı tələb ediblər. Öldürülən əsgərlərin ailələrinə əvvəllər hər hansı bir yardım verilirdisə, indi bu da kəsilib. Əsgər analarının oğullarının öldürülməsi barədə qaldırılan cinayət işlərinin araşdırılacağına ümidləri qalmayıb. Oğlu hərbi xidmətdə öldürülmüş ana deyib ki, mən oğlumu verdim. Qoy hakimiyyətdə oturanlardan biri də oğlunu versin.
Veteran pilotlar da övladlarını qeyri-döyüş şəraitində itirən hərbçilərin yaxınlarına qoşulublar. Hökumət binası qarşısında aksiya keçirən keçmiş pilotlar sosial problemlərin aradan qaldırılmasında onlara qarşı laqeyd münasibətdən şikayətləniblər. Veteran pilotlar deyiblər ki, sosial problemlər onları məhv edir. Ermənistanın Vardenis şəhərində hərbi hissədə öldürülən hərbçi Hovanis Melkumyanın ailəsi də hökumətin onlara qarşı göstərdiyi biganə münasibətdən şikayətlənib. Hərbçini qətlə yetirən komandir müavini Sarkis Karapetyana məhkəmənin bəraət verməsi Ermənistanda əsgər ölümlərinə laqeyd münasibət kimi dəyərləndirilib. Onun valideynlərinin sözlərinə görə, ölkədə toyuq oğurlayanı dama basır, adam öldürəni isə azadlığa buraxırlar. Ailəsi deyir ki, Melkumyanın banklara xeyli borcu var idi. O, hərbiyə sosial vəziyyətini düzəltmək üçün getmişdi. Lakin həyatdan birdəfəlik getdi.
Bir sözlə, Ermənistanda siyasi böhranın bundan sonra hələ nə qədər davam edəcəyini proqnozlaşdırmaq mümkün deyil.