Müsahibimiz Şimali Kipr Türk Cumhuriyyətinin Bakı nümayəndəliyinin rəhbəri Ufuq Turqanerdir.
- Ufuq xanım, söhbətimizə Azərbaycan xalqı kimi yadellilərin zülmünə, etnik təmizləmə siyasətinə məruz qalan, kütləvi qırğınlarla üzləşən Şimali Kipr Türk Cümhuriyyətinin tarixinə bələdçiliklə körpü salaq.
- Doğrudan da bəlkə də tarixdə Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) teleyinə oxşar ikinci bir dövlət tapmaq çətindir. Kipr türk xalqının çəkdiyi iztirablar qardaş Azərbaycan xalqının çəkdiyi əziyyətlərlə eynidir. Kipr Aralıq dənizində Siciliya və Sardiniyadan sonra üçüncü ən böyük adadır. Adanın ərazisi 9251 km², Şimali Kipr Türk Respublikasının ərazisi 3355 kv.km (km²) təşkil edir ki, bu da bütün adanın 36,5%-ni təşkil edir. 1571-ci ildə venesiyalılardan əsir alınan və 307 il Osmanlı hakimiyyəti altında qalan Kiprin idarəsi 1878-ci ildə suverenlik hüququ Osmanlı İmperiyasında qalaraq İngiltərəyə verilib. Birinci Dünya Müharibəsi zamanı Osmanlı İmperiyası ilə İngiltərənin ayrı-ayrı tərəflərdə olması nəticəsində İngiltərə 1914-cü ildə adanı birtərəfli olaraq ilhaq edib. Türkiyə 1923-cü ildə Lozanna müqaviləsi ilə ada üzərində İngiltərənin suverenliyi tanınıb.
- Tarixdən bəllidir ki, XVIII əsrin əvvəllərinə qədər Kiprdə türklərin sayı yunanların sayından çox olub. Əkinçiliklə məşğul olan türklərin sahib olduğu torpaqların miqdarı da yunanlarınkından artıq idi.
- Bəli, bu bir reallıqdır ki, iki tərəf arasında sosial və mədəni həyat fərqli olmuş, iki toplumun üzvləri ortaq ticarət müəssisələri qurmaq kimi davranışlarda iştirak etməmişlər.1931-ci ildən başlayaraq kiprli yunanlar Yunanıstanla birləşmək tələblərini gücləndirdilər. Kiprin Yunanıstana birləşdirilməsi və tamamilə «Yunanıstan” adası»na çevrilməsi, «ENOSIS» kampaniyası İkinci Dünya müharibəsindən sonra daha da sürətləndi. 1954-cü ildə Yunanıstanın Kipr məsələsini BMT səviyyəsinə çıxararaq «öz müqəddəratını təyinetmə» üçün etdiyi müraciəti uğurla nəticələnmədi. Bu arada Yunanıstandan gələn polkovnik Qrivas 1955-ci ildə EOKA terror təşkilatını qurdu və adada zorakılıq aktları getdikcə artdı. 1955-1958-ci illər ərzində etnik təmizləməyə məruz qalan Kipr türkləri 33 qarışıq kəndi tərk etməli oldular. Belə olan halda İngiltərə 1956-cı ildə təkcə Kiprli Rumların deyil, Kipr türklərinin də «öz müqəddəratını təyinetmə” hüququ»na malik olduğunu və bölünmə tələbinin bu çərçivədə keçərli variant olduğunu bəyan etdi. «ENOSIS»ə qarşı təşkilatlanma cəhdlərinə başlayan Kipr türkləri, hadisələrə paralel olaraq «taksim»” ideyasını inkişaf etdirdilər. Yunanıstanın BMT-dən «ENOSIS»in lehinə birtərəfli «öz müqəddəratını təyinetmə»” qərarını ala bilməməsi, Kipr türklərinin müqavimət, Türkiyənin dəstəyi Ankara ilə Yunanıstan arasında danışıqları mümkün etdi. Türkiyə və Yunanıstan 1959-cu il fevralın 11-də Sürixdə razılığa gəldilər və Londonda Böyük Britaniya və Kiprdəki iki icmanın liderlərindən razılıq aldılar. Bu şəkildə ortaya çıxan Sürix və London razılaşmaları müstəqillik, iki toplumun ortaqlığı, sosial sahədə muxtariyyət və Türkiyə, Yunanıstan və İngiltərənin həllinə təsirli təminat prinsiplərinə əsaslanırdı.
- Bildirdiyiniz kimi, Kipr Respublikası 1960-cı ildə adanın iki xalqı arasında tərəfdaşlığa əsaslanan beynəlxalq müqavilələrə uyğun olaraq yaradılmışdır.
- Bəli, sözügedən müqavilələrlə təminat verilən Konstitusiya adadakı türk və yunan Kipr xalqlarının bərabər siyasi hüquqlarına və statusuna əsaslanırdı. Kipr rum tərəfi Kipr türklərini dövlət qurumlarından kənarlaşdırmaq və təcrid etmək, adada mövcudluğuna son qoymaq və nəhayət, Yunanıstan «ENOSIS» yolu ilə sözügedən razılaşmalar sistemi ilə meydana gələn «Kıpr Respublikası»”nın strukturunu dəyişdirmək cəhdlərinə başlamışdır. O zaman yunan prezidenti Makarios Sürix-London razılaşmalarının Kipr türklərinə ədalətli olandan daha çox hüquqlar verdiyini və 1960-cı il Konstitusiyasının işlək olmadığını iddia etməyə başlamış və 30 noyabr 1963-cü ildə o, Vitse-Prezidentin Türkiyə prezidentinin veto hüququndan məhrum edilməsi də daxil olmaqla, konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı 13 maddəlik təklif irəli sürmüşdü. Bu təkliflər 16 dekabr 1963-cü ildə Kipr türk tərəfi və Türkiyə tərəfindən rədd edilmişdi. Kipr Rum tərəfi 21 dekabr 1963-cü ildə Kipr türk icmasına qarşı hərtərəfli və sistemli hücumlara başladı. Kipr türk tarixinə “Qanlı Milad” adı ilə keçən bu kampaniya daha əvvəl hazırlanmış “Akritas Planı”na əsaslanırdı. Türklərin məhv edilməsini və ya qovulmasını nəzərdə tutan “Akritas Planı” sadə bir təşkilatın fəaliyyət planı deyil, Yunanıstan hakimiyyətinin hazırladığı etnik təmizləmə siyasəti idi. Bu planın həyata keçirilməsi nəticəsində 30 min Kipr türkü 103 kəndi tərk etməli oldu. Doğma evlərini tərk etmək məcburiyyətində qalan türklər dənizə çıxışı olmayan və daim mühasirədə olan kiçik ərazilərə sığındılar.
Buna görə də Kipr rumları 1963-cü ildə konstitusiyanı birtərəfli qaydada zorla ləğv etdikdən sonra «Kipr Respublikası» mövcudluğunu dayandırdı. «Qanlı Milad» hadisələrindən sonra 27 dekabr 1963-cü ildə üç qarant ölkənin əsgərlərindən ibarət «Sülhməramlı Qüvvələr» quruldu. Bu tarixdən etibarən bu sərhəd «Yaşıl xətt» adlanır.
- Ufuq xanım, tarixdən də bəllidir ki, Kipr rumlarının Kipr türklərini 1960-cı ildə qurulan tərəfdaşlıq dövlətindən çıxarmağa, adada birlikdə yaşamaq və adanı birlikdə idarə etmək razılaşmasından əl çəkməyə cəhd etdikdən sonra bu məsələ beynəlxalq ictimaiyyətin gündəmində olub. Kipr türklərinin 1960-cı ildə qurulan dövlətin bərabərhüquqlu tərəfdaşları kimi hüquqlarını həyata keçirməsinə mane olan bu qeyri-qanuni vəziyyəti Kiprin Türk tərəfi və Türkiyə heç vaxt qəbul etməyib.
- Bəli, Kipr türkləri üçün taleyüklü, həyati məsələ ilə bağlı adaya beynəlxalq sülhməramlı qüvvələr (UNFICYP) yerləşdirildi. Bu arada Yunanıstan adaya gizli olaraq 20 minə yaxın əlavə qüvvə cəlb etdi. Beləliklə, tərəfdaşlıq dövləti olmaqdan çıxaraq Yunan administrasiyasına çevrilən Kipr Respublikası faktiki olaraq Yunan nəzarətinə keçdi və iki xalq bir-birindən tamamilə ayrıldı.
1967-ci ildə hərbi çevrilişlə Yunanıstanda hakimiyyəti ələ keçirən Xunta Keşan və Dedeağaç görüşlərində Türkiyə ilə danışıqlar aparmağa çalışsa da, bu uğursuzluqla Kiprin Boğaziçi və Geçitkale kəndlərinə hücumlar başladı və bu hücumlara Yunan əsgərləri də qoşuldu. Türkiyənin razılaşmalardan irəli gələn müdaxilə hüququndan istifadə edəcəyi xəbərdarlığı və Yunanıstanın BMT nəzarəti altında adadan qoşunlarını çıxarmaq məcburiyyətində qalmasından sonra bu böhran sona çatdı. 1968-ci ildə tərəflər arasında danışıqlara başlanıldı. 47 ildir davam edən danışıqlarda müzakirə olunmayan heç bir məsələ qalmayıb. Danışıqlar BMT tərəfindən müəyyən edilmiş siyasi bərabərlik və iki zonalılıq parametrləri əsasında bərabər statuslu iki təsisçi dövlətlə yeni Tərəfdaşlığın yaradılması məqsədi ilə BMT-nin Xeyirxah Niyyətlər Missiyası çərçivəsində aparılır. Danışıqlar zamanı BMT-nin həll təkliflərinə hər zaman «hə»” deyən Kiprin türk tərəfi olub, lakin rum tərəfi razılaşmaya razı olmayıb və Kipr türkləri ilə ortaq gələcəyi paylaşmaqdan imtina edib. Kipr türkləri administrasiyadan uzaqlaşdırıldıqdan sonra rumlar arasında fikir ayrılıqları yaranmağa başladı. 15 iyul 1974-cü ildə Yunan Xuntasının dəstəyi ilə EOKA lideri Nikos Sampson adanı Yunanıstana birləşdirmək məqsədi ilə Makariosa qarşı çevriliş edərək qısa müddət ərzində hakimiyyəti ələ keçirdi. Kiprin suverenliyi və ərazi bütövlüyünü hədəf alan bu addım qarşısında Türkiyə ilk olaraq 1960-cı il Zəmanət Müqaviləsi çərçivəsində İngiltərəyə ortaq müdaxilə təklifi etdi. İngiltərənin mənfi cavabından sonra Türkiyə adadakı türklərin təhlükəsizliyini nəzərə alaraq 20 iyul 1974-cü ildə Sülh Əməliyyatına başladı. Beləliklə, Kiprin Yunanıstana birləşdirilməsinin qarşısı alındı və Kipr türk xalqının varlığı təmin edildi. Türkiyə Sülh Əməliyyatı Yunanıstanda Xunta hakimiyyətinə son qoydu və ölkəyə demokratiya gətirdi. 2 avqust 1975-ci ildə BMT-nin nəzarəti altında Vyanada ŞKTC-nin sabiq Prezidenti Rauf Denktaş və Qlafkos Klerides arasında əhali mübadiləsi razılaşması əldə edildi. BMT Sülh Qüvvələri vasitəsi ilə həyata keçirilən bu razılaşma ilə təxminən 120 min rum Şimaldan Cənuba, 65 min türk isə Cənubdan Şimala keçərək iki homojen əhali meydana gətirdi. Bu iki hissə 180 km uzanan və eni 5 m ilə 7 km arasında olan «bufer zonası» ilə ayrılır. 1960-cı il müqavilələrindən irəli gələn zəmanət hüquqlarından istifadə edən kipr türkləri azadlıqlarını qazandılar. Kipr türk xalqı çətin mübarizələrdə qalib gəldi. 15 noyabr 1983-cü il tarixində kipr türkləri Rauf Denktaşin rəhbərliyi altında ən dəyərli varlıqlarına, azadlıqlarına qovuşdu, Şimali Kipr Türk Cumhuriyyəti yarandı. Xalqa müraciət edilən «Başınızı dik tutun, torpağınızı xalqımızı qoruyun, türklüyünüzlə öyünün, birlik və bərabərlik naminə çalışaraq vətninizə layiq olun» çağırışlarına qoşulan kipr xalqı bu gun də əqidəsinə sadiqdir.
- Ufuq xanım, türk dünyasının birliyi və həmrəyliy naminə aparıcı rolunu doğruldan, qardaş Türkiyə ilə eyni məqsəd naminə çalışan Azərbaycan daim Şimali Kipr Türk Cümhuriyyətinin yanında olmuş, siyasi, iqtisadi sahədə əlaqələrin möhkəmlənməsinə dəstəyini əsirgəməmişdir.
- Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyətini birləşdirən əlaqələrin tarixi genişdir. Türkiyə və Azərbaycan prezidentlər Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin səmimi münasibətləri, qardaşlıq əlaqələri Kipr türkləri tərəfindən yüksək qiymətləndirilir və rəğbətlə qarşılanır. Hər iki dövlət başçısı Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi üzv kimi qəbul edilməsinə böyük dəstək və töhfələr verdilər. Cənab İlham Əliyevin dəvəti ilə ŞKTC-nin Prezidenti Ersin Tatarın Azərbaycana səfərləri, Qarabağda, Şuşa şəhərində olması iki qardaş ölkə arasındakı əlaqələri daha da möhkəmləndirdi.
-Şimali Kipr Türk Cümhuriyyətinin TDT-yə müşahidəçi kimi qəbulunun bu birliyin möhkəmlənməsinə təsir göstərəcək amil olduğunu bildirən Prezident İlham Əliyevin «Bildiyiniz kimi, Şimali Kipr Türk Cümhuriyyəti Türk Dövlətləri Təşkilatında artıq müşahidəçi üzv statusuna malikdir və Zirvə görüşlərində bu statusla iştirak edib. Ancaq ilk dəfə olaraq bu tədbirdə öz bayrağı ilə iştirak etmişdi. Burada biz qardaşlıq borcumuz nədirsə, onu da etdik» sözləri «Üç dövlət, bir millət» reallığıqın təsdiqidir.
- Bəli, Prezident İlham Əliyevin Kipr türk xalqına səmimiyyəti 2025-ci il aprelin 9-da Bakıda keçirilən «Yeni dünya nizamına doğru» beynəlxalq Forumda da əksini tapdı. Cənab İlham Əliyevin həmin forumdakı çıxışında bizim ölkəmiz üçün mühüm mesajlar səsləndirdi. Prezident İlham Əliyevin ŞKTC ilə bağlı birmənalı, aydın siyasəti xalqımız tərəfindən yüksək dəyərləndirilir. Azərbaycanın yeganə məqsədinin qardaş Kipr türk xalqının ədalətli mübarizəsini dəstəkləmək olduğunu tarixi faktlar, türk dünyasının bir parçası olan ölkəmizlə bağlı siyasəti, tutduğu mövqe də təsdiqləyir. Təbii ki, bu səmimiyyət Kipr türklərində böyük məmnunluq yaradıb. Kipr türk xalqına güc, qüvvət verir, türk dünyasının birliyi naminə həmrəyliyə dəvət edir.
-İki ölkə arasındakı səmimiyyət Türkiyədə keçirilən Antalya Diplomatiya Forumunda da tarixi hadisə kimi yaddaşlarda qaldı.
- Bəli, həmin forumda Prezident İlham Əliyev ilə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın görüşündə Azərbaycanda və beynəlxalq tədbirlər çərçivəsində iki dövlət başçısı arasında keçirilən görüşlər, Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısı məmnunluqla xatırlandı. Ersin Tatar Prezident İlham Əliyevə ölkəsinə göstərdiyi həmrəyliyə və dəstəyə, həmçinin bir neçə gün əvvəl ADA Universitetində keçirilən beynəlxalq forumda dediyi sözlərə görə minnətdarlığını ifadə etdi. Söhbət zamanı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsi və bir sıra sahələrdə əməkdaşlıq məsələlərinə toxunuldu.
- Ufuq xanım, siz ölkəmizdə nümayəndə kimi, ikinci müddətdir ki, çalışırsınız. Yəni, xalqlarmız arasında yaranan səmimi münasibətlərdə sizin də rolunuz danılmazdır. Azərbaycan ilə ŞKTC arasındakı iqtisadi, təhsil, mədəniyyət, turizm sahələrinndəki əlaqələr də qarşılıqlı səylər əsasında inkişaf etdirilir. Bununla bağlı görülən və görüləcək işlər barədə fikirlərinizi bilmək istərdik.
-Təbii ki, Azərbaycanla münasibətlərimiz yeni deyil. Bakı nümayəndəliyimiz 1997-ci ildən fəaliyyət göstərir. Dövlətimiz Azərbaycanla əlaqələrimizin qarşılıqlı münasibətlər əsasında davamında maraqlıdır və xalqımız tərəfindən yüksək qiymətləndirir. Son illər Şimali Kipr Türk Cümhuriyyəti Azərbaycanla iqtisadiyyat, ticarət, turizm və təhsil sahələrində əlaqələri inkişaf etdirib. ŞKTC-nin Prezidenti Ersin Tatarın Azərbaycana ilk səfərindən sonra müxtəlif sahələri əhatə edən əlaqələrimiz daha da güclənib. Hər iki ölkənin iş adamları arasında yaranan iqtisadi əməkdaşlıq faydalı olmaqla, milli maraqlar baxımından davam etdirilir. Bakıda Kiprin mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlər maraqla qarşılanıb. Bu gün ölkəmizdə istehsal olunan və Azərbaycana ixrac edilən hellimin (pendir növü), bəkməzin, yaşıl zeytunun, tahinin, müxtəlif mürəbbə çeşidlərinin, türk qəhvəsinin istehsalı artırılır.
-Eyni sözləri turizm haqqında da demək olar.
- Bəli, turizm sahəsində də Azərbaycanla Şimali Kiprin oxşar cəhətləri çoxdur. Hər iki ölkədə mövcud olan səfalı yerlər, tarixi abidələr turizmin inkişafı baxımından gəlirli sahədir. Son bir ildə ölkəmizdən Azərbaycana maraq artıb. Bu maraq bizi sevindirir. Arzum budur ki, cənnətməkan Azərbaycana gələn kiprli türk turistlərin də sayı artsın, mədəniyyətlər arasındakı əlaqələr daha da möhkəmlənsin. Onu da qeyd edim ki, Şimali Kiprdə də turizmin inkişafına xüsusi diqqət göstərilir. Yəni, qarşılıqlı olaraq azərbaycanlların da ölkəmizə səfərlərini məmnunluqla qarşılayarıq. İnanıram ki, bu sektorda da Azərbaycanla əməkdaşlığımızın gələcəyi hər iki dövlət üçün faydalı olacaq.
-Oxşar tarixə, adət-ənənələrə malik türk xalqlarının mədəniyyət və incəsənət sahəsindəki əlaqələri türk sivilizasiyanın möhkəmlənməsində başlıca amildir. Bu sahədə hansı işlər görülür?
-Mədəniyyətimizin və incəsənətimizin Azərbaycanda təbliğinə diqqətlə yanaşırıq. 2024-cü ildə ölkəmizin tanınmış xor kollektivlərinin Naxçıvanda, Bakıda təşkil olunmuş konsertlərinə maraq kifayət qədər yüksək olub. Tarixdən də bəllidir ki, xalqlarımız arasında mehribanlığın yaranmasında incəsənət və mədəniyyətin xüsusi rolu vardır. Biz mütəmadi olaraq ölkəmizdən olan rəssamların Azərbaycana səfərlərinə, konsert və sərgilər kimi incəsənət tədbirlərində iştirakına dəstək verir və təşviq edirik. Ölkəmizin tanınmış solistlərindən xormeyster Bahar Gökhanın iştirakı ilə 1 may 2025-ci il tarixində Bakıdakı Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın əməkdar artisti Nərgiz Əliyeva ilə «Bahar təranələri» adlı konsert təşkil olunacaq. Bəri başdan türk klassik musiqisevərlərini konsertə dəvət edirik.
- Ufuq xanım, müsahibə üçün sağ olun. İnşaallah, qarşıdakı görüşlərimizdə daha möhtəşəm əlaqələrlə bağlı söhbətimizi davam etdirəcəyik.
Xuraman İsmayılqızı, «İki sahil»