16 aprel 2025 22:15
950

SOCAR ailəsinin üzvü olmaq böyük fəxr və qürurdur

Daha çox çalışmalı və burada öz yerimi bir daha təsdiqləməliyəm

Bakı Ali Neft Məktəbinə qəbul olmaq uşaqlıq arzum olub

Prezident təqaüdçüsü: Enerji sahəsi üzrə təhsilimi davam etdirmək və transmilli şirkətlərdə işləmək arzusundayam

“İki sahil” qəzetinin növbəti müsahibi, Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi, Prezident təqaüdçüsü Əsmər Eyvazlı tələbəlik dövrü və gələcək hədəfləri ilə bağlı fikirlərini oxucularımızla bölüşür.

- Əvvəlcə səni tanıyaq. BANM-ın tələbəsi Əsmər Eyvazlı kimdir? 

- Mən, Eyvazlı Əsmər Elmar qızı. Bakı şəhəri Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyin 2024-cü ildə ən yüksək ballı məzunuyam. Ali məktəbə qəbul imtahanında 691.8 bal toplayaraq Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasına qəbul olmuşam. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüşəm. 

- Ali məktəbə qəbul imtahanı dövrünü necə xatırlayırsan? 

- Ali məktəbə qəbul dövrü, abiruriyent illəri nə qədər stresli və çətin olsa da mənə görə ümid çox idi. Düzdür, həmin dövrdə gecə-gündüz demədən oxumaq məni həm fiziki, həm də mənəvi cəhətdən çox yorurdu. Amma buna rəğmən xəyalımda olan gələcək üçün çalışmaq və bacaracağıma inanmaq mənə güc, stimul və motivasiya verirdi. 

- Yüksək bal toplayacağını gözləyirdinmi? 

- Özümə və biliyimə inamım hər zaman tam olub ona görə də bəli, gözləyirdim. Buraxılış imtahanından 297.5 bal yığanda isə bir daha əmin oldum ki mən blok imtahanında da yüksək nəticə göstərəcəyəm.

- Niyə Bakı Ali Neft Məktəbini seçdin?

- Bakı Ali Neft Məktəbinə qəbul olunmaq mənim uşaqlıqdan arzum olub. Buradakı təhsil sənayenin real tələbi olan istehsalat təcrübəsi ilə zəngindir. Bura sadəcə tədris ocağı deyil, eyni zamanda, hakatonlar mərkəzidir. Tez-tez intellektual yarışlarda iştirak edirik ki, bu da bizim dünya görüşümüzü artırır. Tam təchizatlı laboratoriyalarımız, kitabxanamız, otaqlarımız vasitəsilə daha effektiv şəkildə təhsil alırıq. Həm tədris perspektivindən, həm də bizə olan yanaşmaya görə deyə bilərəm ki, ən doğru şeçimi etmişəm və heç də peşman deyiləm. 

- Bakı Ali Neft Məktəbi ilə ilk tanışlıqdan sonrakı təəssüratların necə oldu? 

- Ümumi olaraq universitetimiz haqqında araşdırmışdım. Amma ilk dəfə canlı olaraq açıq qapı günündə gəldim bura. Daxilinin interyerindən tutmuş müəllimlərin və tələbələrin bizə olan rəftarına qədər hər şey məni heyran etdi.

- Böyük neft sənayesi ənənəsi olan ölkəmizin ixtisaslı, müasir biliklərə yiyələmiş, peşəkar kadrlara hər zaman ehtiyacı var. İxtisas seçərkən bu amilləri nəzərə aldınmı? 

- Bəli. Düşünürəm ki, bütün bu bilik və bacarıqlara BANM-da yüksək səviyyədə yiyələnəcəyəm və ölkəmizin ən ixtisaslanmış və bacarıqlı mühəndislərindən biri olacağam. 

- Neft sənayesinə olan marağın ailədən gəlir, yoxsa öz seçimindir? 

- Əslində qeyd etdiyim kimi, bu, mənim uşaqlıqdan arzumdur. Lakin atam da uzun illər boyu SOCAR-da işləyib və bu nəhəng transmilli şirkətə öz töhfələrini verib. Mən isə BANM-I bitirdikdən sonra SOCAR kimi böyük şirkətdə işləmək istəyirəm. 

- Yüksək bal toplamaq istəyən abituriyentlərə nə məsləhət verərdin? 

- Özlərinə və xəyallarına inansınlar. Hədəflərinə fokuslanıb əmin addımlarla ona tərəf irəliləsinlər. Ən əsası xəyal qurmağı heç vaxt dayandırmasınlar. 

- İnkişafın və bu uğurun üçün ən çox kimə borclusan? 

- İlk növbədə, hər zaman yanımda olan və mənə inanan, məni dəstəkləyən anama və atama minnətdaram. Daha sonra mənə bol motivasiya verən, imtahana hazırlayan və dərin biliklərə yiyələnməyimə kömək olan müəllimlərimə çox təşəkkür edirəm. Təbii ki, məni sevən, dəstəkləyən, uğuruma öz uğuru kimi sevinən əzizlərimə, dostlarıma minnətdaram. 

- Sənin fikrincə tələbəsi olduğun Bakı Ali Neft Məktəbini digər universitetlərdən fərqləndirən nədir? 

- Düşünürəm ki, bu sualın cavabını yuxarıda artıq qeyd etmişəm. 

- Həm neftçi, həm də SOCAR ailəsinin üzvü olmaq neçə bir hissdir? 

- SOCAR ailəsinin üzvü olmaq böyük fəxr və qürurdur. Əziyyətimin bəhrəsini artıqlaması ilə görmək mənə stimul verir və bir yandan da məsuliyyət aşılayır. Daha çox çalışmalı və burada öz yerimi bir daha təsdiqləməliyəm. 

- SOCAR-ın tələbələr üçün reallaşdırdığı layihələrdə iştirak edirsənmi? 

- Əslində SOCAR könüllüsü olmaq üçün necə deyərlər can atıram. SOCAR-ın Baş ofisində xarici təlimçi tərəfindən keçirilən təlimdə iştirak etmək şansım olub. Əlavə olaraq 4 mart 2025-ci il tarixində “The Ritz-Carlton” otelində SOCAR-in təşkilatçılığı ilə “Enerji sahəsində rəqəmsallaşdırma, sənaye təhlükəsizliyi və satınalmalar” mövzusunda beynəlxalq konfransda iştirak etmişəm.

- İstehsalat təcrübəsində olmusunuzmu?

- İstehsalat təcrübəsi bu gün sənayenin ən mühüm tələblərindən biridir və mühəndislərin mütəxəssis kimi yetişməsində rolu əvəzedilməzdir. Mən hələki Foundation (Hazırlıq) tələbəsi olduğum üçün istehsalatda iştirak etməmişəm, amma yuxarı kurslarda iştirak edəcəyəm. 

- Hansı maraqların, hobbilərin var

- Mən sosial insanam ona görə də ünsiyyət qurmaq, insanlarla danışmağı sevirəm. Əlavə olaraq həvəskar kimi moda ilə maraqlanıram və tennis oynayıram. Voleybol da sevdiyim idman növlərindən biridir.  

- Gələcək hədəflərin nələrdir

- İlk növbədə ali təhsilimi müvəffəqiyyətlə bitirib Vətənə faydalı gənc olmaq istəyirəm. Enerji sahəsi üzrə təhsilimi davam etdirmək və transmilli şirkətlərdə işləmək arzusundayam. 

Orxan Vahidoğlu, “İki sahil”