Ulu Öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1974-cü ildə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının təməli qoyulmuşdu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyunun 24-də “8 Noyabr” Elektrik Stansiyasının açılışı münasibətilə Mingəçevirə səfərə gəlmişdir. Səfər zamanı “Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edən Dövlətimizin Başçısı “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində iştirak edən qonaqlarla görüşüb, onlarla söhbət etmişdir. Söhbət zamanı bu stansiya layihəsinin əhəmiyyəti vurğulanmış, İtaliya və Çin şirkətlərinin bu layihədə iştirakının önəminə toxunulmuşdur. İşlərin qısa müddət ərzində yekunlaşması məmnunluqla qeyd edildikdən sonra “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tədbirdə çıxışında bu günün ölkəmizin energetika sahəsində əlamətdar bir gün, “8 Noyabr” Elektrik Stansiyasının açılışının çox gözəl hadisə olduğunu qeyd etdi. Cənab Prezident İlham Əliyev daha sonra bildirdi ki, ümumilikdə ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir. Bu gün “8 Noyabr” Elektrik Stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır. 1880 meqavat gücündə bu stansiya bizim enerji potensialımızı təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq və beləliklə, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcək. Hazırda bizim elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur və əlbəttə ki, görülmüş bütün bu işlər bir daha Azərbaycanın doğru yolda olduğunu göstərir.
Dövlətimizin Başçısı çıxışında Mingəçevirin 1970-ci illərdə Azərbaycan energetika sektorunda mərkəzi rol oynadığını diqqətə çatdıraraq demişdir ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1974-cü ildə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının təməli qoyulmuşdur və Ulu Öndərin iştirakı ilə stansiyanın birinci bloku 1981-ci ildə istismara verilmişdir. Ondan sonra digər bloklar da istismara verilərək artıq o zaman hələ sovet dövründə bu stansiya Qafqazın önəmli energetika mərkəzlərindən birinə çevrilmişdir. Təbii olaraq müstəqilliyin ilk illərində bizdə enerji qıtlığı yaranmışdır. Orta və yaşlı nəslin nümayəndələri o illəri yaxşı xatırlayırlar ki, o vaxt hətta axşam saat 12-də televiziya verilişləri də dayandırılırdı. Çünki energetika sistemimiz lazım olan həcmdə elektrik enerjisini istehsal edə bilmirdi. Həm yanacaq nöqteyi-nəzərindən çətinliklər var idi, həm də enerji sistemimiz tam köhnəlmişdi. Yalnız Ulu Öndərin təşəbbüsü ilə yaradılmış Mingəçevir stansiyası hesabına müəyyən dərəcədə fasilələrlə olsa belə, insanlara və müəssisələrə elektrik enerjisi verilirdi. Yəni, Mingəçevirin tarixi energetika mərkəzi kimi zəngindir və burada formalaşmış güclü kadr potensialı, əlbəttə ki, bu gün də bizə əldə edilmiş uğurlara nail olmaq üçün imkan yaradır. Bu layihənin qısa müddət ərzində icra edilməsi, - energetiklər bunu yaxşı bilirlər - rekord nəticə sayıla bilər. Çünki təxminən 2 min meqavatlıq elektrik stansiyasının inşa müddəti bir neçə il davam edir - bəlkə də üç il, dörd il, beş il, bəlkə daha da çox. Misal üçün, elə sovet dövründə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının inşası 1974-cü ildə başlamışdır və birinci blok 1981-ci ildə istismara verilmişdir. Yəni, yeddi ildən sonra 300 meqavat enerji əldə edilmişdir. Biz isə iki il ərzində təxminən 2 min meqavat enerji əldə etmişik və əlbəttə ki, bunun bir çox səbəbləri var. Təbii ki, buna burada mövcud olan energetika bazamız, təcrübəmiz, Azərbaycan energetiklərinin peşəkarlığı, bilikləri, təcrübələri və əlbəttə ki, bizim beynəlxalq tərəfdaşlarımızın da töhfəsi şərait yaratdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu stansiyanın ərsəyə gəlməsində İtaliya və Çin şirkətlərinin böyük payı olduğunu vurğuladı. Dövlətimizin başçısı çıxına davam edərək bildirmişdir: “Qeyd etməliyəm ki, həm İtaliya, həm Çin Azərbaycanın strateji tərəfdaşlarıdır. Strateji tərəfdaşlıq haqqında İtaliya ilə iki, Çinlə iki bəyannamə imzalanmışdır və mənim bu ölkələrə çoxsaylı səfərlərim nəticəsində bir sıra istiqamətlər üzrə çox gözəl nəticələr əldə edilmişdir. İtaliya Azərbaycanın birnömrəli ticarət tərəfdaşıdır. Çin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdədir. Biz İtaliya ilə xüsusilə energetika sahəsində, xam neft, təbii qaz sahəsində uzunmüddətli və strateji əməkdaşlığa bir neçə il bundan əvvəl başlamışıq. Çinlə isə bu yaxınlarda daha çox bərpaolunan enerji layihələrini birgə icra etməyə başlayırıq. Mənim aprel ayında Çinə dövlət səfərim zamanı lazım olan razılaşmalar əldə edildi. Onu da bildirməliyəm ki, Azərbaycanda bu gün yaradılan yeni Günəş elektrik stansiyalarının təchizatı böyük dərəcədə Çin şirkətləri tərəfindən təmin edilir. Yəni, bu hər iki ölkə bizim üçün həm strateji tərəfdaşdır, həm də önəmli ticarət tərəfdaşımızdır. Qeyd etdiyim kimi, siyasi əlaqələr çox yüksək səviyyədədir və biz burada çox gözəl beynəlxalq əməkdaşlıq nümunəsini görürük”.
Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2” ünvanı üzrə ərazi partiya təşkilatının sədri