21 aprel 2025 09:53
108

SOCAR-ın Kulevi terminalı vasitəsilə yük daşımalarının həcmi artıb

2024-cü il ərzində SOCAR-a məxsus Kulevi neft terminalı vasitəsilə ümumilikdə 2,5 milyon ton yük aşırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq şirkətdən məlumat verilib.

"Bu göstəricinin 0,95 milyon tonu Azərbaycan mənşəli, 1,55 milyon tonu isə tranzit yüklər təşkil edib. Müqayisə üçün, 2023-cü ilin eyni dövründə terminal vasitəsilə aşırılmış yük 2,16 milyon ton olub. Beləliklə, 2024-cü ildə 2023-cü illə müqayisədə yük həcmində 349 min ton artım olub.", – deyə SOCAR-dan bildirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) idarəçiliyində olan Kulevi terminalı və dəniz limanı 2008-ci il mayın 16-da fəaliyyətə başlayıb. Terminal karbohidrogenlərin və neft-kimya məhsullarının daşınması üçün nəzərdə tutulub. Onun xidmətlərinə dəmir yolu ilə karbohidrogen və neft-kimya məhsullarının qəbul edilməsi, çənlərə nəql olunması, saxlanılması, gəmilərə yüklənməsi və liman qurğularının istismarı daxildir.