22 aprel 2025 02:26
90

Biz Qlobal Cənubla Qlobal Şimal arasında körpülərin qurulmasında mühüm rol oynadıq

Dövlət başçısı İlham Əliyev «Yeni dünya nizamına doğru» mövzusunda keçirilən beynəlxalq forumda bir daha Azərbaycanın beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarı olduğunu əsaslı şəkildə diqqətə çatdırdı

Əməkdaşlıq məkanı kimi tanınan və nüfuz qazanan Azərbaycan 120 ölkənin sıralarında birləşdirən, BMT-dən  sonra ikinci böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına 4 ililk sədrliyi ilə qazandığı zəngin təcrübəni bu gün istər ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərdə, istərsə də üzvü olduğu qurumların beynəlxalq nüfuzunun artırılması istiqamətində atdığı addımlarda özünü nümayiş etdirir. Dövlət başçısı İlham Əliyev bu günlərdə ADA Universitetində keçirilən «Yeni dünya nizamına doğru» mövzusunda beynəlxalq forumda bir daha diqqəti Azərbaycanın çoxtərəflilik prinsipinin fəal tərəfdarı olmasına yönəldərək bunu əsaslı şəkildə diqqətə çatdırdı.   «Biz dörd il ərzində bütün üzv ölkələrə çox yardım etdik. Biz Qoşulmama Hərəkatında yaxşı irs qoyduq» söyləyən cənab İlham Əliyev bildirdi ki,  çünki müəyyən mərhələdə bu Hərəkat bir qədər zəifləməyə başlamışdı. Biz yeni dinamika gətirdik. Parlament Platforması və Gənclər Platforması yaradılması təşəbbüsü ilə çıxış etdik. Beləliklə, bu, Azərbaycanın iki mühüm irsidir və biz Qoşulmama Hərəkatının institusional inkişafı və onun təşkilata potensial transformasiyası istiqamətində fəal işlədik. Sədrliyimiz yekdilliklə dəstəkləndi: «Biz 3 il müddətinə seçilmişdik, lakin sonra üzv dövlətlər sədrliyimizi daha bir il müddətinə uzatmağı qərara aldılar ki, bu da hərəkatın tarixində görünməmiş hadisədir. Beləliklə, yenidən yekdil qərarla Azərbaycanın sədrliyi uzadıldı. Bu onu göstərir ki, üzv dövlətlər arasında müəyyən ikitərəfli və ya çoxtərəfli anlaşılmazlıqların olmasına baxmayaraq, - hansı ki, başadüşüləndir – çünki 120 ölkə var, - Azərbaycana münasibətdə onların hamısı bizim rolumuzun qiymətləndirilməsində vahid mövqedən çıxış etmişdi.»

Azərbaycan dünyanı Bakıya torplayan COP29 iqlim konfransına ev sahibliyi etməklə də bu çağırışı səsləndirdi ki, əsas hədəfimiz az inkişaf etmiş, ekzistensial təhdidlə üzləşmiş ölkələri dəstəkləmək olacaq. Biz bunu etdik. Bütün proses boyu Azərbaycan  inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdi. Çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Ölkəmiz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdi. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu. Bakı COP-da İtki və Zərər Fondu tam işlək vəziyyətə gətirildi. Biz, həmçinin karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail olduq. Ən əsası, Bakı COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard dollar təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək. Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirən dövlət başçısı İlham Əliyev bildirdi ki,  COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək. 

Bu reallıq da inkaredilməzdir ki, güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Çünki xarici siyasət daxili siyasətin davamıdır. Ona görə bundan sonra da xarici siyasətimiz çox aydın, açıq olacaq və bu gün dünya ictimaiyyəti siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə Azərbaycanı BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi. Dövlət başçısı İlham Əliyev Azərbaycanın güclü iqtisadiyyatının müstəqil xarici siyasətin həyata keçirilməsinə geniş imkanlar yaratdığını bildirir. Bunun üçün ölkəmizin son 21 ildən artıq dövrdə  qazandığı sosial-iqtisadi göstəricilərə diqqət yetirmək kifayətdir.  Bu müddətdə büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artıb. Bu illər ərzində ölkəmizdə əlverişli investisiya mühiti yaradılıb. Belə ki, Azərbaycan iqtisadiyyatına 310 milyard dollardan çox sərmayə qoyulub ki, bunun da 200 milyard dollara yaxını qeyri-enerji sektorunun payına düşür. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla dollar həcmində sərmayə qoyub. Ölkəmiz Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.

Azərbaycanın beynəlxalq nüfuzunun göstəricilərindən olan Qoşulmama Hərəkatı, eyni zamanda, üzv dövlətlərlə əlaqələrinin yüksələn xətlə inkişafını təsdiqləyən xeyli sayda faktlar sadalamaq olar. Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra da ən böyük beynəlxalq təsisatdır. Prezident İlham Əliyevin sayəsində ölkəmiz bu təsisata uğurla rəhbərlik etməklə onun beynəlxalq aləmdə nüfuzunu və rolunu gücləndirib, böyük uğura imza atıb. Dövlətimizin başçısının Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq müstəvidə davamlı və ardıcıl şəkildə irəli sürdüyü təşəbbüs və təkliflər həm Hərəkat, həm də digər ölkələrin geniş dəstəyini qazanıb. Hələ 2019-cu ildə ölkəmiz Qoşulmama Hərəkatının sammitinə uğurla ev sahibliyi etdiyi tədbirdə Prezident İlham Əliyev Azərbaycanın öz sədrliyi dövründə beynəlxalq hüququ və ədaləti müdafiə edəcəyini, fəaliyyətini tarixi “Bandunq prinsipləri” üzərində quracağını bəyan etmişdi. Sədrliyi dövründə ölkəmiz Hərəkat üzvlərinin ədalətli mövqeyini beynəlxalq müstəvidə müdafiə etmək üçün öz səylərini əsirgəmədi. Bu dövrdə Hərəkatın parlament və gənclər şəbəkələri yaradıldı. 2022-ci ildə Şuşa razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı təsis olundu və onun daimi katibliyi Bakıda yerləşəcək. Təşkilatın yaradılması kimi mötəbər uğurdan əlavə, Şuşa şəhərinin adı da artıq Qoşulmama Hərəkatının tarixinə düşdü. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi vurğuladığı məsələlərdən biri də neokolonializmlə mübarizə məsələsidir. Dövlətimizin başçısı bildirir ki, dekolonizasiya mühitində yaranmış Qoşulmama Hərəkatı bu mövzuya xüsusi önəm ayırmalıdır. Prezident İlham Əliyev Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırdı.

Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının  nüfuzu daha da yüksəldi, onun beynəlxalq gündəlikdə duran qlobal məsələlərin həllində rolu daha da artdı. Prezident İlham Əliyevin sədrliyi ilə Hərəkat sürətlə dəyişən bugünkü dünyada öz mövqeyi və yeri olan mötəbər beynəlxalq təsisata çevrilib. Bu gün Qoşulmama Hərəkatı multilateralizm nümunəsi kimi qəbul edilir. Əslində, buna nail olmaq heç də asan deyil. Belə ki, Qoşulmama Hərəkatı fərqli etnik, dini, mədəni köklərə, siyasi quruluşlara malik və bəzən hətta bir-biri ilə kəskin münasibətdə olan 120 dövlətdən ibarətdir. Belə fərqli və mürəkkəb coğrafiyada birləşdirici, effektiv və nəticəyönümlü sədrlik etmək məhz Prezident İlham Əliyevin tarixi uğurudur. Bu uğurlu sədrliyi ilə Azərbaycan göstərdi ki, böyük ərazisi və əhalisi olmasa da, məhz güclü Liderin rəhbərliyi altında qlobal nailiyyətlərə imza ata bilər. Qoşulmama Hərəkatına sədrliyi və belə mötəbər tədbirlərə ev sahibliyi etmək ölkəmizin multilateralizmə və qlobal həmrəyliyə verdiyi önəmin göstəricisidir.

Azərbaycanın mövqeyinin möhkəmləndirilməsində yerləşdiyi coğrafi məkan mühüm rol oynayır. Şərqlə Qərbin qovuşağında yerləşən ölkəmiz dövlətlər, xalqlar arasında körpü roluna yeni əməkdaşlıq formatlarının yaradılması ilə əlavələr edir. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında  bu məqama  da xüsusi  diqqət yönəldir ki, coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq.

Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenilənməsi, təkmilləşdirilməsi dövlətimizin həyata keçirdiyi iqtisadi siyasətin əsas tərkib hissəsidir. Yol iqtisadiyyat, eyni zamanda, əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişləndirilməsi üçün böyük stimuldur. Bu gün təkcə işğaldan azad edilmiş ərazilərimizdə yaradılan yol infrastrukturunun timsalında Azərbaycanın beynəlxalq nəqliyyat mərkəzinə çevrildiyini böyük əminliklə deyə bilərik. Belə ki, bu torpaqlarda 3 beynəlxalq hava limanının tikintisi nəzərdə tutuldu ki, artıq ikisi - Füzuli və Zəngilan aeroportları istifadəyə verilib. Laçın Beynəlxalq Hava Limanının isə bu il  istifadəyə verilməsi nəzərdə tutulur. Bu hava limanlarının beynəlxalq status qazanması özündə bütün məqamları ehtiva edir. Ümumilikdə bütün bölgələrdə yol-nəqliyyat əsasdır. Azərbaycan bu sahədə də qazandığı uğurları ilə beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qoruyur. Bu günlərdə ölkəmizdə səfərdə olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə mətbuata birgə bəyanatında da cənab İlham Əliyev diqqəti enerji, nəqliyyat layihələrinə yönəldərək bildirdi ki, bu layihələr  nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir.

Ölkəmizi regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevirmək strategiyasının tərkib hissəsi olan, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rol oynayır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün birbaşa yüktoplama məntəqəsi funksiyasını yerinə yetirir. Bu liman şimal, cənub, şərq və qərb istiqamətlərindən dəhlizlər üzrə ölkəmizə daxil olan yüklərin toplanmasını, onların BTQ üzrə Avropa istiqamətində və ya gəmilərlə şərq istiqamətində daşınmasını təmin edən səmərəli və davamlı logistika zəncirinin formalaşması üçün əsas amildir.

Dövlət başçısı tarixi Zəfərimizin reallıqlarını söyləyərkən Azərbaycanın tranzit imkanlarının genişlənməsində öz sözünü deyəcək Zəngəzur dəhlizinin açılması məsələsinə də xüsusi diqqət göstərir. Bildirir ki, ölkəmizin ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək, o cümlədən Zəngəzur dəhlizi işə salınacaq: “Bir sözlə, bütün bunlar əlavə yüklər üçün digər imkanlar yaradacaq. Eyni zamanda, Azərbaycan ərazisindən daşımalar, həmçinin Gürcüstanın dəniz limanından keçəcək. Biz bu sahədə müəyyən sərmayə imkanlarına böyük maraqla baxırıq. Həqiqətən, daşımalarda əməkdaşlıq bütün ölkələr üçün çox faydalı olacaq və eyni zamanda, o da vacibdir ki, bu işlər ölkələr arasında əlaqələri gücləndirəcək. Ölkələr bir-biri ilə daha sıx bağlı olacaq, inteqrasiya olacaq.” Cənab İlham Əliyev onu da bildirir ki, dəhliz boyunca bir çox istehsal sahələrini yaratmağı planlaşdırırıq. Azərbaycanda böyük sənaye zonalarını yaratmaq istəyirik. «Zəngəzur dəhlizinin açılması qaçılmazdır» söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə edir ki, hər halda bu istiqamətdə öz səylərimizi artıracağıq. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək. Region üçün böyük strateji əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi Azərbaycanı bölgənin nəqliyyat qovşaqlarının mərkəzinə çevirəcək. Digər tərəfdən, sözügedən dəhliz türk dünyası üçün “Mərkəzi Asiyaya ticarət qapısı” rolunu oynayacaq və iqtisadi əlaqələrin gücləndirilməsinə imkan verəcək. Zəngəzur dəhlizinin açılması əbədi dostluq və qardaşlıq münasibətləri davam edən Azərbaycan və Türkiyə, eləcə də Avrasiya üçün ən mükəmməl alternativ yoldur.

Azərbaycanın beynəlxalq nüfuzu, bütün sahələrdə zəngin təcrübəyə malik olması, ən əsası sülhün, təhlükəsizliyin, əməkdaşlığın tərəfdarı olması və bunu atdığı addımlarda təsdiqləməsi iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi nüfuz qazanmasında əhəmiyyətli rol oynayır. Azərbaycanın xarici siyasətinin çoxşaxəliliyi, tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi tanınması da özündə mühüm məqamları ehtiva edir. Ölkəmiz daim qlobal problemlərin həllində həmrəyliyin, birliyin gücləndirilməsini, vahid mövqeyinin ortaya qoyulmasını əsas faktor kimi diqqətə çatdırır. «Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik» fikirləri ilə Azərbaycanın birləşdirici aktor kimi möhkəmlənən mövqeyinə işıq salan dövlət başçısı İlham Əliyev, eyni zamanda.  ölkəmizin beynəlxalq münasibətlər sistemində artan mövqeyini şərtləndirən amilləri açıqlayır.

Reallıq budur ki, Azərbaycan yeni dostlar, tərəfdaşlar qazanıb. Ölkəmizin ayrı-ayrı ölkələrlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri yüksələn xətlə inkişaf edir. Ölkəmizin gündəmə gətirdiyi hər biri layihə beynəlxalq dəstək qazanıb. Beynəlxalq birliyin fəal üzvü kimi Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir. Daim çıxışlarında «Bizim üçün isə coğrafiya fürsət deməkdir. Əsrlər boyu birgə yaşayış və tərəfdaşlıq tarixinə malik qonşularımız ilə yaxşı münasibətlər sayəsində biz coğrafi yerləşməmizi müsbət ssenariyə çevirə bilmişik. Bu gün biz üfüqlərimizi genişləndiririk» söyləyən cənab İlham Əliyev bildirir ki, qitələrarası körpü olmağımız cəmiyyətimizin inkişafında mühüm rol oynayır. Azərbaycan əsrlər boyu çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyətə malik olub. Otuz ildən artıq müstəqillik dövründə həyat tərzimizin bu faktorunu gücləndirmişik. Müxtəlif xalqların, millətlərin nümayəndələri ölkəmizdə bir ailə kimi yaşayır və bir sıra beynəlxalq təşkilatlar bunu qeyd edir. BMT Azərbaycanın multikulturalizmin təşviqi sahəsindəki səylərini tam dəstəkləyir. Ölkəmizin təşəbbüsü ilə mütəmadi olaraq keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif sivilizasiyaların nümayəndələri arasında təmasların daha nəticəyönümlü olması üçün unikal platformadır.

Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, mövqeyinin möhkəmləndirilməsinə yönələn addımların miqyası genişliyi ilə diqqətdədir. Ölkəmizin ev sahibliyi etdiyi tədbirlər əməkdaşlığın coğrafiyasının nə qədər geniş olduğunu təsdiqləməklə yanaşı, Azərbaycanın hər bir sahədə zəngin təcrübəyə malik olmasını nümayiş etdirir. Qalib Azərbaycanın bundan sonra daha da möhtəşəm tədbirlərə ev sahibliyi edəcəyi, müxtəlif qurumlara üzv qəbul olunacağı, eyni zamanda, fəxri qonaq qismində qatılacağı şəksizdir.  Dövlət başçısı İlham Əliyev bu günlərdə «Yeni dünya nizamına doğru» mövzusunda keçirilən  beynəlxalq forumda bir daha diqqəti COP29-un nəticələrinə yönəldərək bildirdi ki, biz Qlobal Cənubla Qlobal Şimal arasında körpülərin qurulmasında mühüm rol oynadıq. Bu, bizim qarşımıza qoyduğumuz mühüm tapşırıqlardan biri idi. COVID-lə apardığımız mübarizə, COP-a ev sahibliyi etməyimiz, beləliklə, Afrika ölkələri ilə ikitərəfli təmaslar  gündəliyimizi aydın şəkildə nümayiş etdirir. Biz bir çox Afrika ölkəsində səylərimizə çox müsbət reaksiya müşahidə edirik.  Afrika ölkələri ilə daha güclü əlaqələr qurulması istiqamətində xarici siyasətimiz artıq  müəyyən edilib və təsdiqlənib.  Bu mərhələdə biz daha fəal olmalıyıq.

Cənab İlham Əliyev sözügedən forumda bu məqamı da xüsusi qeyd etdi ki, bu gün  avropalılara Mərkəzi Asiya ilə əlaqə qurmağa kömək edən müxtəlif imkanları yaratmışıq. Gürcüstanın dəniz limanları, Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycanın Ələt Limanı, Xəzər daşımaları,  bütün bunlar nəqliyyat sahəsi üçün əhəmiyyətlidir. Bütün bunlar haqqında danışılmır, bu layihələrə nə qədər vəsait yatırdığımız gözardı edilir. Yalnız Türkiyə və Ermənistan, Ermənistan və Azərbaycan arasında sərhədlərin açılması haqqında danışılır. Bunun Avropaya nə aidiyyəti var? Bu, onların işi deyil. Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan münasibətlərində Avropa İttifaqı bu işlərdən nə qədər uzaq dursa, bir o qədər yaxşıdır.

Yeganə Əliyeva, «İki sahil»