18 aprel 2025 20:32
1121

Uğurumu qəbul imtahanında da təkrarlamaq istəyirəm - 700 bala namizəd

Məlum olduğu kimi, tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 9-da keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 20 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.Mövzunun aktuallığını nəzərə alaraq  buraxılış imtahanlarında maksimum nəticə göstərən Bakının Suraxanı rayonundakı 89 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Aişə Bağırova ilə həmsöhbət olduq. Müsahibimiz həm sevincindən, həm uğurunun sirrindən, həm də gələcək hədəflərindən söz açdı, məktəblə bağlı xatirələrini bölüşdü, abituriyentlərə tövsiyə verməyi də unutmadı…

- Əvvəla, sizi buraxılış imtahınında uğur qazanmağınız münasibətilə təbrik edirik. Aişəni oxucularımıza necə tanıdardınız?

- Kiçik yaşlarımdan etibarən dərslərimə xüsusi diqqət ayırmağa çalışmışam. Mənim üçün uğurlu nəticə əldə etmək vacib nüanslardan biri olub. Məktəbdaxili tədbirlərdə,bir sıra müsabiqələrdə iştirak etmişəm. Bu tədbirlər məni müxtəlif cəhətlərdən formalaşdıran vacib faktorlar olub. Mənim üçün ən maraqlı fəaliyyət kitab oxumaqdır. Dünya ədəbiyyatının görkəmli ədiblərin əsərlərini oxumağa və bu əsərləri təhlil etməyə, eləcə də sevdiyim sənətçilərin ifalarını dinləməyə həvəslə yanaşıram.

- Buraxılış imtahanında yüksək nəticə göstərəcəyinizə  inanırdınızmı? Xoş xəbəri biləndə hansı hissləri keçirdiniz? Həmin anın təəssüratlarını bizimlə bölüşməyinizi istərdik.

- Müəllimlərimin ,valideynlərimin və dostlarımın inamı və dəstəyi sayəsində bu nəticə gözlənilən idi. Ancaq etiraf etmək lazımdır ki, bu nəticəni əldə etmək mənim üçün ciddi sevinc mənbəyi oldu. Nəticəmi yoxlayarkən həyəcandan əllərim əsirdi, maksimum balı gördükdə isə göz yaşlarıma hakim ola bilmədim. Bu, mənim üçün həyatımdakı ən fərqli və dəyərli anlardan biri idi. İmtahan nəticələrinin elan edilməsi barədə mənə ilk məlumatı verən dostlarımdan biri ilə ilk sevincimi bölüşdüm. Daha sonra isə atamı bu barədə xəbərdar etdim. Təbii ki, bu xoş xəbər onun böyük sevinc hissi yaşamasına vəsilə oldu. Məni təbrik edən,sevincimə şərik olan,öz diqqətini əskik etməyən hər kəsə dərin minnətdarlığımı bildirirəm. Bu dəyər mənim üçün əvəzedilməzdir. Ən böyük təşəkkür isə müəllimlərimə və valideynlərimə düşür. Onların dəstəyi,qayğısı danılmazdır. 

- Sizcə, uğura aparan yolu necə addımlamaq lazımdır?

- Uğurlu olmaq üçün bilik və diqqətin vəhdətini qurmaq çox vacibdir. Dərslərə və bu dərsləri tədris edən müəllimlərə sevgi ilə yanaşmaq, öyrədilənlərə istəkli və həvəsli tərzdə yanaşmaq məncə uğura aparan amillərdir. Mənim uğurumun memarı müəllimlərimin dərin elmi, böyük dəstəyi və valideynlərimin mənə olan sonsuz inamıdır. Dərslərə həvəslə yanaşmaq və müəllimlərin öyrətdiklərini diqqətlə oxumaq, yorulmadan, motivasiyanı itirmədən çalışmağa davam etmək onlara uğur gətirəcək. Bu yolda çox çalışmaqdan daha vacib məqam məqsədli çalışmaqdır.

- Hansı ixtisas qrupu üzrə qəbul imtahanına hazırlaşırsınız?  Hansı ali məktəbdə ali təhsil  almaq istərdiniz? Gələcəkdə hansı peşə sahibi olmaq arzusundasınız və niyə?

- Qəbul imtahanına IV ixtisas qrupu üzrə hazırlaşıram, tibb ixtisasını seçməyi və Azərbaycan Tibb Universitetində oxumağı hədəfləyirəm. Gələcəkdə cərrahiyyə üzrə ixtisaslaşmaq istəyirəm. Bunun səbəbləri çoxsaylıdır. Əvvəla, mən insanlarla emosional bağ qurmağa , insanlara faydası toxunacaq işlər görməyə xüsusi diqqət edirəm. Gələcəkdə hər hansı bir insanın sevdiyi insanı-atasını, anasını, övladını, dostunu həyata qaytarmaq və onlara yenidən bir-birini sevmək,dəyər vermək kimi şanslar vermək məni ciddi motivasiya edir. Bununla yanaşı, mən yenilikçi layihələrlə çıxış etmək və öz sahəsinin həm peşəkar, həm vicdanlı nümayəndəsi kimi tanınmağı arzu edirəm.

- Qarşıdan qəbul imtahanları gəlir. Bu imtahanda da maksimum nəticə göstərəcəyinizə inanırsınızmı?

- Qəbul imtahanlarında da buraxılış imtahanında qazandığım uğuru  təkrarlamaq istəyirəm. Bu imtahanda da maksimum nəticə göstərmək mənim üçün reallamasını gözlədiyim ən böyük arzumdur. Həmçinin daha yaxşı və  daha ixtisaslı kadr olmaq üçün xarici universitetlərdə təhsil almaq istəyirəm. 

- Aişə, icazənlə bir az imtahanla bağlı atmosferdən uzaqlaşaq. 11 illik məktəb həyatından söz açaq. Sizcə, Aişə necə şagirddir?   

- Məncə, müəllimlərimin sevgisini qazanan bir şagirdəm. Məktəbdə əla qiymətlərlə oxumuşam. Bütün fənlərə xüsusi sevgim var. Çünki hər birini tədris edən müəllim mənə öz fənnini sevdirib. Lakin ən maraqla yanaşdığım fənn riyaziyyat olub. Mənim üçün riyaziyyat terapiya kimi olmuşdur. Musiqi səsləri ilə riyazi misalları təhlil etmək,düşünmək məni çox xoşbəxt edir.

- Məktəb müəllimlərinizdən söz açmağınızı istərdik…

- Müəllimlərim haqqında nə qədər danışsam azdır. Hər biri həm zəngin bilik, həm böyük məsuliyyət sahibi olub. Onların bu elmi, məsuliyyəti və sonsuz sevgisi mənə həmişə stimul verib. Hər müəllim mənim üçün fərqli yerə malikdir,hər biri zehnimdə, hafizəmdə xoş izlər buraxıb. Düşünürəm ki,onlar üçün mən də belə xüsusi yerə malikəm.

- Müəllimləriniz və valideynləriniz hər zaman sizə nəyi tövsiyə edirlər?

- Müəllimlərim və  valideymlərim mənə suallarda diqqətli olmağı, tələskənliyə yol verməməyi, sualları götür-qoy etməyi ciddi tapşırıblar. Bu, mənə kömək olub. Bununla yanaşı, motivasiyamı itirməməyim, inamımı qoruyub saxlamağım üçün daim mənə dəstək veriblər.

- Kitab oxumağa həvəsiniz varmı? Mütaliənin önəmini necə şərh edərdiniz?

- Kitab oxumaq ən sevdiyim məşğuliyyətdir. Mütaliə etmək həm dünyagörüşünü, həm  də nitq mədəniyyətini formalaşdırır. Bunlardan da vacib bir məqamı vurğulamaq olar. Çoxlu kitab oxumaq yüzilliklər boyu yaşamış,tarixin sınağından çıxmış insanların həyatını, həyat fəlsəfəsini, düşüncələrini, ideallarını anlamağa kömək edir. Yaxşı yazılmış bir kitabı oxumaq bizə dünyanı yenidən sorğulamaq, dəyişən dünya hadisələrini dərk etmək şansını təqdim edir. Kitab oxuduqca sanki yeni dünyalara açılan pəncərələrə, qapılara daxil olursan. Bir müddət keçdikdən sonra mütaliədə keçirilən saatlar günün ən xoş ,anlamlı saatlarına çevrilir.

- Oxuduğunuz ən sonuncu kitab nə olub? Ümumiyyətlə, indiyə qədər oxuduğunuz kitablardan ən çox hansı kitab və niyə sizi təsirləndirib?

- Oxuduğum ən son kitab Stefan Zweigin  "Bilinməyən bir qadının məktubu" olub . Bu kitabı az müddət öncə doğum günümdə ən dəyərli dostlarımdan biri mənə hədiyyə edib. Onun kitab oxumağa duyduğum həvəsi bilməsi belə incə hədiyyə verməsinə səbəb olub. Bununla yanaşı, oxuduğum kitablar arasında Fyodor Dostoyevski yaradıcılığından "Cinayət və cəza", Sabahattin Ali yaradıcılığından "Kürk Mantolu Madonna" məni  çox təsirləndirib. Çünki hər biri dərin fəlsəfi fikirləri əks etdirir. İnsan həyatında baş verən prosesləri bizə ən xırda detalları ilə izah edir. Həmçinin bu əsərlər insan psixologiyasındakı fərqləri ,oxşarlıqları bizə aşkar edir. Hər kəsə bu kitablarla tanış olmağı məsləhət görərdim. Eləcə də "Paris Notr-Dam kilsəsi", "Səfillər","Qoca və dəniz" oxumağa dəyər qiymətli əsərlərdir.

- Bəzi valideynlər imtahan nəticəsi aşağı olduğu zaman  uşaqlarına  psixoloji təsir edirlər. Valideynlərin övladlarına bu cür təsir etməyə çalışmasına sizin münasibətiniz necədir? Doğrudanmı, imtahan bu qədər  önəmlidir

- Hər bir valideyn bunu dərk etməlidir ki,dünyanın ən gözəl neməti onların övladıdır. Övladın varlığını, dəyərini heç bir sevgi, sevinc əvəz edə bilməz. Doğrudur ki,yüksək nəticə ailəmizə sevinc və fəxr gətirir. Ancaq imtahan, yüksək nəticə hər şey deyil. Gələcəyimizin gözəlliyini təmin edən çalışqanlıqdır, davamlılıqdır,istəklilikdir. Əsla ruhdan düşmək olmaz. Bu məqamda bu gözəl deyimi xatırlamaq yerinə düşür. Yıxılmısansa yox, yıxıldıqdan sonra ayağa qalxmırsansa, məğlubsan.Valideynlər uşaqlarını imtahana görə qınamasınlar, əksinə dəstək olsunlar, öz məhəbbətlərini hiss etdirsinlər. Uşaqlar əmin olsunlar ki, istənilən şərtdə onlara dayaq duracaq, yön göstərəcək, məhəbbətini bölüşəcək valideynləri var. Bu güvən, bu bağlılıq hər şeyə dəyər.

- Qarşıda sizi çətin qəbul imtahanı gözləyir. Abituriyentlərə tövsiyə və arzularını eşitmək istərdik.

- Qarşıdakı imtahan daha çətin olacaq. Mən də başda olmaqla hər birimiz daha diqqətli və çalışqan olmalıyıq. Dərslərin istisna təşkil edən məqamlarını daha dərindən mənimsəməyə səy göstərməliyik. Fərqli test vəsaitlərinə müraciət etmək faydalı ola bilər. Gələcək imtahanlarda bütün abituriyentlərə uğur arzu edirəm.

“İki sahil” olaraq Aişənin timsalında buraxılış imtahınında yüksək nəticə göstərən abituriyentləri təbrik edir, bundan sonrakı təhsil pillələrində onlara uğurlar arzulayırıq!

Yaqut Ağaşahqızı,
Vüsal Cahanov (foto)
“İki sahil”