28 iyul 2026 23:37
152

Repressiya qurbanı: Köylü qızı Gülarə

Azərbaycan mətbuat tarixindən danışarkən adı xüsusi ehtiramla çəkilən simalardan biri də “Köylü qızı Gülarə” təxəllüsü ilə tanınan jurnalist, publisist və redaktor Gülarə Qədirbəyovadır. XX əsrin birinci yarsında qadınların maariflənməsi üçün bütün varlığı ilə çalışan bir xanım olmuşdur. Onun həyat yolu bir tərəfdən Azərbaycan qadın jurnalistikasının yüksəlişini, digər tərəfdən isə Stalin repressiyalarının ziyalılarımıza vurduğu ağır zərbəni özündə əks etdirir. O, 1903cü ildə Nuxa qəzasının Baş Göynük kəndində anadan olub. Gülarə Qədirbəyova pedaqoji təhsil aldıqdan sonra müəllimlik fəaliyyətinə başlayıb. Kənd məktəbində işlədiyi illərdə qızların təhsildən uzaq düşməsinin səbəblərini yaxından müşahidə etmiş, məhz bu təcrübə sonralar onun publisistikasının əsas ideya xəttinin bir hissəsini formalaşdırmışdır.

Müəllimlikdən jurnalistikaya keçən Gülarə Qədirbəyova qısa müddətdə qadın hərəkatının fəal təşkilatçılarından birinə çevrilmişdir. Şəki, Quba və Bakı şəhərlərində qadınlar şöbələrinə rəhbərlik etmiş, 1927-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Qadınlar şöbəsinin müdiri vəzifəsinə yüksəlmişdir. Bu, ona  Azərbaycanın müxtəlif bölgələrində qadınların sosial vəziyyətini yaxından öyrənmək imkanı vermişdi. Gülarə Qədirbəyovanın yaradıcılığı ən çox “Şərq qadını” jurnalı ilə bağlıdır. Jurnalı nəşrə başlayandan etibarən onun fəal müxbirlərindən biri olmuş, sonralar redaktoru kimi fəaliyyət göstərmişdir. Müəllifin apardığı arxiv araşdırmaları nəticəsində ilk dəfə  bu məlumat mətbuata daxil edilir: Belə ki, araşdırmaya əsasən, Gülarə Qədirbəyova “Şərq qadını” jurnalına 1931-ci ilin 7-8-ci sayından başlayaraq redaktorluq etmişdir. Jurnalın həmin sayında “Məsul müdirə: Köylü qızı Gülarə” olaraq qeyd edilib. Jurnalın bundan öncəki, yəni 1931-ci ilin mart ayına aid olan 6-cı sayı “Məsul müdirə: Ayna Sultanova” imzası ilə çap edilmişdir. Bu da onu göstərir ki, Ayna Sultanova 1929-cu ilə qədər deyil, 1931-ci ilin may ayına qədər məsul müdirə olmuş və  həmin ilin may ayından Gülarə xanım jurnalın redaktoru (məsul müdirəsi) kimi fəaliyyətə başlayıb.

“Şərq qadını” jurnalının 1936-cı ildə çıxan 19-20ci sayından-1937ci ildə çıxan 5-6cı sayı Gülarə Qədirbəyova, həmin ildə çıxan 7, 8 və  9-cu say isə Qədirbəyova imzası ilə çap edilib. Artıq jurnalın onuncu sayında imza redaksiya heyətinə aiddir.

Gülarə Qədirbəyovanın publisistik fəaliyyəti qadınların təhsili, hüquqları, əmək fəaliyyəti, ailə münasibətləri, uşaq tərbiyəsi və mədəni inkişafı kimi dövrün ən aktual ictimai məsələlərini əhatə edirdi.“Şərq qadını” həmin dövrdə sadəcə nəşr edilən bir jurnal deyildi. O, Azərbaycan qadınının düşüncəsini oyadan, milli maarifçilik ideyalarını təbliğ edən və yeni nəslin formalaşmasına xidmət edən əsl fikir tribunası idi. Jurnalın səhifələrində Hüseyn Cavid, Abdulla Şaiq, Məmməd Səid Ordubadi, Mikayıl Müşfiq, Süleyman Sani Axundov, Yusif Vəzir Çəmənzəminli, Həsən Nəzərli, Mirvarid Dilbazi, Nigar Rəfibəyli kimi görkəmli ziyalıların əsərləri dərc olunur, eyni zamanda, Azərbaycan qadın publisistikasının yeni simaları yetişirdi.

“Şərq qadını” cəmiyyətin yalnız nəbzini tutmur, həm də onun gələcəyini formalaşdıran ideya və düşüncələrin carçısına çevrilirdi. Belə bir mühitdə fəaliyyət göstərən Gülarə Qədirbəyovanın publisistikası qadın azadlığı, savadsızlığın aradan qaldırılması, qızların təhsilə cəlb edilməsi, qadın klublarının fəaliyyəti və ziyalıların ictimai məsuliyyəti, inkişaf kimi dövr üçün taleyüklü məsələləri əhatə edirdi. Onun məqalələri mövcud gerçəkliyin sadə təsviri ilə kifayətlənmir, oxucunu düşünməyə, öz mövqeyini müəyyənləşdirməyə, cəmiyyət qarşısındakı məsuliyyətini dərk etməyə və tərəqqiyə səsləyirdi. Məhz bu xüsusiyyət Gülarə Qədirbəyovanı Azərbaycan publisistikasında maarifçi jurnalistika ənənəsinin görkəmli nümayəndələrindən birinə çevirmişdir. Onun publisistikası informasiya verməklə kifayətlənmir, maarifçiliyi ictimai tərəqqinin əsas şərti kimi təqdim edirdi. 1930–1937-ci illərdə Əli Bayramov adına Mərkəzi Qadınlar Klubuna rəhbərlik edən Gülarə Qədirbəyova qadınların savadlanması, peşə hazırlığı və mədəni inkişafı istiqamətində geniş və məqsədyönlü fəaliyyət göstərmişdir. Onun rəhbərliyi dövründə klub qadınların ictimai həyata daha fəal qoşulmasına xidmət edən mühüm maarifçilik mərkəzlərindən birinə çevrilmişdi. Klubun fəaliyyəti də “Şərq qadını” jurnalının səhifələrində müntəzəm işıqlandırılırdı.

1930-cu illərin sonlarında ölkəni bürüyən repressiya dalğası Gülarə Qədirbəyovadan da yan keçmədi. Onun maarifçilik fəaliyyəti, milli ədəbi mühitin nümayəndələri ilə yaradıcılıq əlaqələri və redaktəsi ilə nəşr olunan əsərlər siyasi şübhə predmeti kimi təqdim edildi. 1936-cı ildə Əli Bayramov adına Mərkəzi Qadınlar Klubunun 15 illiyi münasibətilə “Bir sarayın tarixi” kitabı nəşr olundu. Gülarə Qədirbəyovanın redaktəsi ilə hazırlanan bu nəşr sonradan sovet tənqidində “millətçilik ruhunda yazılmış əsər” kimi qiymətləndirildi. İstintaq zamanı kitabın hazırlanmasında Qurban Musayev və Əhməd Cavadın iştirak etməsi də onun əleyhinə istifadə olundu. Şahid ifadələrində əvvəlcə kitabın tərtibinin Qurban Musayevə, daha sonra isə Əhməd Cavada həvalə edildiyi iddia edilir, nəşrin ideoloji baxımdan “yararsız” vəziyyətə salındığı bildirilirdi. Lakin bunlar istintaqın və repressiya dövrünün siyasi terminologiyası ilə irəli sürülmüş iddialar idi. Bu materiallarında Gülarə Qədirbəyovanın Hüseyn Cavidlə yaxın münasibətləri də xüsusi vurğulanırdı. Bilqeyis Həşimzadənin şahid ifadəsində Hüseyn Cavidin tez-tez onun evinə gəldiyi və uzun müddət söhbət etdiyi qeyd olunurdu. Həmin materiallarda Hüseyn Cavid, Əhməd Cavad və Seyid Hüseyn kimi sonradan repressiyaya məruz qalmış ziyalılarla yaradıcılıq əlaqələri də onun əleyhinə irəli sürülən ittihamların əsas istiqamətlərindən biri kimi təqdim edilirdi.

1937-ci ildə Gülarə Qədirbəyova “Şərq qadını” jurnalının redaktorluğundan ayrıldı. Açıq arxiv mənbələrində bu dəyişikliyin səbəbi barədə dəqiq məlumata rast gəlinmir. 23 iyul 1938-ci ildə onun həbsi barədə order verildi, üç gün sonra – iyulun 26-da isə İsmayıllı rayonunun Basqal kəndində anasının dəfn mərasimində olarkən həbs edildi. Gülarə Qədirbəyova bütün dindirmələrdə özünü təqsirli bilmədiyini bildirərək irəli sürülən ittihamları qətiyyətlə rədd etdi. 1939-cu ildə SSRİ Xalq Daxili İşlər Komissarlığı yanında Xüsusi Müşavirənin qərarı ilə beş il müddətinə həbs düşərgəsinə göndərildi. Yalnız 1957-ci ildə ona tam bəraət verildi.

Gülarə Qədirbəyova Azərbaycan qadın jurnalistikasının və maarifçilik tarixinin silinməz simalarından biri kimi yadda qalmışdır. Onun ömür yolu göstərir ki, qələm bəzən təkcə cəmiyyətə işıq saçan vasitə deyil, həm də həqiqəti can bahasına müdafiə etməkdir. Bu gün “Köylü qızı Gülarə” imzası Azərbaycan mətbuat tarixində bir qadının maarifçiliyə, vətənpərvərliyə və milli əqidəyə sədaqətinin rəmzidir.

Nəcəf Nəcəfov,
BSU-nun jurnalistika fakültəsinin tələbəsi