Avropa İttifaqının (Aİ) Ermənistandakı Mülki Müşahidə Missiyasının mandatı daha iki il müddətinə uzadılandan sonra onun fəaliyyətində “canlanma” yaranıb. Belə ki, bu missiyanın əsasən alman polislərindən və fransız jandarmeriyasının təmsilçilərindən ibarət üzvləri atəşkəsə nəzarət adı altında Ermənistanın Azərbaycanla şərti həmsərhəd ərazilərində müşahidələrini davam etdirməkdə, həmçinin foto və video çəkilişlər aparmaqdadır. Daha doğrusu, casusluq fəaliyyətini genişləndirməkdədir.
Digər tərəfdən, belə bir həssas dönəmdə mülki missiya Azərbaycanla şərti sərhəddə patrulların sayını artırmaqda davam edir. Qeyd edək ki, ilk vaxtlar missiyada 40, sonra isə 103 müşahidəçi təmsil olunub. Hazırda isə onların sayı 210 nəfəri keçib. Aİ-nin qəbul etdiyi qərara əsasən, onlar 2027-ci il fevralın 19-dək Ermənistanın sərhədyanı rayonlarında qalacaqlar. Guya bu addımla Aİ sərhədboyu ərazilərdə “potensial gərginliyi” azaltmağ”a çalışır. Halbuki, rəsmi Bakı dəfələrlə ən yüksək səviyyədə bildirib ki, Ermənistan ərazilərinə hücum etmək kimi bir planı yoxdur. Heç zaman da olmayıb. Bu məqamda bir məsələni vurğulamaq yerinə düşərdi. Belə ki, rəsmi Bakı soydaşlarımızın ata-baba yurdlarına, daha doğrusu, qədim torpağımız olan Qərbi Azərbaycana qayıtmasına cəhdlər göstərir. Amma bu, Ermənistana qarşı növbəti müharibəyə başlamaq, yaxud ərazi iddaları irəli sürmək anlamına gəlmir. Prezident İlham Əliyevin bildirdiyi kimi, biz Zəngəzura tanklarla deyil, minik maşınları ilə getmək niyyətindəyik.
Belə informasiyalar Ermənistanın və onun əli ilə bölgədə möhkəmlənmək istəyən Fransa kimi havadarlarının dezinformasiyasından başqa bir şey deyil. Ölkəmizə işğal altındakı torpaqlarımızın azad edilməsi lazım idi ki, bu missiyanı da ordumuz şərəflə yerinə yetirib.
Göründüyü kimi, Aİ, həmçinin təcavüzkar Ermənistan Cənubi Qafqazda sülhün bərqərar olunmasında maraqlı deyil. Xatırladaq ki, missiya 2023-cü ilin əvvəlindən fəaliyyət göstərsə də, indiyə qədər heç bir müsbət nəticə əldə olunmayıb. Bu həm də onu göstərir ki, “sülh”dən dəm vuran rəsmi İrəvan havadarlarına arxalanaraq yenə də destruktiv siyasət yürütməkdə, gərginlik yaratmaqda davam edir. Şübhəsiz, bu, eyni zamanda, tədricən NATO-nun missiyasına çevrilən mülki missiyanın Cənubi Qafqazda əbədi lövbər salmaq niyyətindən xəbər verir.
Yeri gəlmişkən, rəsmi bəyanatlara əsasən, bu missiyanın fəaliyyəti regionda sülhün, sabitliyin təmin olunmasına, gərginliyin azalmasına kömək etməli idi. Edirmi? Əsla yox. Etsəydi, son günlərdə Azərbaycan–Ermənistan şərti sərhədində mövqelərimizin mütəmadi atəşə məruz qalmasına reaksiya verərdi. Demək olar ki, hər gün Ermənistan tərəfindən atəşkəsin pozulmasının şahidi oluruq. Aprelin 18-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən növbəti dəfə Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutmuşlar. Aİ-nin missiyası Ermənistan ordusunun bu kimi təxribat xarakterli əməllərini susqunluqla qarşılayır. Hətta əksər hallarda bu əməllərə dəstək verir. Məsələn, bir neçə gün öncə Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri, anti-Azərbaycan mövqeyi ilə seçilən Olivye Dekoti yenə də sərhədə gəlib və mülki missiyanın təmsilçiləri ilə görüşüb. Bütün bunlar bir daha xəbər verir ki, bu avantürist missiya Ermənistanın revanş arzsusunu gerçəkləşdirməyə yardımçı olmaqda israrlıdır. Baş verən olayları dərindən analiz edəndə bir daha bu qənaətə gəlmək mümkündür ki, Aİ-nin mülki missiyası həm sülh sazişinin imzalanmasına, həm də regionda əlaqələrin bərpasına və inkişafına ən böyül əngəllərdən biridir.
Amma Ermənistan və onun havadarları unutmasınlar ki, Vətən müharibəsi, həmçinin 23 saatlıq lokal antiterror əməliyyatı zamanı xarüqələr yaradan Azərbaycan Ordusunun bölmələri hər bir təxribata cavab verməyə qadirdir.
Qvami Məhəbbətoğlu, “İki sahil”