21 aprel 2025 22:57
97

Şəhidlik zirvəsinə yüksələn Ayxan

Ayxan Cəmalləddin oğlu Cəfərovun 44 günlük haqq savaşımızda göstərdiyi qəhrəmanlıqdan Azərbaycan xalqı qürurla danışır. Əzəldən Vətənin torpağına, daşına vurulan Ayxan Cəfərov 1996-cı ilin sentyabrın 6-da Cəlilabad rayonu, Üçtəpə kəndində anadan olub. Ürəyi Vətəninə sevdalanan gənc vaxtsız bu dünyadan köçüb. Qaldı ki, o, İkinci Qarabağ müharibəsində xüsusi qəhrəmanlıq nümunəsini göstərib. İşğalçı dığalara qarşı son damla qanına qədər döyüşüb və 24 yaşında şəhadətə qovuşub. Özü bu həyatda olmasa da, adı qəhrəmanlıq salnaməsinə dönərək dillərdən düşmür.

Məktəb illərində qəlbi düşmən tapdağında olan torpaqları azad görmək istəyi ilə alışıb-yanan Ayxan Cəfərovu 2015-ci ilin iyul aynda hərbi xidmətə çağırıblar. Cəbhə bölgəsində doğma Azərbaycana keşik çəkən gənc əsgər həm də kəşfiyyatı ixtisası üzrə kurs keçib.

Ayxan yağıdan ilk qisasını 2016-ci ilin Aprel döyüşlərində alıb. Öndə getməklə onlara qan qusdurub. Ayxan kimi Vətənini canından əziz tutan qəhrəmanların misilsiz hünəri hesabına uzun illər əsir düşən Tərtərin Suqovuşan, Talış, Qazaxlar, Cəbrayılın Çocuq Mərcanlı kəndləri, Goranboyun bir kəndi, Lələ təpə yüksəkliyi, ümumilikdə 2000 hektarlıq ərazi işğaldan azad olunub. Bu qələbədən sonra Ayxan arzuladığı böyük zəfər naminə düşmənlə özündə döyüşməyə tükənməz qüvvə hiss edib.

Hərbi xidməti başa çatandan sonra Ayxan ehtiyata buraxılıb. Yağıdan alacağı növbəti öcə görə xəyalı gecə-gündüz döyüş bölgələrində dolaşıb. Nəhayət, 2020-ci ilin 27 sentyabrında cəbhədə yaranan vəziyyəti eşidən Ayxan Müdafiə Nazirliyinə kəşfiyyatçı olduğunu və döyüşlərdə iştirak etmək istədiyini yazıb. Sentyabrın 28-də yenidən hərbi xidmətə çağırılıb. Ağcabədi korpusunun könüllülər dəstəsinin tərkibində snayper kimi Füzuli bölgəsində müharibə meydanına girib. 15 oktyabra qədər min əzab-əziyyətli, ölümlü yollar keçməklə yağıdan ürəyincə qisas ala bilib. Hər döyüşdən üzüağ çıxanda bir daha Vətəninə, torpağına ürəkdən bağlanıb, sinəsi alınmaz qalaya dönüb. Ölüm-dirim savaşda şəhid olsa da, düşmənə endirdiyi sarsıdıcı zərbələri şanlı qələbəmizi yaxınlaşdrıb. Şəhadətə qovuşduğundan iki gün sonra boya-başa çatdığı Üçtəpə kəndində dəfn edilib.

Ayxan Cəfərov Azərbaycanın, eləcə dünya hərb tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsində göstərdiyi rəşadətə görə “Vətən uğrunda”, “İgid döyüşçü” və digər medallarla təltif olunub.

Bəli, Vətəni, halal torpağı uğrunda qanından keçərək şəhidlik zirvəsinə ucalmaq böyük şərəf və qürurdur. Ayxanın milyonların ürəyinə köçən ömür yolu buna gözəl nümunədir.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü