26 avqust 2026 22:36
117

Bill Qeyts süni intellektə vergi tətbiqini və insanlar üçün nəzərdə tutulan iş yerlərinin müəyyənləşdirilməsini təklif edib

Bu, texnologiya sahəsinin bu tanınmış siması üçün mövqedə nəzərəçarpacaq dəyişiklikdir. Belə ki, o, hələ ötən il bəzi mənfi cəhətlərinə baxmayaraq, süni intellektin bəşəriyyət üçün əhəmiyyətli dərəcədə müsbət töhfə verəcəyini düşünürdü.

“İki sahil” xəbər verir ki, Bill Gates çərşənbə günü süni intellektin (Sİ) yaratdığı dəyişikliklərin müşayiət olunmasının vacibliyini vurğulayıb. O, Sİ-yə vergi tətbiq edilməsini, beynəlxalq qurum yaradılmasını və insanlar üçün nəzərdə tutulan iş yerlərinin müəyyənləşdirilməsini təklif edib. “İnsanlara pis xəbərlər çatdırmağı və ya innovasiyanın ümumilikdə mənfi nəticələrə səbəb ola biləcəyini söyləməyi sevmirəm, amma gəlib çatdığımız vəziyyət budur”, - deyə 70 yaşlarında olan Qeyts New York Times qəzetinə bildirib.

Bu, texnologiya sahəsinin bu tanınmış siması üçün mövqedə nəzərəçarpacaq dəyişiklikdir. Belə ki, o, hələ ötən il bəzi mənfi cəhətlərinə baxmayaraq, Sİ-nin bəşəriyyət üçün əhəmiyyətli dərəcədə müsbət töhfə verəcəyini düşünürdü. O, texnologiyanın cəmiyyətlərimizə təsirlərini tənzimləmək üçün “dünyanın bir plana ehtiyacı olduğunu” bildirir. Qeyts bunu Sİ sahəsinin tanınmış simalarının - Dario Amodeidən (Anthropic) Mark Zukerberqə (Meta), Sem Altmandan (OpenAI) qədər - son vaxtlar yayımladığı geniş məzmunlu müraciətlərə bənzər uzun yazısında qeyd edib. Bu rəhbərlərin təkliflərinə istinad edən Bill Qeyts hesab edir ki, bu sahədə təşəbbüsü onların öz üzərinə götürməsini gözləmək lazım deyil.

İyunun ortalarında Evian şəhərində keçirilən G7 sammitində Sem Altman, Dario Amodei və ya Demis Hassabis (Google) kimi, Microsoft-un həmtəsisçisi də Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) fəaliyyətindən nümunə götürəcək Sİ-yə beynəlxalq nəzarət qurumunun yaradılmasını müdafiə edir. Bill Qeyts həmçinin Sİ-nin əmək bazarına təsirini məhdudlaşdırmaq, eləcə də bəzi peşələrin insanlarla ünsiyyət və münasibət aspektini qorumaq üçün müəyyən iş yerlərinin insanlar üçün saxlanılmasını təklif edir.

Hazırda vaxtının böyük hissəsini rəhbəri olduğu fonda həsr edən Qeyts hesab edir ki, “lazımi tədbirlər görülməsə, nəticədə bu günlə müqayisədə xeyli az iş yeri olacaq”. Milyarder bununla əlaqədar əmək gəlirlərindən əldə olunan vergi daxilolmalarının azalacağını proqnozlaşdırır və bunu kompensasiya etmək üçün Sİ tərəfindən yaradılan məzmuna, eləcə də robotlara vergi tətbiq edilməsini təklif edir. Bill Qeyts izah edir ki, vergi yalnız fiskal baxımdan deyil, həm də “avtomatlaşdırılmış əməyə doğru qaçışı bir qədər ləngidər və təlimə, eləcə də sosial müdafiənin gücləndirilməsinə vəsait toplamağa imkan verər”.