21 aprel 2025 23:39
88

Vətənə əbədi sevgi

1998-ci il yanvarın 15-i Cəlilabad rayonunun Çünzəli kəndində dünyaya göz açan Mədət Vəkil oğlu Xankişiyev orta məktəbi bitirib daha da yurduna ürəkdən bağlanıb. Qurub-yaratmaq eşqi, səmimiyyəti, saf əxlaqı, insanpərvərliyi el-obada ona böyük hörmət qazandırıb. Vətənini azad, xalqını xoşbəxt görmək isə Mədətin əsas həyat amalı olub. Heç cür Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağda və onun ətrafında erməni separatçılarının işğalçılıq siyasəti ilə barışmayıb.

Vətənini canında əziz tutan Mədət əsgərliyə yola düşəndə çox sevinib. Və cəbhə bölgəsinə düşdüyünə görə qürur duyub. Bir qayda olaraq mərdliyi, igidliyi, doğma Azərbaycana sevgisi xidmət etdiyi hıssədə dillərdən düşməyib. Həmçinin qarı düşməndən qana qan almaq fikirləri əsgər yoldaşlarını Qarabağımızın azadlığı uğrunda qalibiyyət döyüşünə səsləyib.

Fəallıq göstərdiyi hərbi təlimlərdə qazandığı savaş təcrübəsinə tam inanan Vətən sevdalısı müharibə başlayanda əsir düşən torpaqların azad olunacağı günədək erməni dığalarına qarşı döyüşəcəyinə, onlardan layiqincə qisas alacağına and içib.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Mədət Xankişiyevin arzuladığı məqam yetişıb. Haqq savaşımızın ilk günündə igid əsgər düşmənin kabusuna çevrilib. Ölüm-dirim savaşların getdiyi ən qaynar nöqtələrdən qələbə sorağı gəlib. Bacarığı, səriştəsi sayəsində yağıya ciddi itki verməklə ona qan qusdurub. Vətən torpağının hər qarışını özünə əziz bilən

Mədət Kəlbəcər, Cəbrayıl və Xocavənd rayonunun işğaldan azadlığı uğrunda gedən savaşlarda xüsusi rəşadət, şücaət və qorxmazlıq nümayiş etdirib. Son nəfəsinə qədər düşmənin qabağından geri çəkilməyib, qeyrətlə, ürəklə döyüşüb. 15.10.2020-ci ildə Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən namərd tərəfindən qəfil açılan atəş nəticəsində aldığı güllə yarasından “Vətən” deyib əbədi olaraq gözlərini yumub.

Onu da bildirək ki, dövlət tərəfindən layiq olduğu “Rəşadət” və “Azərbaycan Bayrağı ordenləri, “İgidliyə görə”, “Vətən uğrunda”, “Vətən müharibəsi iştirakçısı”, eləcə digər medalları Mədət Xankişiyevin 44 gün davam edən, Azərbaycanın hərb tarixinin parlaq səhifəsinə dönən Qarabağ müharibəsində göstərdiyi misilsiz şücaətin təsdiqidir.

22 yaşında tarix yazan Mədət Xankişiyev indi cismən aramızda olmasa da, xalqın baş tacı kimi ürəklərdə yaşayır.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü