19 aprel 2025 11:57
130

Filippində avtomobil dini mərasim iştirakçılarını vurub, ölənlər var

Filippinin Bakolod şəhərində avtomobilin dini mərsimdən qayıdan insanları vurması nəticəsində 2 nəfər ölüb, 9 nəfər yaralanıb.

“İki sahil” “Sinhua” agentliyinə istinadən xəbər verir ki, insident aprelin 18-də yerli vaxtla saat 19:30 radələrində, insanların Ehtiraslı Cümə gününə həsr olunmuş yürüşdən kilsəyə qayıtdığı zaman baş verib.

Polisin məlumatına görə, bir nəfər hadisə yerində, o biri isə xəstəxanada ölüb.

İlkin məlumatlara görə, içərisində sürücü də daxil olmaqla 5 Hindistan vətəndaşının olduğu avtomobil üçtəkərli velosipedə, polis patrul maşınına və tədbirə toplaşan dindarlara çırpılıb.

Sürücü saxlanılıb, o, avtomobili sərxoş vəziyyətdə idarə etməkdə şübhəli bilinir.

Ehtiraslı Cümə xristianların Allaha xoş gedən qulluqlar və yürüşlər etdiyi matəm və dua günüdür.