18 aprel 2025 14:14
152

Uitkoff İranla danışıqlardan əvvəl İsrail kəşfiyyatının rəhbəri ilə görüşəcək

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff aprelin 18-də Parisdə İranla danışıqlardan əvvəl İsrail kəşfiyyatı "Mossad"ın rəhbəri David Barnea və İsrailin strateji planlaşdırma naziri Ron Dermer ilə görüşəcək.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə “Axios” İsraildəki mənbələrə istinadən məlumat yayıb.

Əlavə təfərrüatlar verilməyib.

Daha əvvəl İsrail Baş naziri Benyamin Netanyahunun dəftərxanası bəyan edib ki, İsrail İranın nüvə silahına sahib olmasına imkan verməyəcək. Məlumatda qeyd olunub ki, Netanyahu "saysız-hesabsız açıq və gizli əməliyyatlara rəhbərlik edib" və bunun sayəsində İran bu günə qədər nüvə potensialına sahib deyil.

Romada aprelin 19-da İranla ABŞ arasında Tehranın nüvə proqramı ətrafında fikir ayrılıqlarının həllinə həsr olunmuş danışıqların ikinci raundu keçiriləcək. Ötən həftə Maskatda (Oman) ABŞ və İran nümayəndələri arasında Oman vasitəçiliyi ilə İslam Respublikasının nüvə proqramı ətrafında vəziyyətin tənzimlənməsi üzrə birbaşa olmayan danışıqlar keçirilib.